Məhkəmə qərarları › İş №e-2(010)-840/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-840/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-840/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-1108 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi və 32200 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-1108 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə verilmiş 32200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 ilə Cavabdeh arasında 3M- 1108 nömrəli, xx.xx.2022-ci il tarixində Kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsinə əsasən 32200 manat məbləğində borc verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Borc alan götürdüyü borcu hər ay 1006.25 manat olmaqla 32 ay müdətinə yəni xx.xx.2025-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan bu günə kimi kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Öhdəliyə əməl edilmədiyindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona maddi ziyan da dəymişdir.

Tərəflərin izahatları.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə məhkəməyə vəsatət verərək, məhkəmə baxışında iştirakının mümkün olmadığını və məhkəmə baxışının iştirakı olmadan keçirilib, qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan kreditlə 32200 manat məbləğində pul vəsaiti götürməmiş, yalnız telefon aksesuarları almışdır. Notariat ofisdə isə iddiaçıya inandığından müqavilənin şərtlərini oxumadan müqaviləyə imza çəkmişdir. O, banka gedərək pulun alınması ilə bağlı heç bir əməliyyat etməmişdir. İddiaçı ilə mübahisənin məhkəmədən kənar həll olunması üçün danışıq aparmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

6. xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit Müqaviləsinin surətindən müəyyən olunur ki, (Borc verən) İddiaçı 32200 manat pul vəsaitini (Borcalan) Cavabdeh vermişdir. “Borcalan” krediti 32 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək “Borc verənə” hər ay 1006,25 manat olmaqla, tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür.

7. Azərbaycan Respublikası Kredit Bürosundan çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh aktiv öhdəliyi müəyyən edilməmişdir. 8.xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Bank Respublika Açıq Səhmdar Cəmiyyətində olan notariat ofisinin depozit hesabına 32200 manat mədaxil olunmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 1579 nömrəli "xxxx" ASC-nin Sumqayıt Şöbəsinə ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan X1 tərəfindən notariat qaydasında təsdiq ediləcək borc müqaviləsi üzrə ödənilməli olan 32200 manat pul məbləği, müvafiq müqavilə təsdiq olunduqdan sonra ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün Bankda olan AZ92BRES41040AZ**********002 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan Pretenziya məktubundan görünür ki, aralarında bağlanmış müqavilənin ləğv edilməsinə 10 gün müddətində razılığı bildirməklə, 32200 manat pulun qaytarılmasını xahiş etmişdir.

İşin faktiki halları.

11. xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında notariat qaydasında Borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən (Borc verən) İddiaçı 32200 manat pul vəsaitini (Borcalan) Cavabdeh vermişdir. “Borcalan” krediti 32 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək “Borc verənə” hər ay 1006,25 manat olmaqla, tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc məbləğinin mövcud olması notariat orqan tərəfindən tərtib olunmuş Borc müqaviləsi ilə təsdiq olunur.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

16. İşin hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında notariat qaydasında Borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən (Borc verən) İddiaçı 32200 manat pul vəsaitini (Borcalan) Cavabdeh vermişdir. “Borcalan” krediti 32 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək “Borc verənə” hər ay 1006,25 manat olmaqla, tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür.

17. İddiaçı tərəf kredit müqaviləsini və ona əlavə olunmuş sənədləri təqdim edərək tərəflər arasında real olaraq borc müqaviləsi bağlandığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

19. Məhkəmə hesab edir ki, hazırkı halda həmin borcun iddiaçıya qaytarılması barədə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehlə onun arasında notariat orqanda bağlanmış borc müqaviləsi təqdim etmişdir. Cavabdeh tərəf isə müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, həmin müqaviləni mübahisələndirməmişdir. Həmçinin cavabdeh tərəflər arasında real olaraq borc müqaviləsinin bağlanmadığını, iddiaçıdan yalnız telefon aksesuarları aldığını mışdır. iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Əksinə notariat işində olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Bank Respublika Açıq Səhmdar Cəmiyyətində olan notariat ofisinin depozit hesabına 32200 manat mədaxil olunmuşdur.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 186,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 186,60 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 32200 manat pul vəsaiti və 186,60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 32200 (otuz iki min iki yüz) manat borc pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 186,60 (yüz səksən altı manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar