Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-110/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında qohumluq münasibətləri vardır. Cavabdeh iddiaçının, qızıdır. İddiaçı cavabdehə, ümumilikdə 19500 ABŞ dolları məbləğində borc verdiyini iddia edir və iddasının sübutu olaraq bank pul köçürmə qəbzlərinə istinad edir. İşdə olan bank vasitəsilə pul köçürmə qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2009-cu il tarixdən 2022-ci ilin əvvəllərindək 18950 ABŞ dolları məbləğində pul göndərilmişdir.
2. Həmçinin, iddiaçı ilə "xxxx" MMC (MUSİC GALLARY) arasında 1 ədəd “Samsung QE50Q67TAU” markalı televizorun (qiyməti 1499 manat) nisyə-alqı satqısı barədə xx.xx.2021-ci il tarixdə müqavilə imzalanmış və televizor xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Televizor iddiaçının oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 30 saylı mənzildə quraşdırılmışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixədək cavabdehin istifadəsində olmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən 19 950 ABŞ dolları məbləğində və vurulmuş zərərə görə 1499 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, cavabdeh 2001-ci il tarixdə ailə qurduqdan sonra ailəsi ilə birgə Gürcüstan Respublikasına köçərək orada yaşamışlar. Həmin vaxtdan etibarən müxtəlif vaxtlarda cavabdeh ondan pul istəmiş, o da bank köçürmə yolu ilə cavabdehə müxtəlif məbləğlərdə, cəmi 19500 ABŞ dolları məbləğində pul göndərmişdir. Cavabdeh hazırda oğluna məxsus mənzili zəbt edərək heç kəsi oraya buraxmadığından məhkəməyə müraciət edilmişdir. Cavabdeh həmin mənzildə olan və aldığı 1499 manat dəyərində olan “Samsung” markalı televizoru sındıraraq ona ziyan vurmuşdur. Əlacsız qalaraq göndərdiyi pulların və cavabdehin ona vurduğu ziyanın qaytarılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazında göndərmişdir ki, iddiaçı onda olan pul köçürmə qəbzlərindən sui-istifadə edrək ona qarşı verilmiş iddia ərizəsində sübut kimi istifadə etmişdir. Həmin qəbzlərdən açıq şəkildə görünür ki, onların çoxu 2011-2012-ci illərə aiddir. Əgər həqiqətən də, iddiaçıya borcu olsaydı çoxdan ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərdi. 2023-cü ilin mart ayının 10-da qardaşı Ruslan Bəkirov və anası olan iddiaçı barəsəində AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, bu müraciətindən sonra iddiaçı özünü mürafiə etmək üçün ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiaçı qarşısında borc öhdəliyi barədə hər hansı bir müqavilə, fakt və sübut yoxdur. Əksinə, iddiaçı ona borclu olduğu pulu hissə-hissə qaytararkən əldə etdiyi qəbzlərdən indi ona qarşı istifadə edir. İddiaçının iddiası əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi ilə də verilmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehə göndərilmiş pulların bir qismi mərhum həyat yoldaşı sağ olarkən onun tərəfindən, bir hissəsi isə onun özü (bəzən göndərdiyi pulları borc alaraq) tərəfindən göndərilmişdir.
7. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
11. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
12. Maddə 329.3-cü maddə. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
13. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
14. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
15. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn).
17. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
25. İddia ərizəsinə əsasən iddia tələbini 2 hissəyə ayırmaq olar: tələbin birinci hissəsi borcun qaytarılması, ikinci hissəsi isə iddiaçıya məxsus televizora dəymiş zərərin ödənilməsi ilə bağlıdır.
26. İddia tələbinin birinci hissəsindən də görünür ki, iddiaçı borc verdiyini iddia etdiyi 19950 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin bu hissəsinə 2 aspektdən yanaşılaraq hüquqi qiymət verilməlidir: birincisi, tərəflər arasında borc münasiətinin yaranıb-yaranmaması (borc müqaviləsinin bağlanması ilə), ikincisi, borc münasibətləri yaranmadığı halda, cavabdehə göndərilən pul vəsaitinin hansı məqsədlə verilməsi, yaxud verilən pul vəsaitlərinin kimə məxsus olması baxımından.
27. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müdəlardan görünür ki, müqavilə - iki və ya bir neçə şəxsin özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün yazılı (sadə yazılı və notarial qaydada), yaxud şifahi formada, öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Qanunvericilik müqavilənin bağlanma forması ilə bağlı 2 qayda müəyyən etmişdir: 1) müqavilənin şifahi formada bağlanması. Şifahi müqavilənin bağlanması üçün qanun məcburi forma tələb etmir, belə müqavilənin bağlanmasını şəxsin iradəsindən irəli gələn rəftarından (məsələn, üzərinə götürdüyü hər hansı bir öhdəliyini etiraf etməsi) asılı edir (Mülki Məcəllənin 329.3-cü maddəsi); 2) müqavilənin yazılı formada bağlanması. Yazılı forma üçün qanun yenə də 2 qayda müəyyə edir: birincisi, müqavilənin sadə yazılı, ikincisi, notarial qaydada təsdiqi yolu ilə bağlanması. Hər iki qayda üzrə müqavilənin bağlanmasının müəyyənləşdirilməsi anı da bir-birindən fərqlənir. Belə ki, sadə yazılı müqavilə tərəflərin öz iradələri ilə məzmununu müvafiq yazılı sənəddə əks etdirməklə onu imzaladıqları andan, notarial qaydada təsdiq edilməli müqavilə isə göstərilən tələblərdən əlavə, həm də müqavilənin müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
28. Qanunvericilik müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlanmasını təsbit edir, lakin əgər qanunla bağlanması üçün məcburi forma və qayda tələbi müəyyən edilmişdirsə, bu zaman müqavilənin həmin formada bağlanması mütləq hesab edilmişdir.
29. Mülki Məcəllənin xx.xx.2023-cü ilədək qüvvədə olan 740-cı maddəsində də borc müqaviləsinin, borcun məbləğindən asılı olaraq, həm şifahi, həm də yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Fiziki şəxslərə münasibətdə borcun predmeti 3000 manatdan çox olduqda isə yazılı borc müqaviləsinin bağlanması məcburidir. Göründüyü kimi, göstərilən məbləğdə borc müqaviləsinin bağlanması üçün qanunvericilikdə məcburi forma müəyyənləşdirilmişdir. Bu halda müqavilə tərəflərinin həmin formaya əməl etməməsi onlar arasında borc müqaviləsinin bağlanılmasını istisna edir. Məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş yazılı formada borc müqaviləsinin bağlanmasının məcburi olması borc verəni gələcəkdə borcun verilməsini sübut etmək yükündən azad etmək məqsədini daşıyır. İş materialları ilə də müəyyən edilir ki, tərəflər arasında Mülki Məcəllənin 740.2-cı maddəsinin tələb etdiyi məcburi formada yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki, işdən görünür ki, xx.xx.2012-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə köçürmə yolu ilə 4300 ABŞ dolları (2012-ci ilin məzənnəsinə uyğyn olaraq 3354 manat) məbləğində pul göndərilmişdir.
30. Digər bir tərəfdən, işdən görünür ki, göndərilən pul vəsaitlərinin əksəriyyətinin məbləği 3000 manatdan azdır. Bu halda, tərəflər istdikdə yazılı borc müqaviləsinin bağlana bilməsi ilə barəabər, həm də şifahi borc müqaviləsi şifahi də bağlana bilər. Lakin şifahi formada borc müqaviləsinin bağlaması üçün də ən mühüm əlamət bu münasibətin yaranmasını formalaşdıran niyyətdən (məqsəddən), yəni verilən borc predmetinin sonradan eyni ilə (eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində) qaytarılmasından ibarətdir. Həm də, borcun qaytarılması niyyəti müqavilə bağlanmazdan əvvəl bəlli olmalı, borc alan borcun qaytarılması öhdəliyini yazılı, yaxud şifahi bağlanmış müqavilə ilə üzərinə götürməlidir. Həmçinin, borcun qaytarılması müddəti tərəflər arasında bağlanmış istər yazılı, istərsə də şifahi müqavilədə dəqiq müəyyənləşdirilməlidir.
31. İşin mübahisəsiz halıdır ki, iddiaçı 2009-2022-ci illər ərzində ayrı-ayrı vaxtlarda 100, 150, 200, 250, 300, 400, 500, 600, 700, 1000, 1700 və 4300 ABŞ dollarından ibarət müxtəlif məbləğlrədə pul vəsaitlərini cavabdehə bank vasitəsilə göndərmişdir. Lakin həmin pul vəsaitlərinin borc məqsədilə (niyyətilə) iddiaçı tərəfindən cavabdehə verilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Belə ki, əvvəla bununla bağlı tərəflər arasında yazılı borc müqaviləsi yoxdur, digər tərəfdən borc müqaviləsinin şifhi formada bağlanması ehtimal edilsə belə, iddiaçının göndərdiyi pul vəsaitlərinin cavabdehə borc niyyəti ilə verilməsi işin halları ilə müəyyən edilməmişir. Yuxarıda da, şərh edildiyi kimi, göndərilən pul vəsaitləri bir dəfəyə deyil, 13 il ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə göndərilmişdir. Göndərilən hər pul məbləğinə münasibətdə borc müqaviləsinin hansı müddətə bağlanması, cavabdehin əvvəlki pulu qaytarmadığı halda ona yenidən borcun hansı səbəbdən göndərilməsi kimi iş üçün əhəmiyyət kəsb edən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə 19950 ABŞ dolları məbləğində borcun verilməsinə dair tərəflər arasında borc müqavisəsi bağlanmamışdır.
33. Məhkəmə mübahisənin ikinci aspekti ilə bağlı (borc münasibətləri yaranmadığı halda, cavabdehə göndərilən pul vəsaitinin hansı məqsədlə verilməsi, yaxud verilən pul vəsaitlərinin kimə məxsus olması) qeyd edir ki, işin məhkəmə araşdırması zamanı iddiaçı ona verilən sullara cavabında bildirdi ki, cavabdehə göndərilən pul vəsaitlərinin bir qismini onun mərhum həyat yoldaşı göndərmişdir. Lakin nə iddiaçının, nə də onun mərhum həyat yoldaşının göndərdiyi pul vəsaitlərini iddia ərizəsi verilənədək nə yazılı, nə də şifahi formada cavabdehdən tələb etmələri barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən işə əlavə edilmiş cavabdehin AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) mürəciətində (həmin müraciət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin xx.xx.2023-cü il tarixli cavabdehə ünvanlanmış müraciətinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilmişdir) böyük qardaşı Rüstəm Bəkirovun ondan 110000 ABŞ dolları məbləğində pulu sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün, kiçik qardaşı Ruslan Bəkirovun ondan 7000 ABŞ dolları, iddiaçının isə 5000 ABŞ dolları məğləğində pulu borc aldıqlarını, lakin həmin pulları mənimsəyərək qaytarmadıqlarını bildirmişdir. İş materiallarından isə görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə AR DİN BMCMİ-yə müraciət etdikdən sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
34. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iş materiallarına əlavə edilmiş pulun köçürülməsi barədə qəbzlərin dövrlüyü və həmin pulların uzun müddətə hissə-hissə göndərilməsi onu deməyə əsas verir ki, borcun iddiaçı tərəfindən cavabdehə verilməsi daha ağlabatan görünmür. Beləliklə, iddiaçının iddia etdiyi pul vəsaitinin borc deyil, digər məqsədlə də cavabdehə veriilməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən 19950 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması bu halda da təmin edilə bilməz.
35. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus televizorun zədələnməsi nəticəsində dəymiş zərərin tutulması hissəsində qismən təmin edilməlidir.
36. İddiaçıya məxsus “Samsung QE50Q67TAU” markalı televizorun sındırılması işin mübahisəsiz halıdır. Cavabdehin vəkili və nümayəndəsi televizorun onlar tərəfindən sındırlmadığını bildirir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, televizorun quraşdırıldığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 30 saylı mənzil cavabdehin qardaşına məxsus olmuş və həmin mənzil xx.xx.2023-cü il tarixədək cavabdehin istifadəsində olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı Ruslan Bəkirov onun evdə olmamasından istifadə edərək qapısını sındıraraq mənzilə daxil olmuş və həmin vaxtdan da onu mənzilə buraxmır. Televizorun olduğu mənzilin xx.xx.2023-cü il tarixdək cavabdehin istifadəsində olmasını və ona dair mübahisənin iddia ərizəsi məhkəməyə verilənədək mövcud olmasını (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş və orada televizorun sındırılmasına görə dəymiş zərər cavabdehdən tələb edilmişdir) nəzərə alaraq məhkəmə hesab edir ki, televizorun onun tərfindən deyil, başqa şəxslər tərəfindən sındırılması ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh televizorun sındırılmasının onun tərəfindən edilməməsi barədə məhkəməyə mötəbər sübut t\qdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, televizora dəymiş zərər cavabdehdən tutulmalıdır.
37. Lakin məhkəmə hesab edir ki, televizorun zədələnməsi nəticəsində dəymiş zərər hissəsində iddia qismən ətmin edilməlidir.
38. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəçünaslıq ekspertizasının 9/8677 saylı, xx.xx.2023-cü il tarixli rəyinə görə “Samsung” markalı “QE50Q67TAU” model, 50 düym (127 sm diaqonal) televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti 600 manat təşkil edir.
39. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
40. Məhkəmə iddianın təmin olunması nisbətini (iddia ümumi tələbin 1,7%-i hissəsində təmin edilmişdir) nəzərə alaraq hesab edir ki, ekspert xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 600 manat pul Cavabdeh tutulraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspert xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı