Məhkəmə qərarları › İş №e-2(010)-967/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-967/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-967/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1̇ Adı̇ l oğlu və Cavabdeh2 Məcməddı̇ n oğluna qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1̇ Adı̇ l oğlu və Cavabdeh2 Məcməddı̇ n oğluna qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində vəfat etmiş Ağayev Adil Allahverdi oğlunun vərəsəsi Cavabdeh1 və zamin Cavabdeh2 əsas məbləğ üzrə borc 248.79 AZN, hesablanmış və ödənilməmiş faiz borcu 29.03 AZN, cərimə borcu 34.96 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 29.50 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 6.60 AZN, cəmi borc 348.88 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və Ağayev Adil Allahverdi oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Ağayev Adil Allahverdi oğluna istehlak yönümlü 500 (beş yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Eyni zamanda Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Zamin Cavabdeh2 borc götürənlə birgə borcun qaytarılması ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Ağayev Adil Allahverdi oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. Bununla bağlı Bank məhkəmə müraciət üçün hazırlıq mərhələsində Banka daxil olmuş sorğu üzrə DİN-nin BPQMİ-nin MAPS şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli arayışından məlum olmuşdur ki, Ağayev Adil Allahverdi oğlu xx.xx.2023-cü il tarixində ölüm səbəbi ilə qeydiyyatdan çıxarılıb. xx.xx.2023-cü il tarixli, 1497/3 saylı vəkil sorğusuna 20 saylı notariat ofisinindən alınan cavaba əsasən Ağayev Adil Allahverdi oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Miras qalmış əmlak vərəsəsi Cavabdeh1 tam payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ağayev Adil Allahverdi oğlunun Kredit müqaviləsi üzrə Bank qarşısında icra olunmamış öhdəliyi qalmasına baxmayaraq, vərəsə Cavabdeh1 vəfat etmiş Ağayev Adil Allahverdi oğlunun vərəsə olması barədə Banka məlumat verməmişdir. Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndəsinin məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş və bu səbəbdən məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir

4. Məhkəmə iclasında Cavabdeh1 ərizə təqdim edərək iddia tələbi ilə yalnız əsas borca münasibətdə razı olduğunu və iddia tələbini qalan hissədə qəbul etmədiyini bildirmişdir.

5. Məhkəmə iclasında Cavabdeh2 Məcməddı̇ n oğlu iddia tələbinin ona dair hissədə təmin edilməməsini xahiş etdi və bildirdi ki, zamin olduğu müqavilənin müddəti 2020-ci il tarixdə bitmişdir.

İş materialları.

6. "xxxx" QSC ilə Ağayev Adil Allahverdi oğlu və Cavabdeh2 Məcməddı̇ n oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”dən görünür ki, həmin müqavilənin 4.26-cı bəndinə əsasən, “Bank” kart/əlavə kart sahibinə (Ağayev Adil Allahverdi oğlu) 5 il müddətinə 500 AZN məbləğində kredit xətti açır. Eyni zamanda müqavilənin 4.27-ci bəndinə əsasən, zamin (Cavabdeh2 Məcməddı̇ n oğlu) bank qarşısında öhdəliklərinin icra edilməsi ilə əlaqədar zamin durur və Bank qarşısında kart/əlavə kart sahibi (Ağayev Adil Allahverdi oğlu) ilə tam birgə məsuliyyət daşıyır.

7. İş materiallarında olan “hesabdan çıxarış”dan görünür ki, kredit müqaviləsi üzrə açılan kredit xəttindən istifadə edilmiş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kredit borcu üzrə ödəniş edilmişdir.

8. İş materiallarında olan bildiriş (pretenziyadan) müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 5 iş günü müddətində ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Ağayev Adil Allahverdi oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Banka əsas borc üzrə 248.79 AZN, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 29.03 AZN, cərimə borcu üzrə 34.96 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 29.50 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 6.60 AZN, cəmi 348.88 AZN məbləğində borcu vardır.

10. xx.xx.2023-cü il tarixli, 2V-92 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Ağayev Adil Allahverdi oğlunun vərəsələri : ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD517036 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0AHL**********, mühərrikin nömrəsi və buraxılış ili – 2007-ci il olan Opel Astra minik markalı, 99LC887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

11. xx.xx.2023-cü il tarixli, 2V-93 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Ağayev Adil Allahverdi oğlunun vərəsələri : ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: AR Müdafiə Nazirliyi 334 nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 334 nömrəli məktuba əsasən 622.42 manat məbləğində pul vəsaitindən ibarətdir.

12. xx.xx.2023-cü il tarixli, 2V-94 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Ağayev Adil Allahverdi oğlunun vərəsələri : ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Ağayev Adil Allahverdi oğluna verilmiş **********94-05301-093042 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, bina 4, mənzil 2, Yeni Qaydalarla : ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.5 kv.m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi, **********HP75601 olan arayışa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, bina 4, mənzil 2, Yeni Qaydalarla : ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür. Qeyd : "xxxx" MMC, 3 il müddətinə özg. İcazə verilməsin. Müqavilə şərtinə əsasən.

İşin faktiki halları.

13. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" QSC ilə Ağayev Adil Allahverdi oğlu və Cavabdeh2 Məcməddı̇ n oğlu arasında xx.xx.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” bağlanmış və bank tərəfindən Ağayev Adil Allahverdi oğluna 5 il müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda həmin müqaviləyə əsasən, zamin (Cavabdeh2 Məcməddı̇ n oğlu) bank qarşısında öhdəliklərinin icra edilməsi ilə əlaqədar zamin durmuş və Bank qarşısında kart/əlavə kart sahibi (Ağayev Adil Allahverdi oğlu) ilə tam birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin sonradan xx.xx.2023-cü il tarixdə Ağayev Adil Allahverdi oğlu vəfat etdiyi üçün onun ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı hazırda Ağayev Adil Allahverdi oğlunun vərəsəsi olan Cavabdeh1 və xx.xx.2015-ci il tarixli müqavilə üzrə zamin durmuş Cavabdeh2 Məcməddı̇ n oğlundan ödənilməmiş kredit borcunun qaytarılmasını tələb edir. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək yalnız tələb olunan əsas borc məbləği ilə razı olduğunu bildirir. Digər Cavabdeh2 Məcməddı̇ n oğlu isə iddia tələbini özünə münasibətdə əsaslı hesab etmir.

Tətbiq olunan hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

15. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehlərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilməli, digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

20. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit "xxxx" ASC müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini mərhum borcluya vermiş, yəni 500 manat məbləğində kredit xəttini açmış, borclu isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsəsindən (Cavabdeh1) və kredit müqavilə üzrə zamin durmuş şəxsdən (Cavabdeh2) borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi Cavabdeh1 borcludan qalmış daşınar və daşınmaz əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır.

21. Tutulacaq pulun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində əsas borc üzrə 248.79 AZN, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 29.03 AZN, cərimə borcu üzrə 34.96 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 29.50 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 6.60 AZN, cəmi 348.88 AZN məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində eyni zamanda müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 29.50 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 6.60 AZN pul vəsaiti tələb etsə də, lakin tələbi qeyd olunan hissədə formal şəkildə əsaslandırmaqla kifayətlənmiş və bu hissə ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinə dair Cavabdeh1 etirazına münasibətdə qeyd edir ki, Cavabdeh1 yalnız əsas borc tələbi ilə razı olduğunu bildirsə də, lakin iddia tələbinin qalan hissədə əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə mərhum Ağayev Adil Allahverdi oğlu arasında bağlanmış həmin kredit müqaviləsində müvafiq kredit faizlərinin ödənilməsi nəzərdə tutulmuşdur və tələb olunan 29.03 manat faiz borcu da elə məhz bunun əsasında hesablanmışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı mülki qanunvericilik normalarına əsasən icra edilməmiş kredit öhdəliyi üçün cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Lakin bununla belə məhkəmə hesab edir ki, tələb olunan 34.96 AZN cərimə borcu tələb olunan 248.79 AZN əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 24 AZN həddində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, cərimə borcunun əsas borcun 10% hissəsini təşkil etməsi daha ağılabatandır. Bu həm kreditorun əmlak mənafelərinə uyğundur, həm də cavabdehin əsassız olaraq məliyyə öhdəliyi ilə yüklənməsinə səbəb olmur.

22. Məhkəmə eyni zamanda hazırki iddia tələbini digər Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Məhkəmə zaminliyə xitam verilməsi ilə bağlı yuxarıda qeyd olunan mülki qanunvericilik normasına istinadən qeyd edir ki, yuxarıda qeyd olunan 5 il müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbinin əsassız olmasına dəlalət edir. Ona görə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd etdiyi zaminliyə xitam verilməsi müddəti növünə görə kəsici müddətdir. Deməli, həmin 1 illik müddət kəsici müddət olduğuna görə bu müddətin keçməsi ilə tələb hüququ da bitmiş hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməklə, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 248.79 AZN, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 29.03 AZN, cərimə borcu üzrə 24 AZN olmaqla cəmi 301.82 AZN pul vəsaiti tutulmalıdır.

Məhkəmə xərcləri.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı "xxxx" QSC-nin xeyrinə 248.79 manat əsas borc, 29.03 manat faiz borcu, 24 manat cərimə borcu olmaqla cəmi 301.82 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "xxxx" QSC-nin xeyrinə 248.79 manat əsas borc, 29.03 manat faiz borcu, 24 manat cərimə borcu olmaqla cəmi 301.82 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar