Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1102/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2367 manat 02 qəpik və mediasiya xərci üçün ödənilmiş 60 AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3764 manat 44 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2367 manat 02 qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2367 manat 02 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz edərək, mediasiya prosesi vaxtı nəzərə alındığında iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyini bildirmiş, iiddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi mediasiyanın tətbiqi barədə təklifin xx.xx.2024-cü il tarixdə, ilkin mediasiya sessiyası üçün ərizənin isə xx.xx.2024-cü il tarixdə verildiyi təsdiq etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz etmiş, həmçinin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh baxış iclasında iştirak etməmişdir, məhkəmə baxış iclasının cavadehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 188 saylı əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında xx.xx.2023-cü il tarixində keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin təbii itki normaları çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması əmr edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2024-cü il, ilkin mediasiya sessiyası üçün ərizənin tarixi xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: 32.1.4. tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə; 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz edərək, mediasiya prosesi vaxtı nəzərə alındığında iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyini bildirmişdir. İş materiallarında olan 188 saylı, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, işçi Cavabdeh tərəfindən işəgötürən İddiaçı MMC-yə ziyan vurulması xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. İşəgötürən tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş və həmin təklif əsasında 9 ay 12 gün sonra, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi mediasiya prosessinin davam etdiyini əsas gətirərək iddia müddətinin iddiaçı tərəfindən ötürülümədiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, yəni, 9 ay 22 gün müddətində mediasiya prosesinin davam etməsi “Mediasiya haqqında” Qanunun yuxarıda qeyd edilən 24.7-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin maddəyə əsasən, mediasiya prosesinin ümumi müddəti 60 gündən (30+30 gün) artıq davam edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, müddətin uzanmasına səbəb məhz iddiaçının özünün xx.xx.2024-cü il tarixli mediasiyanın tətbiqi barədə təklif əsasında, yalnız 9 ay 12 gün müddət keçdikdən sonra ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etməsi olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli mediasiyanın tətbiqi barədə təklif əsasında başlamış mediasiya prosesi ilə əlaqədar iddia müddəti ən çoxu 60 gün müddətində dayandırıla bilərdi. Qeyd edilənləri, eləcə də, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmasının xx.xx.2023-cü il tarixdə aşkar edildiyini, iddiaçı tərəfindən isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-1102/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1102/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver