Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1112/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə BPM**********98 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18,9% olmaq şərtilə, 48 ay müddətinə, şəxsi istehlak məqsədilə 19500 manat məbləğində kredit verilmişdir. Kredit cavabdehin adına iddiaçı bankda açılmış hesaba köçürülməklə təqdim edilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 582 (sonuncu ay üzrə 581,43) manat müəyyən edilmişdir.
2. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə qeyd edilmişdir ki, cavabdeh müqaviləni imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli Fizki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə tanış olduğunu, onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart şərtlərdə əks olunmuş mənbələdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən bu razılığın Standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər müqavilənin ayrılmaz tərkib hissəsidir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən iddiaçının xeyrinə 18 374,18 manat əsas borc, 1959,39 manat faiz borcu olmaqla, cəmi 20333,57 məbləğində kredit borcunun və ödənilmiş 151 manat dövlət rusumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış BPM**********98 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 19500 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. BPM**********98 saylı, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 18 374,18 manat, faiz borcu üzrə 1959,39 manat olmaqla, cəmi 20333,57 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 151 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
14. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
15. Maddə 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.
16. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
18. Maddə 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə BPM**********98 saylı istehlak krediti müqaviləsi (bundan sonra – müqavilə) bağlanmış, cavabdehə illik 18,9% olmaq şərtilə, 48 ay müddətinə 19500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bütün şərtlərini, habelə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə tanış olaraq onun şərtlərini qəbul etdiyi müqaviləni imzalamaqla təsdiq etmişdir.
24. Yuxardıa qeyd edilən müddəalarda istehlak kredit müqaviləsinə və borc müqavilsinə verilən anlayışlardan görünür ki, istehlak kredit müqaviləsinin predmeti borc məqsədilə verilən pul vəsaitidir və borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçıya) pul vəsaitini borc verməyi, yəni pula olan mülkiyyət hüququnu borcalana keçirməyi, borcalan isə aldığı borc pulu bağladığı müqavilə ilə müəyyən edilmiş şərtlər və faizlərlə və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış istehlak krediti müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəlyini icra etmişdir (cavabdeh məhkəmə iclasında bu faktı təsdiq etmişdir). Lakin cavabedeh istehlak krediti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəlyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsində də öhdəliyin icra edilməməsi onun lazımınca, yəni vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi anlamında təsbit edilmişdir.
26. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından da görünür ki, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi nəticəsində onun, xx.xx.2024-cü il tarixinə əsas borcu 18 374,18 manat, faiz borcu 1959,39 manat olmaqla, cəmi 20333,57 manat borcu ödənilməmiş qalmışdır.
27. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh hüququndan istifadə edərək müqavilədə göstərilən pul vəsaitini iddiaçıdan borc almış, lakin həmin pul vəsaitini müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə qaytarılması ilə bağlı öhdəliyini pozduğundan iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
28. Məhkəmə həmçinin iddianın 151 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. 18 374,18 manat məbləğində əsas, 1959,39 manat faiz olmaqla, cəmi 20333,57 manat pul məbləği, həmçinin ödənilmiş 151 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı