Məhkəmə qərarları › İş №e-2(010)-963/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-963/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-963/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 423.6 manat məbləğində əsas borc, 5.69 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 429.29 manat borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli, 100821-133518/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 458.37 manat məbləğinə kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş, kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. 28.12.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 423.6 manat məbləğində əsas borcu, 5.69 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 429.29 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli, 100821- 133518/10 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün Bank tərəfindən Müştəriyə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 458.37 manat məbləğinə kredit verilmişdir. Müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürmüşdür. 28.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.12.2021-ci il tarixə Cavabdeh Banka 423.6 manat əsas borc, 5.69 manat faiz borcu olmaqla, 429.29 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 484 gün təşkil edir. Ödəniş cədvəlindən görünür ki, götürülmüş kreditin 28.06.2019 – 28.06.2024-cü il tarixləri arasında ilk 12 ay güzəşt müddətindən sonra hər ay 9.75 manat (sonuncu ay 9.53 manat) məbləğində ödənişlə qaytarılması təsdiq edilmişdir. 03.12.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bank tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə borcunun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 458.37 manat məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişdir. Belə olan halda Bank əsaslı olaraq müqavilə üzrə yaranmış borcu Cavabdeh tələb etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kredit məbləği üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 423.6 manat əsas, 5.69 manat faiz olmaqla, cəmi 429.29 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Odur ki, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 423.6 manat əsas, 5.69 manat faiz olmaqla, cəmi 429.29 manat (dörd yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 423.6 manat əsas, 5.69 manat faiz olmaqla, cəmi 429.29 manat (dörd yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar