Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-115/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Sükürzadə Aysel Qədir qızının katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsinə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı- aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 2961 saylı “əşyanın nisyə alqı satqısı” və “Zaminlik” müqavilələrinin ləğv edilməsi, 16.600 (on altı min altı yüz) manat məbləğində istifadə haqqının, avtomobilə dəymiş zərərin əvəzi kimi 14.807(on dörd min səkkiz yüz) manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 184,62 (yüz səksən dörd manat altmış iki qəpik) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli,********** saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. İddiaçının əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2010-cu il buraxılışlı, KMHDH41DBBU058363 şassi (ban) nömrəli, ağ rəngli, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2961 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş ödəmədən, 20 ay müddətinə, hər ay üzrə 752 (yeddi yüz əlli iki) manat ödəniş etməklə 15.027,7(on beş min iyirmi yeddi manat yetmiş qəpik) manata satılmışdır. xx.xx.2020-ci il tarixli, 2961 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 müqavilə üzrə zaminlik edərək xx.xx.2020-ci il tarixli, 2961 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavbdeh Cavabdeh2 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 “Hyundai Elantra” minik markalı, 2010-cu il buraxılışlı, KMHDH41DBBU058363 şassi (ban) nömrəli, ağ rəngli, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2961 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş etmədən, 5 ay 752 (yeddi yüz əlli iki) manatdan cəmi 3760 (üç min yeddi yüz altmış) manat ödəniş etmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 11.267,7 (on bir min iki yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Daha sonra avtomobil Sabunçu rayonu ərazisində istifadəyə tam yararsız vəziyyətdə aşkar edilərək götürülmüş, lakin avtomobilə ciddi ziyan vurulması müəyyən edilmişdir. Belə ki, avtomobildə mühərrik, sürətlər qutusu, onlara aid naqillər və digər detallar aşkar edilməmiş, bununla bağlı servis tərəfindən tərtib edilmiş № 041600 saylı, xx.xx.2022-ci il tarixli müvafiq akta əsasən dəymiş zərərin miqdarı 14.807 (on dörd min səkkiz yüz yeddi) manat miqdarında müəyyən edilmişdir. Əlavə olaraq avtomobil üçün aylıq ödənilməli olan məbləğlər ödənilməmiş, yəni xx.xx.2021-ci il tarixdən bu günə kimi icra edilməli olan öhdəlik yerinə yetirilməmiş və bununla da “Əşyanın nisyə alqı-satqısı” haqqında müqavilənin 4.5, 4.6 və əlavə olaraq 5.1.4, 6.2.3, 6.2.4, 6.2.5-ci bəndlərinin tələbləri pozulmuşdur. xx.xx.2020-ci il tarixli, 2961 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh2 dəfələrlə şifahi xəbərdar edilsə də o, dəymiş zərəri ödəməkdən yayınmışdır. Sonda müqavilənin şərtlərinə əsasən Cavabdeh2 qeydiyyat ünvanına pretenziya məktubu ünvanlanmış lakin buna baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2020-ci il tarixli, 2961 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobil təhvil verildiyi günə qədər gecikdirildiyi hər gün üçün 50 (əlli) manat məbləğində istifadə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh2 müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2021-ci il tarixdən avtomobil aşkar edilən günədək, 332 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində istifadə (332x50=16.600) haqqı hesablanmaqla 16.600 (on altı min altı yüz) manat məbləğində istifadə haqqı hesablanmışdır. xx.xx.2020-ci il tarixli, 2961 saylı nisyə alqı-satqı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabeh tərəflər razıdırlar.Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla da "xxxx" MMC-yə maddi ziyan vurmuşdur. Bu isə müqavilənin ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları: İddiaçının məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdin ki, avtomobilə dəymiş zərəri hissə-hissə ödəməyə razıdır, lakin iddia tələbinin digər hissəsini qəbul etmir. İş materiallarında olan: İş materiallarında olan Əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2020-ci il tarixli 2961 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru X1 2010cu il buraxılışlı “Hyundai Elantra” minik markalı avtomobil alıcı Cavabdeh2 qiyməti müqavilə ilə 15.027,7 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin ödəniş etməmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədvəlinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 752 manat, sonuncu xx.xx.2022-ci il üçün isə 739.6949 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 müqaviləni imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Elantra” markalı ** PZ *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh2 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 borcun ödənilməsi, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Maliyyə arayışına əsasən Cavabdeh2 11.267,7 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 184,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9/7054 saylı ekspert rəyindən görünür ki, “İdeal Motors” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Elantra” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11342 manat müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə “Hyundai Elantra” minik markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 kredit yolu ilə satılmış, avtomobilin dəyəri 15.027,7 manat müəyyən edilmişdir. Cavabdeh2 avtomobil üçün ilkin ödəniş etməmiş, 5 ay 752 manat ödəniş edərək, cəmi 3760 manat ödəniş etmiş, lakin xx.xx.2021ci il tarixdən sonra heç bir ödəniş etməyərək 11.267,7 manat məbləğində əsas borcu qalmışdır. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə avtomobilinə 11342 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, Cavabdeh2 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürdüyündən, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 11342 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “xx.xx.2020-ci il tarixli, 2961 saylı əşyanın nisyə alqı-satqısı və zaminlik müqavilələrinin ləğv edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli, 2961 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Məhkəmə iddianın “16600 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin mahiyyəti əşyanı alıcının mülkiyyətinə verməkdən ibarət olmuşdur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin iddianın 184,22 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11342 (on bir min üç yüz qırx iki) manat məbləğində pul və 184,62 (yüz səksən dörd manat altmış iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (ay) ay keçdikdən sonra qanuni güvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-115/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-115/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver