Məhkəmə qərarları › İş №e-2(010)-90/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-90/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-90/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan borca aldıqları 31140 manat pulun və götürdükləri qızıl-zinət əşyaları, ikisi briliyant qaşlı olmaqla dörd ədəd kulon, iki ədəd qolbağı, iki ədəd boyunbağını, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə onların dəyəri olaraq 7000 manat pulun və ödənilmiş dövlər rüsumunun əvəzi olaraq 206 manat pul vəsaitinin cavabdehlərdən alınıb mənə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan borca aldıqları 31440 manat pulun və götürdükləri qızıl-zinət əşyaları ikisi briliyant qaşlı olmaqla dörd ədəd kulon, iki ədəd qolbağı, iki ədəd boyunbağını, həmin qızıl-zinət əşyalı olmadığı təqdirdə onların dəyəri olaraq 7000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 manat pul vəsaitinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. 2023-cü ildə cavabehlər Cavabdeh2 və onun qızı Cavabdeh1 evlərinin təmiri və sonuncunun qardaşının toyuna hazırlıq üçün ondan hissə-hissə olmaqla ümumi olaraq 29340 manat borc pul və əlavə olaraq lombardan borca pul almaq məqsədilə girov qoyulması üçün ona məxsus olan qızıl ziynət əşyalarını (dörd kulon, ikisi briliyant daşlı, biri sırğa və iki zəncirlə) götürmüşdülər. Qızıl-zinət əşyalarının fotoşəkillərini hazırkı iddia ərizəsinə əlavə etmişdir. Cavabdehlər ondan aldıqları 29340 manat pulu və qızıl zinət əşyalarını 24 noyabr 2023-cü ildə qaytaracaqlarını vəd etmişdilər. Lakin həmin qeyd olunan tarixdə onlar onun nə pulunu nə də qızıllarını geri qaytarmamışdılar. Onlarla əlaqə saxlayıb pulunu və qızıllarını tələb etdikdə, bankdan kredit götürüb borclarını ödəyəcəklərini bildirmişdilər. Bununla əlaqədar hazırda banka olan kreditlərini bağlayıb yeni kredit götürüb ona olan borclarını qaytaracağını vəd edərək Cavabdeh2 və Cavabdeh1 qəbz qarşılığında ondan daha 2100 manat pul borca aldılar və 30 dekabr 2023-cü ildə ona ümumi olan 31440 manat pulu və qızıllarını qaytaracağlarını söz verdilər. Cavabdehlər söz verdikləri tarixdə, yani 30 dekabr 2023-cü ildə ona olan borclarını və qızıllarımı geri qaytarmadılar. Onlarla əlaqə saxlayaraq bildirmişdir ki, pulunu və qızıllarını qaytarmayacaqları təqdirdə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Cavabdeh2 08 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində heç bir xəbərdarlıq etmədən Rəşad və Kamran adlı şəxslərlə birlikdə danışmağa evinə gəldilər. Lakin o, Cavabdeh2 yanında gələn şəxləri tanımadığı üçün onları evinə buraxmaqdan çəkindiyi üçün onlarla evinin qabağında maşında söhbət etmişdir. Söhbət zamanı Səbinənin dostu Kamran adlı şəxsin mütəmadi olaraq məsələyə müdaxilə etməsində belə bir qənaətə gəlmişdir ki, cavabdehlərin onun pulu və qızıllarını qaytarmaq fikirləri yoxdur. Belə ki, Cavabdeh2 bütün borcun və qızıllarının götürülməsində qızı Cavabdeh1i günahlandırırdı və onun yoxa cıxdığını bildirirdi. Bunların hamısı bir cəfəngiyyatdan ibarət olduğunu anlamış, belə ki, Cavabdeh1 hər dəfə ondan pul alanda onun anasının xəbəri olurdu və onunla daim əlaqə saxlıyaraq qızına borca pul verməyini ondan xahiş edirdi. İndi isə bir oyun oynuyaraq, sanki onun bu məsələlərdən xəbəri yox imiş kimi özünü biruzə verir. Bütün narazılıqlarına cavab olaraq Cavabdeh2 ona bildirdi ki, qızı Cavabdeh1in saxlanılması ilə bağlı polisə müraciət etsin. Cavabdeh2 və onun tanışları Cavabdeh1in harada olduqlarını bilsələr də ona bununla bağlı məlumat verməmişdilər. Lakin sonradan o öyrənmişdir ki, Cavabdeh1 19 yanvar 2024-cü il tarixdə səhər reysi ilə Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışdır. Buna görə də, 25 yanvar 2024-cü il tarixdə ərizə ilə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə müraciət edərək bütün olanlar haqda ətraflı şikayət etmişdir. Bundan sonra polisə müraciət etdiyini bildikləri və polis şöbəsinə dəvət olunduqları üçün Cavabdeh1 məsələnin rəsmi bir hal aldığını anladığı üçün Azərbacana geri dönmüşdür. Cavabdeh2 və Cavabdeh1 31-ci polis şöbəsində verdikləri izahatlarında ondan qızıllarını götürdüyünü və borca pul aldığınıda etiraf etmişdir. Cavabdehlər izahatlarında borca pulun 31140 manat deyildə 17000 manat olduğunu vurğulamışdır. Lakin iddia ərizəsinə əlavə etdiyi telefon yazışmalarından və səs yazılarından da aydın olurki cavabdehlərin ona olan borcu 17000 deyil 31140 manat təşkil edir.

İddia tələbinin dəqiqləşdirilməsi

4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırkı mülki iş üzrə iddia tələblərinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Buna görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutub iddia ərizələrində aşağıdakı dəyişikliyin edildiyinin nəzərə alınması məhkəmədən xahiş edilmişdir: 2023-cü ildə cavabehlər Cavabdeh2 və onun qızı Cavabdeh1 evlərinin təmiri və sonuncunun qardaşının toyuna hazırlıq üçün ondan hissə-hissə olmaqla ümumi olaraq 29.340 manat borc pul və əlavə olaraq lombarddan borca pul almaq məqsədilə girov qoyulması üçün ona məxsus olan qızıl-ziynət əşyalarını götürmüşdülər. Qızıl-zinət əşyalarının fotoşəkillərini hazırki iddia ərizəsinə əlavə etmişdir. Cavabdehlər ondan aldıqları 29340 manat pulu və qızıl zinət əşyalarını 24 noyabr 2023-cü ildə qaytaracaqlarını vəd etmişdilər. Lakin həmin qeyd olunan tarixdə onlar onun nə pulunu nədə qızıllarımı geri qaytarmamışdılar. Onalarla əlaqə saxlayıb pulunu və qızıllarını tələb etdikdə, bankdan kredit götürüb ona olan borclarını ödəyəcəklərini bildirmişdilər. Bununla əlaqədar hazırda banka olan kreditlərini bağlayıb yeni kredit götürüb ona olan borclarını qaytaracağını vəd edərək Cavabdeh2 və Cavabdeh1 qəbz qarşılığında ondan daha 2100 manat pul borca almışlar və 30 dekabr 2023-cü ildə ona ümumi olan 31440 manat pulu və qızıllarını qaytaracağlarını söz vermişlər. Cavabdehlər söz verdikləri tarixdə, yani 30 dekabr 2023-cü ildə borclarını və qızıllarını geri qaytarmamışlar. Onlarla əlaqə saxlayaraq bildirmişdir ki, pulunu və qızıllarını qaytarmayacaqları təqdirdə hüquq mühafizə orqanlarına müraciət edəcək. Cavabdeh2 08 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində heç bir xəbərdarlıq etmədən Rəşad və Kamran adlı şəxslərlə birlikdə danışmağa evinə gəlmişlər. Lakin o, Cavabdeh2 yanında gələn şəxləri tanımadığı üçün onları evinə buraxmaqdan çəkindiyi üçün onlarla evinin qabağında maşında söhbət etmişdir. Söhbət zamanı Səbinənin dostu Kamran adlı şəxsin mütəmadi olaraq məsələyə müdaxilə etməsində belə bir qənaətə gəlmişdir ki, cavabdehlərin onun pulu və qızıllarını qaytarmaq fikirləri yoxdur. Belə ki, Cavabdeh2 bütün borcun və qızıllarının götürülməsində qızı Cavabdeh1i günahlandırırdı və onun yoxa cıxdığını bildirmişdir. Bunların hamısı bir cəfəngiyyatdan ibarət olduğunu anlamışdır, belə ki, Cavabdeh1 hər dəfə ondan pul alanda onun anasının xəbəri olurdu və onunla daim əlaqə saxlayaraq qızına borca pul verməyini ondan xahiş etmişdir. İndi isə bir oyun oynuyaraq, sanki onun bu məsələlərdən xəbəri yox imiş kimi özün biruzə verir. Bütün narazılıqlarına cavab olaraq Cavabdeh2 ona bildirdi ki, qızı Cavabdeh1in saxlanılması ilə bağlı polisə müraciət etsin. Cavabdeh2 və onun tanışları Cavabdeh1in harada olduqlarını bilsələr də ona bunla bağlı məlumat verməmişdirlər. Lakin sonradan o öyrənmişdir ki, Cavabdeh1 19 yanvar 2024-cü il tarixdə səhər reysi ilə Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışdır. Buna görə də, 25 yanvar 2024-cü il tarixdə ərizə ilə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə müraciət edərək bütün olanlar haqda ətraflı şikayət etmişdir. Bundan sonra polisə müraciət etdiyini bildikləri və polis şöbəsinə dəvət olunduqları üçün Cavabdeh1 məsələnin rəsmi bir hal aldığını anladığı üçün Azərbacana geri dönmüşdür. Cavabdeh2 və Cavabdeh1 31-ci polis şöbəsində verdikləri izahatlarında ondan qızıllarını götürdüyünü və borca pul aldığınıda etiraf etmişdir. Cavabdehlər izahatlarında borca pulun 31440 manat deyildə 17000 manat olduğunu vurğulamışdır. Lakin iddia ərizəsinə əlavə etdiyi telefon yazışmalarından və səs yazılarındanda aydın olur ki, cavabdehlərin ona olan borcu 17000 deyil 31440 manat təşkil edir. Yuxarıda göstərilənlərin nəzərə alınmasını, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan borca aldıqları 31440 manat pulun və götürdükləri qızıl-zinət əşyaları ikisi briliyant qaşlı olmaqla dörd ədəd kulon, iki ədəd qolbağı, iki ədəd boyunbağını, bir cüt sırğanın, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə onların dəyəri olaraq 7000 manat pulun və ödənilmiş dövlər rüsumunun əvəzi olaraq 206 manat pul vəsaitinin cavabdehlərdən alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini ədalətli məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddianı müdafiə edir. İddiaçı tərəf olaraq bütün sübutlarını, Whatsapda aparılmış yazışmaları, cavabdehlərin borcunu etiraf edən əlyazmaları təqdim etmişlər. Onlarda olan məlumatlara görə qızıl-zinət əşyaları satılmışdır. Cavabdehlər toy adı ilə qızılları alıblar. Təqdim etdikləri mütəxəssis rəyi ilə ekspert rəyi arasında hər qızılda 100-150 manat fərq var. Ekspert öz rəyində əsas məsələ ilə bağlı rəy verməkdən imtina edib. Məhkəmədən yekun məhkəmə aktı qəbul edilərkən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin əsas götürülməsini xahiş etmişdir. Cavabdeh tərəfin qeyd etdiyi faiz məsələsi 31-ci Polis Bölməsində sübut edilməyib. Təqdim etdikləri səsyazısından da görünür ki, cavabdeh iddiaçıdan ona köməklik edilməsini xahiş etmişdir. 31.440 manat borc və AECS şirkəti tərəfindən qiymətləndirmə aparılmış qızılların, qızıllar olmadıqda, 7000 manat pulun və dövlət rüsumunun tutulmasını xahiş edirəm. İddianın təmin olunmasını xahiş edirəm.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, onun iddiaçıya təxminən 17 min manat borcu vardır. İddiaçı tərəfindən təqdim olunmuş qiymət aktı ilə razı deyildir. Qızılları lombarda qoyduğunu bildirərək, hal-hazırda onları geri götürə bilmədiyini, ödənişləri mütəmadi edə bilmədiyindən qızılların geri qaytarılmasının artıq mümkün olmadığını bildirmişdir. Həmçinin, iddiaçıdan aldığı qızılların dəyəri barədə məlumatının olmadığını bildirmişdir.

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları.

8. İş materiallarına əlavə olunmuş qəbzlərdən (səh.9-20) görünür ki, müxtəlif tarixlərdə kart vasitəsilə köçürmələr həyata keçirilmişdir.

9. İş materiallarına əlavə olunan əlyazmadan görünür ki, müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir.

10. İş materiallarına əlavə olunan “Whatsapp” mobil tətbiqi vasitəsilə danışıqlardan görünür ki, Cavabdeh2 özünə kömək üçün 25 min istədiyini və daha sonra götürüb verəcəyini bildirmişdir.

11. Rəfiyeva X1 Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı anası Cavabdeh2 sinif yoldaşıdır. Aynur faizə pul verməklə məşğuldur və ona bir neçə dəfə bu pul vermişdir. Verdiyi pulları vaxtında qaytarmışdır. 2013-cü ilin iyun ayından o, Aynurdan hissə-hissə mütəlif vaxtlarda təxminən 16-17 min manat nağd pul almışdır və həmin aldığı pulların faizini tam vaxtında ödəmişdir. Aynurun ərizədə bildirdiyi 29.340 manat məbləğində pulu ona borclu deyildir və həmin məbləğ faiz hesablanıb qeyd edilmişdir. Ondan aldığı pul təximən 15 min manat məbləğində olmuşdur və faizini ödəmişdir. Onun Aynura hal-hazırda olan borcu son olaraq təxminən 17 min manatdan yüksək deyildir. Bir daha qeyd edir ki, həmin məbləği Aynurdan faizlə almışdır. Onun ərizədə qeyd etdiyi 29.340 manat məbləğində pul qərəzlidir. Aynur onu yükləmək istədiyindən həmin məbləğ göstərilmişdir. Ərizədə qeyd olunan 3 ədəd kulon, 1 cüt sırqa, 2 qolbağ, 2 boyunbağı olan qızıl-zinət əşyalarını yenə ona faizlə vermiş və o da onların hamısını lombarda qoyaraq 2500 manat məbləğində pul götürmüşdür. Hazırda lombardın faizini ödəyir və 5 ay müddətində Aynurdan aldığı qızıl-zinət əşyalarını ona geri qaytaracaq. İddiaçı olan borcunu hissə-hissə olmaqla ayda 200-250 manat ödəyəcəkdir. Yuxarı məbləğdə Aynura pul ödəməyə imkanı yoxdur. Təkrarən qeyd etmişdir ki, Aynur ona pulu faizlə vermiş və ona 15 min manatadək faiz ödəmişdir. Aynurun ərizədə qeyd etdikləri böhtan xarakteri daşıyır.

12. Məcidova X3 Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, 2023-cü ildə Cavabdeh2 və Cavabdeh1 ondan 29.340 manat məbləğində borc pul götürmüş və əlavə olaraq qızıl (dörd klon, ikisi brilliant qaşlı biri sadə sırğa, iki qolbaq və ik zəncirlə sep, hər birinin fotoşəkilləri vardır) götürmüşdülər. Bütün bunları 24 noyabr 2023-cü ildə qaytaracaqlarına söz vermişdilər. Pul məbləğin təmir və toya hazırlıq üçün götürülüb. Lakin təyin olunmuş vaxtda pul və qızıllar geri qaytarılmamışdır. Həmçinin qeyd etmişdir ki, qeyd olunan məbləğdə pul və qızılın çox hissəsini Cavabdeh2 yaşadığı evdə vermişdir.

13. Rəfiyeva X2 Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun sinif yoldaşı olmuşdur və faizə pul verməklə məşğuldur. Onun əvvəllər qızı Cavabdeh1 faizə pul verməyindən xəbəri olmuş, yəni təxminən 3 min manat məbləğində Aynur qızı Sevincə pul vermişdir, lakin qalan 14 min manat məbləğdən xəbəri olmamışdır. Sonradan öyrənmişdir ki, qızı Sevinc Aynura təxminən 15 min manat pul ödəmişdir. Aynur onun barəsində ərizədə qeyd etdiyi böhtandır. Hesablamışdır ki, Sevincin Aynura 17 min manat məbləğində borcu vardır və Aynurun ərizəsində qeyd etdiyi 29.340 manat pulu səhvən qeyd etmişdir. Həmin pulun müqabilində qızı Sevinc ona 15 min manat faiz ödəyib. Aynurun Sevincə verdiyi qızıl-zinət əşyalarından xəbəri olmamışdır. Yanvar ayının 8-i öyrənmişdir ki, qızılı Aynur onun qızına 10 faizlə vermişdir, lakin onu İddiaçı heç bir borcu yoxdur, qızı Sevincin borcu vardır.

14. İddiaçı tərəfindən 31-ci polis Şöbəsinin rəisi Ülvi Məmmədova ünvanlanan ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 ondan 29.340 manat məbləğində borc pul götürmüş, əlavə olaraq qızıl ( dörd klon, ikisi brilliant daşlı, biri sırğa, iki qolbağ və iki zəncirlə boyunbağı) götürülmüş və bütün bunları 24 noyabr 2023-cü il tarixdə qaytaracağına söz verib. Təyin olunmuş vaxtda pul və qızıl geri qaytarılmamışdır. 17 dekabr 2023-cü il tarixdə yeni kredit götürmək və borcunu ödəmək üçün bank kreditini bağlayacaqlarını vəd edərək Səbinə və Cavabdeh1 qəbz qarşılığında ondan daha 2.100 manat alıblar və 30 dekabr 2023-cü il tarixdə qaytaracaqlarına söz veriblər. Lakin, həmin tarixdə qızıl və pul geri qaytarılmayıb. Yanvarın 8-də Cavabdeh2 heç bir xəbərdarlıq etmədən Rəşad və Kamran adlı dostları ilə (Kamranı ilk dəfə görmüşdür) evinə danışmağa gəlmişlər. O, onları evinə buraxmamış, maşında danışmağı təklif etmişlər. Tanımadığı Kamran adlı şəxsin mütəmadi olaraq müdaxilə etdiyi söhbət zamanı onların pul və qızılları vermək istəmədiklərini anlamışdır. Cavabdeh2 hər şeydə qızı Cavabdeh1i günahlandıraraq qızının yoxa çıxdığını qeyd etmiş, deməli qızı təkcə ona borclu deyilmiş. Narazılığına cavab olaraq Cavabdeh2 qızı Cavabdeh1in saxlanılması ilə bağlı polisə müraciət etməyini tövsiyə etmişdir. Cavabdeh2 və onun tanışları Cavabdeh1in harada olduğunu bilsələr də gizlətmişlər. 19 yanvar 2024-cü il tarixində öyrənmişdir ki, Cavabdeh1 səhər reysi ilə Azərbaycanı tərk edib və hazırda Türkiyədədir. Pullarının və qızıllarının geri qaytarılması üçün tədbir görülməsini xahiş etmişdir. Yazdıqlarının nəzərə alınaraq özünün bu insanlardan qorunmasını istəmiş, çünki bu ifadədən sonra öz təhlükəsizliyinə və qızının təhlükəsizliyinə əmin deyildir.

15. 348559 N-li girov biletindən görünür ki, Cavabdeh1 2023-cü ilin noyabr ayında qızılzinət əşyalarını lombada qoyub, 2500 manat məbləğində pul götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, həmin qızıl-zinət əşyaları iddia tələbində cavabdeh tərəfdən tutulması xahiş edilən əşyalardır.

16. Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən 08-026/24 hesabat nömrəli, 30 avqust 2024-cü il tarixli mütəxəssisin yazılı rəyindən görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində 1 ədəd 850 əyyar olan dairəvi klon ərəb sarı qızıl, 1 ədəd 850 əyyar olan dairəvi klon ərəb sarı qızıl, 1 ədəd 750 əyyar olan dairəvi klon ağ qızıl brilliant qaşlı, 1 ədəd 750 əyyar olan gül formasında klon ağ qızıl brilliant qaşlı, 2 ədəd 750 əyyar olan sep, 1 ədəd 750 əyyar olan ürək bəzəkli formalı qolbaq, 1 ədəd 585 əyyar olan qolbaq, 1 cüt 585 əyyar olan sırqanın 30 avqust 2024-cü il tarixinə bazar dəyəri 7.500 manat təşkil edir.

17. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli iki ədəd ( iş materiallarının 47 və 142-ci səhifələri) əlyazmadan görünür ki, Cavabdeh1 anası Cavabdeh2 razılığı İddiaçı 31.440 manat pul götürmüşdür.

18. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 6 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4554 manat müəyyən edilir. Qeyd edilən digər 02 adda qızıl-zinət əşyalarının üzərindəki qaşların istehsal yeri, sayı, mənşəyi, keyfiyyəti, ölçüsü, təmizliyi və s. barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.

İşin faktiki halları.

19. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı hazırki iddia tələbində cavabdehlərlə arasında pul məbləği və qızıl-zinət əşyaları ilə bağlı şifahi sövdələşmə olduğunu və onlara tələbdə qeyd etdiyi qızıl-zinət əşyaları və pul məbləğini təqdim etdiyini, ödənişlərin müəyyən vaxtda edilməsi barədə razılığa gəldiklərini və cavabdehlərin həmin pul məbləğini və qızıl-zinət əşyalarını ona ödəmələri barədə öz üzərilərinə öhdəlik götürdüklərini bildirir. İddiaçı tərəf cavabdehlərin həmin qızılları və ya onların qalıq dəyərini və pul məbləğini ona ödəmədiyini qeyd edir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tələbin əsası kimi iş materiallarına əlavə edilmiş əlyazmalara, fotoşəkillərə və ekspert rəyinə istinad edir. Cavabdehlər isə iddia tələbini qismən qəbul edir və iddiaçıdan qızıl-zinət əşyalarını, sonradan lombarda girov qoyub pul götürmək üçün aldığını, lakin qızılları gri qaytara bilmədiyini, tələb edilən pul məbləğinin isə müəyyən hissəsini ödədiklərini bildirirlər. Tərəflər arasında mübahisəli hal qaytarılan borcun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı iş materiallarında olan əlyazmalara istinad edərək, orada qeyd edilən miqdarda borcun qaldığını iddia edir, cavabdehlər isə buna etiraz edərək əlyazmalarda qeyd ediləndən daha az məbləğdə borclarının qaldığını bildirirlər. Tələbin qızıl-zinət əşyaları ilə bağlı hissəsində cavabdeh tərəf həmin əşyaların götürüldüyünü etiraf edir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 736. Əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarmaq vəzifəsi 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 63. Ekspert 63.1 Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Maddə 64. Mütəxəssis 64.1 İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

23. Hazırkı iddia tələbi pul məbləğinin və qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə onların dəyərinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, ümumilikdə 31440 manat məbləğində pulu borc olaraq cavabdeh tərəfə vermiş, cavabdeh isə şərtləşdirilən vaxtda pulu geri qaytarmamışdır. Qızıl-zinət əşyaları ilə bağlı da analoji tələbdir. İddianın pul tələbinə dair hissəsi üzrə mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 31.440 manatdır, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Deməli, tələbin qeyd edilən məbləğlə bağlı hissəsinə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir. Bu baxımdan, məhkəmə hesab edir ki, 31.440 manat pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin məbləğin qaytarılıbqaytarılmaması, həmçinin cavabdehdə qalmasını şərtləndirən əsasların olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün hazırki mübahisəyə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normaları əsasında baxılmalıdır. Hazırkı işdə iddiaçı qeyd edilən məbləği tələb edərkən, ilk növbədə Cavabdeh1 tərəfindən borc alması barədə əlyazmaya, eyni zamanda təqdim edilən digər yazılı və audio sübutlara istinad edir. İş materiallarında iki ədəd xx.xx.2023-cü il tarixli belə əlyazma var və onların birində həm iddiaçının, həm də Cavabdeh1in imzası var, digər əlyazmada isə yalnız Cavabdeh1in əlyazması var, lakin məzmun baxımından hər iki əlyazma eynidir. Cavabdeh1 məhkəmənin 13 mart 2024-cü il tarixli hazırlıq iclasında tələbə münasibətdə bildirmişdir ki, iddiaçıdan 31340 manat pul borca götürmüş, ondan 15000 manat ödəniş edib, 17000 manat borcu qalıb. İstintaq orqanına verdiyi ifadədə isə cavabdeh bildirmişdir ki, o iddiaçıya borclanmış, borcunu qaytara bilməmiş və imkanı olanda borcunu qaytaracaqdır. Bütün bu hallara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan 31440 manat məbləğdə pul alması halı təsdiq edilir. Bu halın əksini sübut edən hər hansı sübut-dəlil yoxdur. Cavabdeh1 həmin məbləğdən 15000 manat qaytarmasına münsibətdə məhkəmə qeyd edir ki, bu halı təsdiq edəcək hər hansı sübut, məsələn, borcun qaytarılması barədə əlyazma və ya tərəflərin bununla bağlı danışıqlarını əks etdirən digər sübut məhkəməyə təqdim edilməmişdir. Nə qədər ki, borcun qeyd edilən hissəsinin qaytarılması ilə bağlı sübutetmə yükü Cavabdeh1 üzərinə düşür, o isə bunu təsdiq edəcək hər hansı tutarlı dəlili məhkəməyə təqdim etməmişdir, ona görə də, məhkəmə hesab edir ki, borcun qeyd edilən hissəsinin iddiaçıya qaytarılması halı öz təsdiqini tapmamışdır. İşin hallarından, eyni zamanda o da müəyyən olunur ki, iddiaçı tərəfindən pul məbləği məhz Cavabdeh1 təqdim edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın 31440 manat məbləğində pul tələbinə aid hissəsi Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarının və ya ona mütənasib hissədə pul məbləğinin ödənilməsi hissəsinə münasibətdə bildirir ki, işin hallarından göründüyü kimi, sadlanan qızıl-zinət əşyaları iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. Cavabdeh1 həmin zinət əşyalarını sonradan lombarda qoyub, pul götürmək məqsədi ilə müvəqqəti olaraq iddiaçıdan almışdır. Cavabdeh bu halı etiraf edir və bildirir ki, iddiaçıdan pul istəmiş, o da əvəzində qızıl-zinət əşyalarını ona müvəqqəti vermişdir. Beləliklə, müəyyən edilir ki, həmin qızıl-zinət əşyaları iddiaçı tərəfindən cavabdehə müvəqqəti olaraq, sonradan həmin əşyaların özünü qaytarmaq şərtilə verilmişdir. İşdən görünür ki, Cavabdeh1 həmin qızıl-zinət əşyalarını lombarda qoyub, əvəzində pul götümüş, sonradan isə borcunu qaytara bilməmişdir. Qızıl-zinət əşyaları hazırda cavabdehdə deyil və onların hara olması barədə cavabdehdə məlumat yoxdur. Nə qədər ki, Cavabdeh1 tərəfindən götürülən qızıl-zinət əşyaları iddiaçıya qaytarılmamışdır, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Ona görə də, həmin zinət əşyaları, onlar olmadıqları təqdirdə isə onların dəyəri Cavabdeh1 tutulub, iddiaçıya verilməlidir. Qızıl-zinət əşyalarının dəyərinə gəldikdə isə, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi, qızıl-zinət əşyalarının ümumi dəyəri 4554 manat müəyyən edilir, digər iki adda qızıl-zinət əşyalarının isə tam qiymətini müəyyən etmək mümkün olmamışdır. Digər müstəqil ekspert rəyində isə bildirilmişdir ki, 1 ədəd 850 əyyar olan dairəvi klon ərəb sarı qızıl, 1 ədəd 850 əyyar olan dairəvi klon ərəb sarı qızıl, 1 ədəd 750 əyyar olan dairəvi klon ağ qızıl brilliant qaşlı, 1 ədəd 750 əyyar olan gül formasında klon ağ qızıl brilliant qaşlı, 2 ədəd 750 əyyar olan sep, 1 ədəd 750 əyyar olan ürək bəzəkli formalı qolbaq, 1 ədəd 585 əyyar olan qolbaq, 1 cüt 585 əyyar olan sırqanın 30 avqust 2024-cü il tarixinə bazar dəyəri 7.500 manat təşkil edir. Eyni zamanda, Cavabdeh1 məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında izahat verərkən tələb edilən zinət əşyalarının dəyərinin 7000 manat olması ehtimalını mümkün hesab etmişdir. Məhkəmə, qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məsələsində işə əlavə edilmiş sənədlərə və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, həmin zinət əşyalarının dəyərinin 7000 manat olması əsaslıdır. Ona görə ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ekspert rəyi zinət əşyalarının dəyərini tam şəkildə əks etdirmir, ( 2 adda qızılın üzərindəki daşların qiymətini müəyyən etmək mümkün olmamışdır) buna münasibətdə müstəqil mütəxəssis rəyi zinət əşyaları ilə bağlı daha dolğun və müfəssəl qiymətləndirmə aparmışdır. Bundan başqa, Cavabdeh1 özü də, həmin zinət əşyalarının dəyərinin 7000 manat olması ehtimalını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya 31.440 manat, qızıl-zinət əşyalarının dəyəri kimi 7000 manat məbləğində borcunun qalması halı işin halları ilə öz təsdiqini tapır.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 206 manat dövlət rüsumu, Cavabdeh1 tutularaq tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh tərəfdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 31.440 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 qızıl-zinət əşyaları - 1 ədəd klon kvadrat sarı-ərəb qızılı, bir ədəd Klon dairəvi sarı-ərəb qızılı, bir ədəd klon ağ qızıl, dairəvi brilyant qaşlı, bir ədəd Klon ağ qızıl, gül formasında brilyant qaşlı, iki ədəd sep, bir ədəd qolbaq ürək formalı, bir ədəd qolbaq, bir cüt sırğa, həmin qızılzinət əşyaları olmadığı təqdirdə onların dəyəri olaraq 7000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 manat pul vəsaiti alınıb İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 31440 manat pul tutulsun. Cavabdeh1 qızıl-zinət əşyaları - 1 ədəd klon kvadrat sarı-ərəb qızılı, bir ədəd Klon dairəvi sarı-ərəb qızılı, bir ədəd klon ağ qızıl, dairəvi brilyant qaşlı, bir ədəd Klon ağ qızıl, gül formasında brilyant qaşlı, iki ədəd sep, bir ədəd qolbaq ürək formalı, bir ədəd qolbaq, bir cüt sırğa, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə onların dəyəri olaraq 7000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 manat pul vəsaiti alınıb İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar