Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-871/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı- İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. xx.xx.2019-cu il tarixli, WTCN-005379 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 373 manat olan mal hər ay ödəmək şərti ilə nisyə satılmışdır.
2. xx.xx.2019-cu il tarixli, WTCN-005379 saylı alqı-satqı müqaviləsinin təminatı məqsədilə "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, WTCN-005379 saylı girov müqaviləsi bağlanmışdır.
3. xx.xx.2019-cu il tarixli, WTCN-005379 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 373 manat məbləğində borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
4. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən mal təhvil alınmışdır.
5. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsinə və ona əlavə olunan xx.xx.2023-cü il tarixli sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir.
6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 187 manat məbləğində əsas borc, 18 manat məbləğində cərimə borcu vardır.
7. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
9. Cavabdeh 187 manat borc məbləği, 18 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 235 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, WTCN-005379 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 373 manat olan Samsung A105 32 ds (İMEİ **********63954) markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 25-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 31 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-187 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilinəsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri.
11. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
İşin faktiki halları.
12. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alğı-satqı, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli sazişin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ iddiaçıya keçmiş və hazırda iddiaçı cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir. Odur ki, iddiaçı ona güzəşt edilmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 187 manat ödənilməmiş hissə və 18 manat cərimə olmaqla, cəmi 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.