Məhkəmə qərarları › İş №e-2(011)-1035/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1035/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1035/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh və qarşı “kredit üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 9230***-*******02L saylı əsas Kredit Razılaşması bağlanmışdır. Razılaşmaya görə Kredit verən (iddiaçı) 50 000 manat pulu 120 ay müddətinə, xx.xx.2032-ci ilədək cavabdehə (Borcalana) kredit limiti açmağı, kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüşdür. Razılaşmaya görə Borcalan (cavabeh) kredit limiti müddəti ərzində Kredit verənə müraciət etmək hüququna malikdir.

2. Kredit Razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə cavabdehin bank hesabına “online” qaydada 16 000 manat kredit vəsaiti köçürülmüşdir. Kreditin 48 ay müddətinə, aylıq faiz dərəcəsi 18% və aylıq ödəniş 470,13 manat olmaqla müəyyən edilmişdir.

3. Cavabdeh müqavilə üzrə öhdəliyini qsmən yerinə yetirmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 13571,47 manat əsas, 1235,82 manat faiz borcu, 83,96 manat cərimə olmaqla, cəmi 14891,25 manat pulun və iş üzrə ödənilmiş 134,68 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 9230***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2026-cü il tarixədək qaytarmaq və illik 18.00 % ödəmək şərti ilə aldığı 16000 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 23-dək ayda 470.13 manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləğia) əsas borc üzrə 13571.47 manat, faizlər üzrə 1235.82 manat, cərimə üzrə 83.96 manat təşkil edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, hal-hazırda maddi vəziyyəti ilə əlaqədar olaraq ödənişləri vaxtında edə bilmir. Eyni zamanda onun əmək haqqından başqa banklara olan borcuna görə də tutulmalar aparılır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 9230522-141-251402L saylı kredit limiti razılaşması bağlanmış, cavabdehə 120 ay müddətinə illik minimum 10%, maksimum 29% dərəcəsi ilə 50 000 manat məbləğində kredit limiti ayrılmışdır. Eyni zamanda, həmin kredit müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixdə cavabdehin bank hesabına “online” qaydada 16 000 manat kredit vəsaiti köçürülmüşdir. Kreditin 48 ay müddətinə, aylıq faiz dərəcəsi 18% və aylıq ödəniş 470,13 manat olmaqla müəyyən edilmişdir.

22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

23. İşin mübahisəsiz halıdır ki, Bankla cavabdeh Seyran İnasaridze arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Seyran İnasaridzeyə verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.

24. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da cavabdehin xx.xx.2023-cü il tarixə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13571,47 manat əsas borcu, 1235,82 manat faiz borcu, 83,96 manat cərimə borcu olmaqla, cəmi 14891,25 manat məbləğində borcunun olması qeyd edilmişdir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun və ona hesablanmış faizlərin tələb edilməsi hissəsində əsaslıdır.

26. Məhkəmənin qənaətinə görə, iddia tələbi 83,96 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

27. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 83,96 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 10 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir

28. Məhkəmə həmçinin iddianın 134,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 13571,47 manat əsas, 1235,82 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 14 817,29 manat pul və 134,68 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar