Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-889/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 96 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ümumilikdə 276 manat 40 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011 - ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Suraxanı rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 177 saylı MTK tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil mart 2014- fevral 2015-ci il tarixlərdə cavabdehə məxsus olub. Sonra 24.01.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2408 N saylı akt tərtib olunmuşdur. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə 10.03.2014-cü il tarixdə son baxış keçirilmişdir. Eyni zamanda qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin bildirilir ki,kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 10.03.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 24.01.2015-ci il tarixə qədər olan müddət 320 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 96 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 10.10.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi D y/s, 27 saylı evin 43 nömrəli mənzilində yaşıyır. İş materiallarında olan 2408 nömrəli, 24 yanvar 2015-ci il tarixli aktdan görünür ki, yuxarıda qeyd edilən ünvanın 43 saylı mənzilinə baxış keçirən zaman həmin binanın KATV 1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma aşkar edilmişdir. 07 iyun 2021-ci il tarixli arayışdan görünür ki, sözügedən mənzillə bağlı 2408 N saylı Akt tərtib olunana qədər sonuncu dəfə 10.03.2014-cü ildə həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi D y/s, 27 saylı evin 43 nömrəli mənzilində KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayımı ilə 12.12.2007-ci il tarixindən başlamışdır. İş materiallarında olan “DVD” diskdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi D y/s, 27 saylı evin 43 nömrəli mənzilindən KATV 1 kabel şəbəkəsinə qoşulma aşkar edilmişdir. Məhkəmə hesab edir ki, işə əlavə edilən 62 saylı arayışla Cavabdehnın Bakı şəhəri, Y.Günəşli qəsəbəsi V y/s, 14 saylı evin 4 nömrəli mənzilinin sahibi olması, həmin mənzildə qeydiyatda olması göstərilsə də, cavabdehin həmin mənzildə yaşaması, xətdən kənar qoşulmadan qanunsuz istifadə etməsi iş materialları ilə təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzilə məhz cavabdeh tərəfindən televiziya yayını üçün kənar xətdin qoşulmasını əks etdirən konkret sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, Bakı şəhəri, Y.Günəşli qəsəbəsi V y/s, 27 saylı evin 43 nömrəli mənzilinə kənar xəttin cavabdeh tərəfindən çəkilməsi və həmin qanunsuz qoşulmadan onun istifadə etməsi faktı işə əlavə edilən sənədlərə və işin halları ilə öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın cavabdehdən tutulması hissəsində də, əsassızdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə ki, tələbin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən pul məbləğinin cavabdehə aid edilməsi hissəsi, hazırkı iddiada cavabdehin təqsiri sübuta yetirilmədiyinə görə əsaslı deyildir. Həmçinin, qrafik üzrə nəzarət baxışı zamanı binaların yoxlanılması iddiaçı şirkətin daima apardığı profilaktik hərəkətlərdir və cavabdehin qanuna zidd hərəkətlərinə görə bu yoxlamanın aparılması və ya növbədən kənar yoxlamanın keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30.40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 96 manat abuna haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat, ümumilikdə isə 276.40 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-889/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-889/2022
04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver