Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1146/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Kartmane debit kartı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank hesabının açılması və aparılması, əmanət hesabının açılması, bank kartlarının buraxılması və verilməsi və elektron bank xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilənin icra olunması üçün iddiaçı tərəfindən cavabdehə bank kartı verilmiş və ******************** saylı hesab açılmışdır.
2. xx.xx.2022-ci il tarixdə cavabdehin hesabına “Birbank” mobil tətbiqi vasitəsilə mədaxil olunan 202 manat vəsait xx.xx.2022-ci il tarixdə geri qaytarılmış, lakin cavabdeh həmin vəsaiti istifadə etmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehin 202,16 manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin cavabdehin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2022-cİ il tarixində “Kartmane debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 4189********7241 saylı bank kartı verilmiş və **********0944-548862 saylı hesab açılmışdır. xx.xx.2022-ci il tarixində müştərinin hesabına Birbank mobil tətbiq vasitəsilə mədaxil olunan 202 manat vəsait xx.xx.2022-ci il tarixində reverse (geri qaytarılmış) olunmuşdur. Müştəri həmin vəsaiti istifadə etdiyi üçün overdraft yaranmışdır. Bankın “Nizami” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 06- 03/26487 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh yaranmış borc məbləğini qaytarmayacağı bildirmiş və bu günədək banka məxsus olan 202 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur.
a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
6. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
7. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
8. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
9. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
17. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
18. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 202,16 manat məbləğində pul vəsaiti əldə etmişdir.
19. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən ümumilikdə 202,16 manat pul vəsaiti çıxarılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmamışdır.
20. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.
21. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 202,16 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı