Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-938/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı- İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 602 manat borc, əlavə 10 faiz hesablanmaqla 60.2 manat dəbbə pulu və 50 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 712.2 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə borc müqaviləsinə əsasən şirkətə maddi ziyan vurmuş və nəticədə 842 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, 8 aya 842 manat borcu 22 iyun 2022-ci il tarixindən hər ay 105.25 ödəməyi öhdəsinə götürmüş və müqavilədə göstərilən 842 manat məbləğin 240 manatını ödəmiş, lakin 602 manat ödənilməmiş hissəsi qalmışdır. Cavadehin cəmi ödədiyi 240 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği müqavilə ilə müəyyən edilmiş son tarixə ödənilmədikdə, “Borclu” borc məbləğindən əlavə ödəmə tarixində sonraki hər gün üçün ümumi borc məbləğinin 0.5 %-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə kreditor tərəfindən dəfələrlə telefon danışığı zamanı, həmçinin ona göndərilmiş 14 sentyabr 2022-ci il tarixli pretenziya məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəliklərin lazımınca icra edilməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəliklərini yerinə yetirməmişdir. İş materialları. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, kreditor İddiaçı MMC və borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 8 ay müddətinə, hər ay 105.25 manat ödəməklə 842 manat məbləğində borc verilmişdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdehn borc müqaviləsi üzrə 842 manat pul ödəməyi öhdəsinə götürmüş, lakin xx.xx.2022-ci il tarixədək ümumilikdə 240 manat pul ödəmiş, 602 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixli borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd edilən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh borcun etirafı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Odur ki, iddiaçı borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunun mənasına görə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin ödəniş etmədiyi halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 602 manat ödənilməmiş borc və əlavə 10 faiz hesablanmaqla 60.2 manat dəbbə pulu olmaqla, cəmi 662.2 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 602 manat ödənilməmiş hissə, 60.2 manat dəbbə pulu olmaqla, cəmi 662.2 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 602 manat məbləğində borc və 60.2 manat dəbbə pulu olmaqla - cəmi 662.2 (altı yüz altmış iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-938/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-938/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver