Məhkəmə qərarları › İş №e-2(011)-1067/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1067/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1067/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir.

2. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – OBA Həzi Aslanov 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2380 (iki min üç yüz səksən) manat 85 (səksən beş) qəpik məbləğində zərər vurması məlum olmuşdur.

3. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2239 (iki min iki yüz otuz doqquz) manat 42 (qırx iki) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2239 (ikimin iki yüz otuz doqquz) manat 42 (qırx iki) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

İddiaçının tələbi:

4. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2239 (iki min iki yüz otuz doqquz) manat 42 (qırx iki) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. İddiaçı MMC-nin nizamnaməsinə əsasən, İddiaçı məhdud məsuliyyətli cəmiyyətdir;

9. xx.xx.2023-cü il tarixli arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 2239,42 manat məbləğindədir.

10. xx.xx.2023-ci il tarixli “İmtina aktı”na əsasən, İddiaçı MMC-nin OBA-Həzi Aslanov 3 (203) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (-2380,85 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

11. xx.xx.2023-cü il tarixli, DN3060 saylı xəbərdarlıq məktubuna əsasən, Cavabdeh 3 gün müddətində qeyd olunan borc ödənilmədiyi təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur.

12. xx.xx.2023-cü il tarixli İddiaçı MM-nin İnventarizasiya komissiyasına İltizamnaməyə əsasən Cavabdeh komissiya üzvlərinə və yoxlama işçi qrupunun apardığı yoxlamaya dair heç bir narazılığının və iradının olmamasını öz imzası ilə təsdiq etmişdir.

13. xx.xx.2022-ci il tarixli X3 Haqqında Müqaviləyə əsasən Cavabdeh müqavilə şərtləri ilə tam tanış olduğunu və qəbul etdiyini imzası ilə təsdiq etmişdir.

14. xx.xx.2024-cü il tarixli MŞB/4-2024-00028 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 mediasiya prosesində iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı MMC 50 manat mediasiya xərcini və 10 manat poçt göndərişi və kargüzarlıq xərci almaqla cəmi 60 manat məbləği nağdsız qaydada təşkilatın bank hesabına köçürmüşdür.

15. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi (AR ƏM): 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

192. 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

192. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 193.1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X3 daşıyır.

193. 2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. 194.1. 1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

194. 2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

199. 1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ...

200. 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər.

200. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X3 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

200. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X3 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 200.5. X3 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

202. 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 202.2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.

202. 3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.

205. 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

205. 2. Əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

205. 3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

206. 1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh İddiaçı MMC-də arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmış və xx.xx.2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir. xx.xx.2023-ci il tarixli “İmtina aktı”na əsasən, İddiaçı MMC-nin OBA-Köhnə Günəşli 14 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. İş materiallarına əlavə edilmiş iltizamnamədən də görünmüşdür ki, Cavabdeh İddiaçı MMC-yə vurduğu ziyana heç bir etiraz bildirməmişdir. Təqdim edilmiş arayışından məlum olmuşdur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2239,42 (iki min iki yüz otuz doqquz manat qırx iki qəpik) manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

21. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərlə müəyyən olunur ki, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdeh, iddiaçının ona etibar edərək maddi məsul şəxs təyin etməsinə baxmayaraq, əlavə olaraq yoxlama zamanı marketdən 2239,42 (iki min iki yüz otuz doqquz manat qırx iki qəpik) manat məbləğində ziyan olduğu aşkarlanmışdır. Ümumiyyətlə cavabdeh maddi məsul şəxs olduğu üçün marketdə hər bir mal üçün məsuliyyət daşımışdır. Məhsul başqa şəxs tərəfindən götürülsə belə, cavabdeh buna nəzarət etməli, bunun qarşısını almalı idi. Belə ki, cavabdeh özü də izahatında qeyd etmişdir ki, onunla işəgötürən arasında əmək müqaviləsi və X3 haqqında müqavilə bağlanmışdır.

22. Tərəflər arasında bağlanmış “X3 haqqında” müqavilənin şərtlərinə görə, maddi məsul şəxs ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır, işəğötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəğötürənə mənəvi ziyan vurma hallarına yol verməməlidir. Bütün bu sadalananları cavabdeh öz öhdəsinə götürmüşdür. (§13)

23. Digər tərəfdən, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda X3 daşıdığı müəyyən edilib. X3, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverci X3i müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur.

24. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda və sair.

25. Normanın mənasına görə, X3 haqqında müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir.

26. Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehdən hazırkı mübahisəli məsələyə dair yazılı izahat alındığıı, dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olub-olmadığını müəyyənləşmiş (belə ki, aktlarda qeyd edilən malların tamlığına cavabdeh məsuliyyət daşımışdır), habelə dəymiş ziyanın həqiqi miqdarı əlavə edilmiş sənədlərlə yoxlanıb araşdırılmışdır.

27. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2239,42 manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh 2239,42 (iki min iki yüz otuz doqquz manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar