Məhkəmə qərarları › İş №e-2(011)-1025/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1025/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1025/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, AFFA-nın İntizam Komitəsinin 1 dekabr 2017-ci il tarixli qərarı ləğv edilməsini və iddiaçıya vurulmuş maddi ziyan olaraq 48057 manat , işgüzar nüfuzumun ləkələnməsi nəticəsində 50000 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumu 295 manat vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, AFFA-nın nizamnaməsində qeyd edilən müddəalar Azərbaycan Respublikası qanunvericiliyinə ziddir. AFFA-nın nizamnaməsində qeyd edilmişdir ki, AFFA-nın nizamnaməsi ilə daxili qanunvericilik arasında ziddiyyət yarandığı təqdirdə isə daxili qanunvericilik əsas götürülməlidir. İddiaçının İdman Arbitraj məhkəməsinə müraciət etməsi üçün onun ölkədaxili hüquq müdafiə mexanizmləri tükənmiş olmalıdır. Cavabdeh tərəfin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına dair müddəa müəyyən edə bilməz. Bu iddiaçının AR Konstitusiyasında öz əksini tapmış konstitusion hüququnun pozulması ilə nəticələnir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, hazırkı işin məhkəmədə baxılmasının beynəlxalq idman prinsiplərinə zidd olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (6-cı redaksiyada) Nizamnaməsin 67.1-ci maddəsinə əsasən AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmadıqda, hər hansı mübahisəli məsələni adi məhkəmələrə çıxarmır. İstənilən mübahisə FİFA, UEFA və ya AFFA-nın yurisdiksiyasına təqdim olunur. Nizamnamənin 68.1-ci maddəsinə əsasən X3 bərabərlik və tərəflərə eyni münasibət prinsiplərinə əsasən yaradılan müstəqil və tərəfsiz tribunaldır. Tribunal iki palatadan ibarətdir: İntizam Palatası və X4 Nizamnəmənin 68.4-cü maddəsinə əsasən X1 səlahiyyət dairəsi və iş qaydası X1 Əsasnaməsinə uyğun olaraq tənzimlənir. Nizamnamənin 68.6-cı maddəsinə əsasən Arbitraj Tribunalına apellyasiya şikayəti yalnız AFFA-nın daxili prosedurları və hüquqi-müdafiə vasitələrindən tam istifadə olunduqdan sonra verilə bilər. Nizamnamənin 68.7-ci maddəsinə əsasən X1 qərarlarından şikayətlərə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılır. Həmçinin Nizamnamənin 1-ci maddəsinin “ç” bəndində qeyd edilmişdir ki, AFFA, FİFA və UEFA-nın nizamnamələrinin müvafiq müddəalarında müəyyən olunduğu kimi, Lozanna (İsveçrə) İdman Arbitraj Məhkəməsinin (CAS) yurisdiksiyasını tanıyır. İddiaçı ilə “X8 Klubu” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 15ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir. Əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir. Tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində qeyd edilmişdir ki, işəgötürən və işçi FİFA, UEFA, AFFA PFL Nizamnaməsi, əsasnamələr və qərarlarına riayət etməyi öz imzaları ilə təsdiq edirlər. İddiaçı cavabdehlə əmək müqaviləsi bağlayarkən AFFA-nın nizamnaməsi ilə tanış olaraq onun şərtlərini qəbul etmişdir. Sözügedən mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mübahisənin adi məhkəmədən kənar həll edilməsi qaydasına əməl edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması, iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Bakı Apellyasiyanın Mülki Kollegiyasının 2(103)-2363/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbinə baxılmasının mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, tərəflər arasında mübahisənin yerli məhkəmələrdə baxılmasını istisna edən razılaşma olmuş, tərəflər mübahisələrin yerli məhkəmələrdə deyil, AFFA-nın daxili yurisdiksiya orqanlarında, daha sonra isə İdman üzrə Arbitraj Məhkəməsində (CAS) həll olunması barədə razılığa gəlmişlər. Belə bir razılaşmanın mövcudluğu şəraitində, məhkəmə bu məsələyə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi kontekstində hüquqi qiymət verməli və iş üzrə icraata xitam verilməsinin mümkünlüyünü araşdırmalı olduğu halda, birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamışdır. Göründüyü kimi AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər arasında yaranmış mübahisələrin ümumiyyətlə adi məhkəmələr çıxarılması istisna olunmaqla bu cür mübahisələrin FİFA, UEFA və ya AFFA-nın yurisdiksiyasına təqdim olunması nəzərdə tutulmuşdur. Müəyyən edilmiş qaydalara görə tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməli, əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir. AFFA-nın müvafiq komitəsinin (İntizam Komitəsi və ya Oyunçuların Statusu və Transferi Komitəsi) qərarından AFFA-nın daxili prosedurları və hüquq müdafiə vasitələrindən tam istifadə olunduqdan və tərəflər qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın X2 apellyasiya şikayəti verə bilərlər. AFFA-nın X1 qərarından isə narazı qaldıqları təqdirdə İsveçrə İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisənin yerli məhkəmələrdə baxılmasını istisna edən razılaşma olduğundan, tərəflər mübahisələrin yerli məhkəmələrdə deyil, AFFA-nın daxili yurisdiksiya orqanlarında, daha sonra isə İdman üzrə Arbitraj Məhkəməsində (CAS) həll olunması barədə razılığa gəldiyindən, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, qeyd edilən tələblə bağlı müvafiq olaraq AFFAnın daxili yurisdiksiya orqanlarına və İdman üzrə Arbitraj Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya eyni tələblə müvafiq olaraq AFFA-nın daxili yurisdiksiya orqanlarına və İdman üzrə Arbitraj Məhkəməsinə müracət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar