Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.540 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 47 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2.687 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Nexia MT minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Cavabdeh 09 fevral 2022-ci il tarixdə avtomobili zədəli halda iddiaçıya təqdim etmiş, iddiaçı həmin vaxt avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etmişdir. Orada avtomobilə baxış keçirilərkən avtomobilin katalizatorunun yerində olmadığı, həmçinin avtomobildə plastmasçı işinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2540 manat tələb olunmuşdur. Lakin cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. İddiaçı həmin vaxt “RS Avtoservis”-də 2540 manat ödəyərək öz hesabına avtomobili təmir etdirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 1.500 manat depozit qoymaqla maşını icarəyə götürmüşdür. Həmin avtomobildə katalizatoru o çıxartmışdır. Lakin katalizatorun qiyməti 2.500 manat ola bilməz. Müdir ondan dəymiş zərəri ödəməyi tələb etdiyində o, 1.500 manat depoziti olduğunu, dəymiş zərərin oradan çıxılmasını bildirmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 25 noyabr 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 1.500 manat depozit ödəyərək iddiaçıya məxsus “Chevrolet Nexia MT minik” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Cavabdeh avtomobili iddiaçıya təhvil vermişdir. Avtomobil iddiaçıya təhvil verildikdən sonra texniki baxışdan keçirilmiş və “RS Avtoservis” tərəfindən avtomobilə ziyan dəydiyi müəyyən edilərək dəymiş zərərin hesablanmasına dair akt tərtib edilmiş, akta əsasən zərərin həcmi 2540 manat müəyyən edilmişdir. İşin mübahisə edilən halları dəymiş zərərin həcmi ilə bağlıdır. Eyni zamanda cavabdeh iddiaçı ilə arasında olan müqaviləyə istinadən dəymiş ziyanın ödədiyi depozit məbləğindən çıxılmasını tələb etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olan iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 noyabr 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 1500 manat depozit ödəyərək iddiaçıya məxsus “Chevrolet Nexia MT minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərər göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən nəqliyyat vasitəsini icarəyə verən şəxs tələb etməlidir və sonra nəqliyyat vasitəsini icarəyə verən şəxsdən depozit məbləğini bərpa etməyi tələb etməlidir. Məhkəmə tərəfindən araşdırılıb müəyyən edilmiş digər hal ondan ibarətdir ki, Cavabdeh tərəfindən icarəyə götürdüyü avtomobilin katalizatoru sökülmüş, bununla da avtomobilə ziyan vurulmuşdur. Bu hal məhkəmə iclasında cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Lakin cavabdeh katalizatorun dəyərinin 2540 manat olmasının mümkün olmadığını bildirmişdir. Daha sonra məhkəmə tərəfindən katalizatorun qiymətinin müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb edilmişdir. "xxxx" MMC-nin ekspert-qiymətləndiricisi X3 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, detalın orijinalı hal-hazırda yoxdur, sifarişlə gətirilir və onun Azərbaycana daşınma xərcləri daxil gətirmə qiyməti 2400 manat təşkil edir. Məhkəmə mütəxəssis rəyini digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, rəy sübut qismində qəbul edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, nə qədər ki, tərəflərin bağladığı icarə müqaviləsi ilə avtomobilə dəyən ziyanın aradan qaldırılması müddəaları nəzərdə tutulub, müqavilə şərtləri hazırkı münasibətlərə tətbiq edilməlidir. İddiaçı məhkəmə araşdırması zamanı avtomobilin üç aydan tez müddətə geri qaytarıldığını əsas gətirərək, depozit məbləğinin geri qaytarılmayacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh məbləğin geri qaytarılmasını deyil, dəymiş ziyan məbləğinin həmin məbləğdən çıxılmasını tələb edir. Odur ki, iddia tələbi qismən təmin edilərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6-cı bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən avtomobilə vurulmuş 2400 manat zərər onun ödədiyi 1500 manat depozitdən aradan qaldırılmalıdır (2400-1500=900 manat), yerdə qalan 900 manat ziyan isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 100 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 26 dekabr 2022-ci il tarixdə İddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 100 manat xidmət haqqının 36 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 64 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 47 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 47 manat dövlət rüsumunun 17 manatı alınıb iddiaçıya ödənilməli, qalan 30 manat isə iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, ekspertizanın keçirilməsi üçün 200 manat xidmət haqqı təyin edilmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən, ekspertizaya ödənilmiş xidmət haqqının 72 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 128 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat maddi ziyan, hüquqi yardımla əlaqədar 36 (otuz altı) manat xidmət haqqı, ekspertizaya görə ödənilmiş 72 (yetmiş iki) manat xidmət haqqı və ödənilmiş 17 (on yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 64 (altmış dörd) manatı, ekspertizaya görə ödənilmiş xidmət haqqının 128 (bir yüz iyirmi səkkiz) manatı və dövlət rüsumuna görə ödənilmiş məbləğin 30 (otuz) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1/2023
17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver