Məhkəmə qərarları › İş №e-2(011)-1031/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1031/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1031/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli ərizə əsasında kedit razılaşması imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə imzaladığı ərizə ilə Kredit razılaşmasının (müqaviləsinin) bağlanmasını təsdiq etmişdir (ərizənin mətnində cavabdeh imzası ilə təsdiq etmişdir ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və qəbul etmiş, ərizədə isitfadəedilmiş anlayışlar “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə eynidir). Ərizə ilə təsdiq edilmiş Kredit razılaşmasına əsasən kredit limiti 40 000 manat, kredit limitinin müddəti 48 ay, keditin maksimum faiz dərəcəsi 28% müəyyən edilmiş və cavabdehə həmin kredit limiti çərçivəsində aylıq 19% olmaq şərtilə, 48 ay müddətinə 14800 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 445 manat (sonuncu ay üzrə 441,06 manat) müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı cavabdehdən onun xeyrinə 13037,98 manat əsas, 1471,58 manat faiz borcu və 247,98 manat cərimə borcu olmaqla, cəmi 14757,54 manat kredit borcunn və 134,27 manat ödənilmiş dövlə rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə bağlanmış 030A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh aylıq faiz dərəcəsi 1.5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14800 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1762.02 manat ödəniş etmiş və onun iddiaçıya 13037.98 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 167 gün üçün hesablanmış faiz borcu 1471.58 manat təşkil edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdehə aylıq 1.5833% olmaq şərtilə, 48 ay müddətinə 14800 manat məbləğində kredit verilmişdir.

20. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

21. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

22. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

23. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi həcminə görə qismən əsaslıdır.

24. Belə ki, iş materiallarına əlavə edilmiş sonn maliyyə arayışına əsasən xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 12 125,75 manat, faiz borcu isə 1229,29 manat təşkil edir.

25. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödəniş edildiyindən iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən, yəni 12 125,75 manat, faiz borcu isə 1229,29 manat tutulması hissəsində təmin edilməlidir.

26. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 247,98 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 50 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

27. Məhkəmə hesab edir ki, 134,27 manat məbləğində dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 91%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 12 125,75 manat məbləğində əsas, 1229,29 manat faiz borcu və 50 manat cərimə olmaqla borcu, cəmi 13 405,04 manat pul və ödənilmiş 122,10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12,17 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar