Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1008/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra – iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin artırılması” tələbi barədə ilkin, cavabdehin iddiaçıya qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 1652 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin bu nikahlarından iki övladları – xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur.
2. Tərəflərin nikahı Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4638/2023 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
İlkin və qarşılıqlı iddia ərizələrinin dəlilləri: a) İlkin iddia ərizəsinin dəlilləri:
3. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasıya prosesi zamanı ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi qaydada nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Hal-hazırda birgə nikahdan anadan olmuş uşaqlar onunla biıgə yaşayır. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Hal-hazırda övladlarını təkbaşına böyüdür. Uşaqların maddi xərcləri günbəgün artır. Maddi imkanı çox aşağı olduğuna görə özü təkbaşına uşağın sosial xərclərini qarşılamaqda çətinlik çəkir. Buna görə də cavabdehə alimentin miqdarının artırılmasının mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini, həmçinin Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməyimə baxmayaraq, təklifi cavabsız qalmışdır.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
6. Cavabdeh alimentin miqdarının azaldılaraq hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Xətai rayon Məhkəməsinin qətnaməsi ilə hər uşağa aylıq 220 manat olmaqla ümumilikdə 440 manat aliment kəsilmişdir. Aliment miqdarının 440 manat olması onun maddi vəziyyətini tamamilə pisləşdirib. Aliment kəsilən dövrdə o, heç bir yerdə işləmirdi. xx.xx.2024-cü il tarixdən Saatlı rayon Məhkəməsində müqavilə əsasında hakim köməkçisi vəzifəsində işləyir. Aylıq gəliri 412 manatdır. Bundan əlavə “X4” ASC-dən 4200 manat məbləğində kredit götürmüş və aylıq 135 manat "xxxx" ASC-nə ödəniş edir. Hal-hazırda banka ümumilikdə 2358 manat borcu qalıb. Ümumilikdə aylıq gəliri 412 manat olmasına baxmayaraq alimentlə bir yerdə 575 manat öhdəliyi var. Öhdəliyinin əmək haqqına nisbətdə yüksək olmasına görə maddi sıxıntılar yaşayır.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.
17. “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
19. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı:
21. Minimum aylıq əmək haqqının məbləği 2023-cu il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
22. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
23. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, ilkin və qarşılıqlı iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
25. Məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə münasibətdə bildirir ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar.
26. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
27. Əvvəldə də göstərildiyi kimi, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
28. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
29. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün minumum xərclər, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri davamlı olaraq artır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, sonradan onun azaldılmış məbləğdə iddiaçı tərəfindən ödənilməsi uşağın zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz, eyni zamanda bu uşağın əvvəlki maddi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
30. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə tutulan alimentin daha az məbləğdə ödənilməsinin uşağın mənafeyinə zidd olduğunu, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək təmin edilməsini nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün iddiaçı tərəfindən öz təşəbbüsü ilə verilən alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində iddiaçının öz təşəbbüsü ilə verdiyi aliment onun qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
32. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi vəziyyəti nəzərə alınmalıdır. Əvvəla, cavabdeh iddiaçının ondan hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasına imkan verən maddi duruma malik olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Digər bir tərəfdən, işin məhkəmə araşdırması zamanı bəlli oldu ki, cavabdeh Saatlı Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 490 manat təşkil edir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 230 manat məbləğində tutulmasını daha məqsədə uyğun hesab edir. Məhkəmə alimentin bu həcmdə müəyyən edilməsi qənaətinə gələrkən tərəflərin birgə nikahlarından doğulmuş uşağa görə qətnamə ilə tutulan alimentlə təmin edilən əvvəlki maddi durumunun mümkün qədər yüksək saxlanması imkanını nəzərə alır.
33. Tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.
34. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
35. Şərh edilənlər nəzərə alınmaqla, məhkəmə alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 230 manat məbləğində tutulmasını təmin etdiyindən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir: 230 manat (məhkəmə tərəfindən müəyyən edilən alimentin məbləği) : 345 manat (2023-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,667 Göründüyü kimi, 230 manat 345 manatın 0,667 mislinə bərabərdir.
36. Alimentin tutulma müddəti alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan başlanmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına əsasən “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aidedilməmişdir.”
37. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin hüquqi tənzimlənməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur.
38. Cavabbdeh alimentin miqdarının azaldılmasını hal-hazırda "xxxx" ASC-yə borcunun olması və əmək haqqının miqdarının az olması ilə əlaqələndirir. Məhkəmə cavabdehin maddi vəziyyətinə görə alimentin azaldılması barədə dəlili ilə razılaşmır, belə ki, cavabdehin Bank qarşısında hər hansı bir öhdəliyinin olması uşağın getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində tələb edilir ki, sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınarkən ilk növbədə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır.
39. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qırarında da göstərilir ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.
40. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, alimentin alimentin məbləğinin azaldılması əsaslı hesab edilə bilməz.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4638/2023 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2024-cü il tarixdən başalayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,667 misli miqdarında aliment tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı