Məhkəmə qərarları › İş №e-2(010)-845/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-845/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-845/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsi üzrə - 2834,10 manat əsas borc, 289,32 manat faiz borcu olmaqla, cəmi 3123,42 manat, ödənilmiş 51,23 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı "xxxx" ASC Bank tərəfindən 2020-ci ildə cavabdehin oğlu X2 48 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Onlarda olan məlumata və cavabdehin təqdim etdiyi ölüm haqqında şəhadətnaməyə əsasən X.Heydərov 2021-ci ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra ödənişlər edilməmişdir. Bundan sonra vərəsəlik işi açıldığı müəyyən olunmuş və notariat ofisinə sorğu verildikdə Cavabdeh vərəsə olduğu müəyyən olunmuşdur. Şəxs vəfat etdiyi üçün vəfat etdiyi tarixə hesablanmış faiz borcu dondurulub, eyni məbləğdə qalıb. Hazırda kredit müqaviləsi üzrə 2834,10 manat əsas borc, 289.32 manat faiz borcu olmaqla, cəmi 3123,42 manat borc mövcuddur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, oğlu bankdan pul götürsə də, onun bu işdən xəbəri olmamışdır. Keçən ilin fevral ayında ona bankdan məktub göndərilmiş və o da bu məktub əsasında banka getmişdir. Ona 2800 manat və 400 manat olmaqla, 2 borcu olduğu bildirilmişdir. Ona oğlunun dəfninə görə pul verilmiş və başqa heç bir miras qalmamışdır.

İş materialları.

5. xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir.

6. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən X1 hesabına 2362 manat məbləğində pul köçürülmüşdür.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 210457 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 avqust 2021-ci il tarixdə 967 nömrə ilə qeyd edilmişdir.

8. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi atası Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2022-ci il tarixli **********9 saylı məktubuna əsasən orta aylıq əmək haqqının 3 misli 750 (yeddi yüz əlli) manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə son haqq-hesabı 81.56 (səksən bir manat 56 qəpik) manat olmaqla, ümumilikdə 831,56 (səkkiz yüz otuz bir manat 56 qəpik) manat məbləğində pul vəsaitindən ibarətdir.

9. xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən 2834,10 manat əsas; 289,32 manat faiz, cəmi 3123,42 manat borcu yaranmışdır.

11. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 51,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

12. İddiaçı "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin bağlanması, X1 ölməsi və borcun mərhumunun vərəsəsi Cavabdeh tələb olunması işin mübahisəsiz halıdır.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

14. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini vermiş, krediti alan şəxs isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhumun vərəsəsindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi X1 vərəsəsi olan Cavabdeh mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur.

18. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-718/2023 nömrəli iş üzrə qəbul etdiyi 21 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsi üzrə - 500 manat əsas borc, 146,17 manat faiz borcu olmaqla, cəmi 646,17 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən 500 manat əsas, 146,17 manat faiz olmaqla, cəmi 646,17 (altı yüz qırx altı manat on yeddi qəpik) manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

20. Qanunun mənasına görə, vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırki iş üzrə cavabdehə çatmış miras əmlak 831,56 manat puldan ibarət olmuş, qeyd olunan qətnamə əsasında isə cavabdehdən mərhum oğlunun vərəsəsi kimi 646,17 manat pulun tutulması qət edilmişdir. Odur ki, iddia tələbi geri qalan həcmdə, yəni 185,39 (831,56 manat – 646,17 manat=185,39 manat) manat həddə təmin olunmalıdır.

21. Mülki Məcəllənin 1307-ci maddəsi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini vərəsənin üzərinə qoyur. Baxılan iş üzrə iddiaçı tərəfindən məhkəməyə miras əmlakın cəmi 831,56 manat olduğunu təsdiq edən, notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur və qeyd olunan hal cavabdeh tərəfindən etiraf edilmişdir. Göründüyü kimi cavabdeh həmin sənəd əsasında miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmişdir və ona görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır.

22. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edildiyi halda vərəsənin üzərinə, həmçinin miras qoyanın digər əmlakının olmadığını təsdiq edən əlavə sübutlar təqdim etmək vəzifəsi qoyula bilməz. Çünki “Notariat haqqında” Qanunun 59-cu maddəsinə müvafiq olaraq notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras əmlakın tərkibini və olduğu yeri yoxlamağa borcludur. Bu baxımdan qanun üzrə vərəsəlik hüququ haqqında qüvvədə olan şəhadətnamə iddiaçı (miras qoyanın kreditoru) tərəfindən əksi sübut edilməyənədək miras əmlakın tərkibinin və olduğu yerin yoxlanıldığı barədə prezumpsiyanı ehtiva edir. Məhkəmə xərcləri.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,05 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 48,18 manat hissəsi iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən 185,39 manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən 185,39 (bir yüz səksən beş manat otuz doqquz qəpik) manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,05 (üç manat beş qəpik) manat məbləğində pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 48,18 (qırx səkkiz manat on səkkiz qəpik) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar