Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-106/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1754 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 12.572,69 (on iki min beş yüz yetmiş iki manat altmış doqquz qəpik) manat əsas borc pulun, 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində cərimə pulunun, 43.450 (qırx üç min dörd yüz əlli) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 278,56 (iki yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək qısa izahatında bildirdi ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1754 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 1000 manat, 36 ay müddətinə, hər ay üzrə 786 manat ödəniş etməklə, 29.292,69 manata satılmışdır, lakin cavabdeh avtomobil üçün, 1000 manat, 20 ay müddətinə hər ay 786 manat, cəmi 16.720 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmiş və bu səbəbdən 12.572,69 manat məbləğində əsas borcu qalmışdır, cavabdeh avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 786 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı hesablanmaqla 43.450 manat məbləğində icarə pulu hesablanmışdır, cavabdeh avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 869 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 6830 manat məbləğində cərimə pulu hesablanmışdır, Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh dəfələrlə şifahi və sonda yazılı xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır, bu səbəbdən avtomobilin tutularaq duracağa yerləşdirilməsi məqsədi ilə DİN Bakı şəhəri BPİ DYPİ-nə müraciət edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə razı olduğunu, etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında 09 fevral 2019-cu il tarixdə əşyanın nisyə alqı-satqısı haqqında 1754 №-li müqavilə bağlanmışdır, müqaviləyə əsasən, 2010 il “Hyundai Elantra” minik markalı avtomobili alıcıya nisyə olmaqla satır, alıcı isə minik avtomobilin dəyərini hissə-hissə olaraq satıcıya ödəyir, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, avtomobilin dəyəri 29292,69 manat məbləğində müəyyən edilir. Müqavilənin 4.6-cı bəndinə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəyir. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında 09 fevral 2019-cu il tarixdə sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobilə dair “dəyən zərərin ödənilməsi haqqında” müqavilə bağlanmışdır. İş materiallarında olan 1754 №-li müqavilə üzrə kredit ödəniş cədvəlinin surətindən görünür ki, müştərinin adı Cavabdeh, avadanlıq “Hyundai Elantra”, malın nisyə dəyəri 29292,69 manat, ilkin ödəniş 1000 manat, əlavə xərc 3000 manat, kreditin müddəti 36 ay, aylıq məbləğ 786 manatdır. İş materiallarında olan X1 və Cavabdeh tərəfindən imzalanmış “Təhvil təslim aktı”nın surətindən görünür ki, Cavabdeh sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur. İş materiallarında olan İddiaçı MMC və X2 arasında bağlanmış 09 fevral 2019-cu il tarixli 1754 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, zamin satıcı ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2019-cu il tarixli 1754 №-li alqı-satqı müqaviləsi üzrə borcödəyənlə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 250106 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli 151 №-li “Maliyyə arayışı”nın surətinə əsasən, Cavabdeh avtomobil üçün ilkin ödəniş 1000 manat, əlavə xərclər üçün 3000 manat, 20 ay müddətinə hər ay 786 manat, cəmi 16720 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmişdir, onun xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-yə heç bir ödəniş etməyərək 12572,69 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 10 noyabr 2022-ci il tarixli 9/6675 №-li Ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1754 saylı əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin şərtlərinə əsasən, Cavabdeh İddiaçı MMC-yə olan borcu, xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 12572,69 manat, cərimə borcu üzrə 3772,80 manat 3772,80 manat həddində müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 278,56 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1754 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, iddiaçıya məxsus sedan tipli ağ rəngli “Hyundai Elantra” minik markalı 90PS436 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aylıq 36 ay müddətinə aylıq 786 manat olmaqla, 29292,69 manat ödəmək şərti ilə nisyə olaraq sonuncuya satılmışdır, müqaviləyə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək avtomobili Cavabdeh təhvil vermiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək sübut kimi qəbul edir və ekspertin həmin rəy üzrə əsas və cərimə borcu barədə gəldiyi nəticə ilə razılaşır. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği ekspert rəyinə uyğun olaraq 12572,69 manat həddində, cərimə borc məbləği 3772,80 manat həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “43.450 manat məbləğində icarə haqqının ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmadığından və onlar arasında icarə münasibətləri yaranmadığından iddia qeyd edilən hissədə əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09 fevral 2019-cu il tarixli 1754 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 12572,69 manat əsas, 3772,80 manat cərimə, cəmi 16345,49 manat alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin təmin edilmiş hissəsi, onun 1000 manatdan çox olması nəzərə alınmaqla, cavabdehdən dövlət rüsumu qismində ödənilmiş 139 manat alınaraq iddiaçıya, məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat alınaraq, "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12572,69 manat əsas, 3772,80 manat cərimə olmaqla, cəmi 16345 (on altı min üç yüz qırx beş) manat 49 (qırx doqquz) qəpik və dövlət rüsumu qismində ödənilmiş 139 (yüz otuz doqquz) manat alınaraq İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-106/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-106/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver