Məhkəmə qərarları › İş №e-2(010)-854/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-854/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-854/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 4082,04 manat olan İMEİ KODU **********87116 İPHONE 13 PRO MAX markalı telefon almışdır.

2. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ KODU **********87116 İPHONE 13 PRO MAX markalı telefon təhvil alınmışdır.

3. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ KODU **********87116 İPHONE 13 PRO MAX markalı telefon üçün cavabdehin 2147,04 manat ödənilməmiş hissə, 612 manat dəbbə borcu yaranmışdır.

4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 4583,34 manat olan İMEİ KODU **********06387 İPHONE 13 PRO MAX markalı telefon almışdır.

5. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ KODU **********06387 İPHONE 13 PRO MAX markalı telefon təhvil alınmışdır.

6. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ KODU **********06387 İPHONE 13 PRO MAX markalı telefon üçün cavabdehin 3368,34 manat ödənilməmiş hissə, 686,62 manat dəbbə borcu yaranmışdır.

7. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 88,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli müqavilələrin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.

İddia tələbi

10. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06387 İphone 13 Pro Max markal telefon üçün 3368,34 manat ödənilməmiş hissə, 686.62 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87116 İphone 13 Pro Max markalı telefon üçün 2147,04 manat ödənilməmiş hissə, 612 manat dəbbə borcu, ümumilikdə 6814 manat borc, 88,14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İMEİ KODU **********06387 İphone 13 Pro Max markal telefon, İMEİ kodu **********87116 İphone 13 Pro Max markalı telefon almış və nəticədə 6814 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3150 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

12. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı MMC-dən 2 ədəd İphone markalı telefon kredit götürmüş və həmin vaxt işlədiyi üçün ödənişlərini etmişdir. Sonralar işdən çıxmış və bir müddət ödəməyə davam edə bilsə də, artıq ödənişlər edə bilmir. Hazırda işləmir, 2 övladı var, ailənin dolanışığını güclə təmin edir. Sadəcə aylıq ödənişin aşağı salınmasını və həmin məbləğ əsasında ödəniş etməyi üçün şərait yaradılmasını məhkəmədən xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməs 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alğı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq hər iki müqavilə üzrə 20 manat müəyyən edilməlidir. Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,85 məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 16,29 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2147,04 manat ödənilməmiş hissə, 20 manat dəbbə borcu, cəmi 2167,04 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3368,34 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 3388,34 manat, ümumilikdə 5555,38 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2147,04 manat ödənilməmiş hissə, 20 manat dəbbə borcu, cəmi 2167,04 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3368,34 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 3388,34 manat, ümumilikdə 5555,38 (beş min beş yüz əlli beş manat otuz səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 16,29 (on altı manat iyirmi doqquz qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar