Məhkəmə qərarları › İş №e-2(010)-905/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-905/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-905/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra mətndə “Cavabdeh MTK) qarşı "mənzilə sahiblik və istifadə hüququnun tanınması və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Cavabdeh MTK-nın sədri Nümayəndə3 (“İcraçı”) ilə İddiaçı (“Payçı”) arasında 12 fevral 2014-cü il tarixdə bağlanmış 15 saylı müqavilənin Cavabdeh MTK tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasında 310 saylı mənzil barədə müqavilə bağlanmışdır. Müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən yaşayış binasında, 4 ci giriş, 13-cü mərtəbədə yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 310 saylı mənzili “Payçı”ya təhvil verməyi öhdəsinə götürür (bənd 2.1.).

2. Cavabdeh MTK tərəfindən verilmiş 03 mart 2014-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə arayışın Cavabdeh MTK tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən yaşayış binasında, 4 ci giriş, 13-cü mərtəbədə yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 310 saylı Nümayəndə3 adına olan mənzil İddiaçı adına keçirilmişdir.

3. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı mənzilə buraxılmadığını, mənzildən tam şəkildə istifadə edə bilmədiyini və mənzildə təmirə icazə verilmədiyini qeyd edərək, Cavabdeh MTK tərəfindən öhdəliklərin yerinə yetirilməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Cavabdeh MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 31 nömrəli məktubdan görünür ki, Rəşidova X1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa edilmiş 4 girişli, çoxmərtəbəli 13 M saylı yaşayış binasının, 4 giriş, 13-cü mərtəbə, 3 otaqlı, 108,5 kv.m. 310 saylı mənzili xx.xx.2014 cü il tarixdə alaraq, mənzilin sahibi olmuşdur. Cavabdeh MTK-nın yuxarıda adı çəkilən ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında MTK-nın şərikləri tərəfindən bir mənzil bir-necə nəfərə saxta sənədlərlə satılmışdır. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmış və hüquqi qiymət verilmişdir. İddiaçı da gələcəkdə hər hansı bir qanunsuzluqla rastlaşmasın deyə ona aid olan 310 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasmdan ötəri məhkəməyə müraciət edərək xahiş etmişdir. Cavabdeh MTK-nın rəhbərliyi də İddiaçı məhkəmə tərəfindən 310 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasına etiraz etmir.

5. Cavabdeh MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 35 nömrəli məktubdan görünür ki, İddiaçı 2014-cü ildən bu mənzili almasına baxmayaraq, onunla bağlanan müqavilənin 2.3. bəndini pozaraq kommunal ödənişləri ödəmir. Dəfələrlə ona edilən xəbərdarlıqlara baxmayaraq, İddiaçı mənzilə su, işıq, qaz sayğaclarının qoyulmasından yayınmış, kooperativin çağırışlarına məhəl qoymamışdır. Ona görə də İddiaçınm 310 saylı mənzilə girişinə qadağa qoyulmuşdur.

İşin faktiki halları

6. İddiaçı ilə Cavabdeh MTK arasında 12 fevral 2014-cü il tarixli müqavilənin bağlanması, Badu-Kübə” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən yaşayış binasında, 4 ci giriş, 13-cü mərtəbədə yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 310 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin götürülməsi və İddiaçı mənzilin dəyərini ödəməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi,13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4cü giriş, 13-cü mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 310 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi və qeyd edilən mənzildən istifadə etməyinə maneçilik törədilməsinin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı 2014-cü il tarixdə 15 saylı müqaviləyə əsasən cavabdehdən 3 otaqlı 310 saylı mənzili almışdır. Maliyyə arayışına əsasən iddiaçı mənzilə dair ödənişi tam məbləğdə edib, lakin hazırda mənzildən istifadə edə bilmir. Müxtəlif bəhanələrlə MTK tərəfindən iddiaçıya mənzilə tam formada sahiblik etmək və mənzili təmir etmək hüququ verilmir. Həmin mənzil müqavilə və bütün digər sənədlər əsasında iddiaçıya məxsusdur, lakin həmin bina dövlət tərəfindən təhvil alınmadığı üçün çıxarış alınması mümkün deyil. MTK tərəfindən iddiaçıya müəyyən maneələr yaradılır. Mənzillə bağlı kommunala aid sayğaclar kooperativin özü tərəfindən qoyulmalıdır. MTK iddiaçıya maneçilik törədir və mənzili su və işıq sayğacları ilə təchiz etmir. Mənzil yaşanılası vəziyyətdə deyil, alınan gündən necə var elə də qalıb. Mənzilin açarı sındırılır, iddiaçıya yaşaması üçün şərait yaradılmır. Sayğaclar quraşdırılmadığı üçün iddiaçı evini təmir etdirə və mənzilinə köçüb yaşaya bilmir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

10. xx.xx.2023-cü il tarixli yerli baxış iclasında İddiaçı bildirmişdir ki, qeyd olunan mənzili 2014-cü il tarixdə müqavilə əsasında almış və ödənişini tam şəkildə etmişdir. Lakin həmin zamanlar maddi imkanları olmadığı üçün mənzili təmir etdirə bilməmişlər. Hazırda isə mənzili təmir etdirmək istəsələr də MTK buna imkan vermir. Belə ki, su və işıq sayğacları quraşdırılmadığından mənzildə şərait yoxdur və ustalar işləyə bilmir. Bu səbəbdən hazırda başqa ünvanda yaşayırlar və mənzil alınandan hazırki müddətədək mənzildə yaşayış olmayıb. Mənzili alan zaman qapısının açarını dəyişdirsələr də, sonradan MTK tərəfindən qapının açarı sındırıldığı üçün yenidən düzəldilməmişdir.

11. xx.xx.2023-cü il tarixli yerli baxış iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, mənzillə bağlı heç bir xərcləri ödəmir, sayğacları quraşdırmaq üçün lazım olan vəsaiti vermir. Heç olmasa mənzillə bağlı xərclərin bir hissəsini ödəsələr bu problemlər yaranmaz. Mənzilin açarı yoxdur, sındırılıb. Əgər iddiaçı mənzildə yaşamaq, mənzildən istifadə etmək istəyirsə, ödənişlər etməlidir, çünki 2014-cü ildən bu vaxta kimi mənzildə yaşamır və lift pulu və s. heç bir ödəniş etmir.

12. xx.xx.2023-cü il tarixli yerli baxış iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, mənzillə bağlı başqa alıcı yoxdur və bu 9 il ərzində də olmayıb. Çünki onun imzası ilə satılan mənzillər başqa adama satıla bilməz. Sədr olduğu zamanlar MTK-nın ortağı olduğu üçün müəyyən paya sahib olmalı idi, buna görə də həmin mənzil əvvəllər onun adına idi. Mənzili iddiaçıya o satmış və onun adından müqavilə əsasında iddiaçının adına keçirilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109-2. Kooperativin üzvləri 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsi). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164. Sahibliyin müdafiəsi 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

15. M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il il tarixli qərarı

Mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını araşdıraraq tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

18. İş materiallarından göründüyü kimi, mübahisələndirilən 310 saylı mənzilə dair "xxxx" MTK və İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən 2014-cü ildə ödənilmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi lazımı qaydada icra etsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyini, yəni pay haqqının ödənilməsi müqabilində şərtləşdirilmiş mənzili onun sahibliyinə verməkdən yayınır. Cavabdeh bunu iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, mənzillə bağlı heç bir xərcləri ödəməməsi, sayğacları quraşdırmaq üçün lazım olan vəsaiti verməməsi ilə əlaqələndirir. Lakin, tərəflər arasında bağlanmış 12 fevral 2014-cü il tarixli, 15 saylı müqavilədə mənzilin verilməsindən bu şərtlər olduqda imtina edilməsi ilə bağlı bir şərt nəzərdə tutulmayıb. Deməli, mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı hissədə iddia tələbi əsaslıdır.

19. Bununla yanaşı, sahiblik və istifadə hüququ əmlaka qanuni əsasla sahibliyi həyata keçirən şəxsə əmlakdan üçüncü şəxslərin qanunsuz müdaxiləsi olmadan öz mülahizəsinə görə istifadə etməyi, yəni onun faydalı xüsusiyyətlərindən yararlanmaq imkanını nəzərdə tutur. Hazırkı cavabdeh tərəfindən belə maneçilik yaradıldığından, iddiaçı bu imkandan məhrum olub. Belə ki, yerli baxış zamanı, həmçinin məhkəməyə ünvanlanmış məktublar zamanı cavabdeh MTK-nın sədr müavini bildirmişdir ki, yuxarıda qeyd olunan əsaslara görə iddiaçının mənzilə girişinə qadağa qoyulmuşdur. Məhkəmə tərəfindən mübahisəli mənzilə keçirilmiş yerli baxış zamanı da həqiqətən müəyyən olunmuşdur ki, mənzil tam təmirsiz və istifadəyə yararsız vəziyyətdədir, mənzilin giriş qapısının açarı yoxdur və cavabdeh tərəfindən sındırılaraq iddiaçının həmin mənzildə təmir işləri aparmasına süni şəkildə maneçilik törədilməklə onun həmin mənzildə yaşamasına şərait yaradırılmır. Bu səbəbdən mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir, çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.

20. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də iddia tələbi üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur, iddiaçı iddia tələbində haqlıdır.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

24. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12 fevral 2014-cü il tarixli 15 saylı müqavilə üzrə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi,13 M ünvanında inşa edilən 4 bloklu, 15 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 310 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmalı, həmin mənzil ona təhvil verilməli və qeyd edilən mənzildən istifadəyə maneçilik törədilməsi cavabdeh "xxxx" MTK-ya qadağan edilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 12 fevral 2014-cü il tarixli 15 saylı müqavilə üzrə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi,13 M ünvanında inşa edilən 4 bloklu, 15 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 310 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Mənzil İddiaçı təhvil verilsin və qeyd edilən mənzildən istifadəyə maneçilik törədilməsi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qadağan edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar