Məhkəmə qərarları › İş №e-2(011)-1152/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1152/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1152/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1.954 manat məbləğində əsas borc, 195 (yüz doxsan beş) manat məbləğində cərimə, 41,49 manat məbləğində dövlət rüsumu, cəmi 2.190,49 manat məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0094923 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2.433 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 300 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2.133 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 179 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “Satıcı”) ilə Cavabdeh (müqavilə üzrə “Alıcı”) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, R0094923 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 2.433 manat dəyərində olan əmtəəni (əşyanı) nisyə alqı-satqı şərtləri əsasında verir. “Alıcı” aldığı əşyaya görə 300 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 2.090 manat məbləğində pulu müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nə əsasən hissə-hissə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3.-ci maddəsinə əsasən, əmtəə (əşya) “Alıcı”ya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azırbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3%-ı həcmində cərimə (dəbbə pulu), o cümlədən əmtəə (əşya) mobil telefon və ya digər rabitə vasitəsi olduqda ödəniş 15 gün gecikdirildikdə İMEİ kodun deaktivasiya edilməsi üçün 10 (on) manat məbləğində birdəfəlik komissiyanın ödənilməsi tələb edilə bilər. xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, “İphone 14” markalı telefon, və “Apple AC power” markalı adapter R0094923 saylı müqaviləyə əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli R0094923 saylı müqavilə üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində hər ay 178 manat, xx.xx.2025-ci il tarixdə 175 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh R0094923 nomrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2.133 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixədək 179 manat ödəniş etmiş 1.954 manat əsas borc, 195 manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 195 manat məbləğində deyil, 98 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 41,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1.954 (bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borc, 98 (doxsan səkkiz) manat məbləğində cərimə olmaqla, cəmi 2.052 (iki min yüz əlli iki) manat borc məbləği və 41,49 (qırx bir manat qırx doqquz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar