Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-859/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-2285/2021 31,05.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün iddia məhkəməyə təqdim olunduğu gündən başlayaraq iddiaçı Orucova (Mehdiyevə) Gülzadə Şəmsi qızının xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarını 250 (iki yüz əlli) manata artırılması, mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumu və 10 manat kargüzarlıq xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri, Suraxanı rayon məhkəməsi tərəfindən 2(010)-4958/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, Suraxanı rayon Qeydiyyat şöbəsində 73 sayla qeydə alınmış xx.xx.2016-cı il tarixli nikah pozulması qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsi tərəfindən 2(010)-4958/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, cavabdehlə birgə nikahdan anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Orucova (Mehdiyevə) Gülzadə Şəmsi qızının xeyrinə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-2285/2021 31,05.2021-ci il tarixli qətnaməsi ilə, Suraxanı rayon məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2(010)- 4958/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh iddiaçı X1 xeyrinə 15 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qeyd olunan Qətnamə ilə uşağın saxlanılması üçün qət edilən 175 (yüz yetmiş beş) manat aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmadığından alimentin artırılması ilə bağlı ilk öncə cavabdehə, daha sonra mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı şəhəri 6 saylı mediasiya təşkilatı xx.xx.2022-ci il tarixli arayış vermişdir. Məhkəmə iclasında İddiaçı ərizədə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, qeyd olunan miqdarda aliment ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 13170/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, 15 fevral 2017-ci il təvəllüdlü X2 anası Orucova (Mehdiyeva) Gülzadə Şəmsi qızının yanında qalması, 15 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, 20.40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və cavabdehdən əlavə olaraq 10 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-2285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Suraxanı rayon məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2(010)-4958/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh İddiaçın xeyrinə 15 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay səbit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment tutulması və Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, sonuncu aliment məbləğinin təyin edilməsindən 2 il müddət keçmişdir və bu müddət ərzində yaşayış şərtləri dəyişmişdir. Məhkəmə bu halı azyaşlının xeyrinə tutulan aliment məbləğinin artırılması üçün əsas hesab edir. Bu xüsusda cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İddiaçı birgə nikahdan doğulmuş övladının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 250 manat məbləğində təyin edilməsini tələb etsə də, lakin cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən mediasiya prosesində iştirak etməyə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 10 manat kargüzarlıq xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, iddiaçı qeyd olunan hissədə iddia tələbini əsaslandırmamış və formal olaraq tələblə kifayətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Orucov Sahı̇ l Oruc oğlundan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesində iştirak etməyə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-859/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-859/2023
01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver