Məhkəmə qərarları › İş №e-2(010)-971/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-971/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-971/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətləri göstərilməsi X3 şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 36 ay müddətinə, aylıq 1.75% olmaqla, 7500 (yeddi min beş yüz) manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi plnlaşdırılmış aylıq üçün xx.xx.2022-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətləri X3 şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq Ərizədə qeyd olunur. O, götürdüyü kredit borcundan 1349,02 manat ödəniş etmiş və onun iddiaçıya 6150,98 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 170 gün üçün hesablanmış faiz borcu 698,02 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 170 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 219,19 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir.

İddia tələbi.

2. Cavabdeh ilə bağlanmış müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6150,98 manat əsas, 698,02 manat faiz və 219,19 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7068,19 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 90,68 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. İddiaçı QSC Cavabdeh 36 ay müddətinə qaytarmaq, aylıq 1.75 % ödəmək şərti ilə 7500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

6. Bank Xidmətlərinin Göstərilməsi X3 Şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Həmin müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. Həmin müqavilənin 7.32 və 7.32.1-ci bəndlərindən görünür ki, müştəri krediti və kredit faizini müqavilənin şərtlərinə əsasən və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank kredit və girov barədə qarışıq müqavilənin və ya nağd krediti barədə müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini və kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir.

7. AccessBank QSC tərəfindən verilən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan Cavabdeh hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 7500 manat miqdarında pul vəsaiti mədaxil edilmişdir.

8. AccessBank QSC ilə Cavabdeh arasında bağlanmış 009A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli ödəniş planından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 7500 manat, faiz borcuna görə 2714,4 manat olmaqla, cəmi 10214,4 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

9. İddiaçı ASC-nin arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci iİ tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 6150,98 manat əsas, 698,02 manat faiz və 219,19 manat cərimə olmaqla, cəmi 7068,19 manat borcu vardır. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 170 gündür.

10. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

11. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 90,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

12. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

16. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

17. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

18. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 6150,98 manat əsas və 698,02 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır.

19. Cərimə borcunun tutulmasına dair iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakı nəticəyə gəlir.

20. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin tələbləri irəli sürmüş olsa da, həmin hissədə iddia tələbini ümumiyyətlə əsaslandırmamış və iddia ərizəsində yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1, 448.1, 465.2 və 467-ci maddələrinə istinad etmişdir.

21. Məhkəmə iddianın qismən əsaslı hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

22. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”.

23. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 219,19 manat məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 50 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir.

24. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2021-ci iİ tarixli 009A********** saylı müqavilə üzrə 6150,98 manat ödənilməmiş əsas məbləğ, 698,02 manat faiz və 50 manat cərimə məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

25. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 90,68 manat dövlət rüsumu ödəmişdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 90,68 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 009A********** nömrəli müqavilə (ərizə) ləğv edilməli, cavabdehdən 6150,98 manat məbləğində kredit borcu, 698,02 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu, cəmi 6899 manat məbləğində borc və ödənilmiş 90,68 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 009A********** nömrəli müqavilə (ərizə) ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 009A********** nömrəli müqavilə üzrə 6150,98 manat əsas, 698,02 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 6899 (altı min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş 90,68 (doxsan manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar