Məhkəmə qərarları › İş №e-2(010)-966/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-966/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-966/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13600 manat məbləğində kredit bоrcu, 2761.14 manat məbləğində faiz bоrcu və 1147.84 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17508 manat 98 qəpik məbləğində bоrcun və ödənilmiş 142.50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13600 manat məbləğində kredit götürmüşdür. Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən, onun adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Onun vərəsələri anası Cavabdeh2, oğlu azyaşlı X11, arvadı Cavabdeh1, qızı azyaşlı X7 və qızı azyaşlı Cavabdeh2 Ramin qızıdır. Cavabdehlər, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehlər, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 13600 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 422 gün üçün hesablanmış faiz borcu 2761.14 manat təşkil edir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X8 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfin iddianın faktiki və hüquqi əsasları ilə bağlı kifayət qədər sübut təqdim etmədiyini, kredit müqaviləsi iş materiallarında olmadığını, yalnız Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərini təqdim etdiklərini bildirmişdir. Ölüm haqqında şəhadətnamənin surətini təqdim ediblər. Hazırda cavabdeh qismində ölən şəxsin yoldaşı və anasıdır. Lakin, qanun üzrə vərəsəliyin olması barədə də sübut təqdim edilməyib, vərəsəlik hüququ haqqında şəhadətnamə olmalı idi. Şəhadətnamə alındıqdan sonra məhkəməyə müraciət etməli idilər. Əgər aktiv vərəsəlik yoxdursa, passiv vərəsəlikdən söz gedə bilməz. Bankın bütün bu sənədləri təqdim etmək üçün kifayət qədər vaxtları olub. Məhkəməyə gec müraciət etdiklərinə görə də fazi və cərimə məbləğləri artmışdır. İş materialları. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum X3 xx.xx.2022-ci il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə 13600 manat məbləğində kredit borcu, 2761,14 manat məbləğində faiz borcu və 1147, 84 manat məbləğində cərimə borcu mövcuddur. İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli bağlanan ərizədən görünür ki, mərhum X10 bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmiş, bankdan faiz dərəcəsi 19% olmaqla 36 ay müddətinə, 13600 manat məbləğində kredit sifariş etmişdir. X1 ödəniş planından görünür ki, mərhum X10 xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 6-dək 501 manat, xx.xx.2025-ci il tarixdə 484,14 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində X3 hesabına 13600 manat köçürülmüş və məxaric edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin Bakı şəhəri 31 saylı vəkil Bürosuna göndərilmiş xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X10 adına xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsələri anası Cavabdeh2, oğlu X11, arvadı X9, qızı - X7, qızı X6r. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavillənin ümümi şərtlərinin” 7.20-ci bəndinə uyğun оlaraq, bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 mərhum X3 vərəsəsi olduğu üçün xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X4 mərhum X3 vərəsəsi olduğu üçün xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 285303 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 550 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hazırkı işdə iddiaçı tərəfindən təqdim edilən sübutları iş üzrə obyektiv həqiqətə nail olunması üçün kifayət hesab etməmişdir. Belə ki, iddiaçı mərhum X5 vərəsələrindən - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X11 ilə bağlanmış kredit müqaviləsi üzrə borcun tutulmasını tələb edir. Belə ki, cavabdehlər mərhumun vərəsələri hesab edilsə də, onlar tərəfindən mərhum X2 qalmış mirasın qəbul edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bildiyimiz kimi, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən mərhumun bank qarşısında öhdəlikləri olduğu görünür. Bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən miras qəbul edildiyi halda onun aktivi hissəsində icra edilməlidir. Lakin, mərhumun miras qalmış əmlaklarının olub-olmaması barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi barəsində də iddiaçı tərəf sübut təqdim etməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, vərəsəlik barəsində şəhadətnamə alınmamışdır. Yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmiş hüquqi mövqeyinə əsasən, “vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Vərəsə mirası qəbul etməli və mirasdan istifadə etməlidir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Beləliklə, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.” Məhkəmə qeyd edir ki, sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı miras qoyanın kreditoru olmaqla öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün qeyd olunan sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunları etməmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən və yalnız formal mülahizələrə əsaslandığından təmin edilə bilməz. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13600 manat məbləğində kredit bоrcu, 2761.14 manat məbləğində faiz bоrcu və 1147.84 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17508 manat 98 qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 142.50 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar