Məhkəmə qərarları › İş №e-2(011)-1180/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1180/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1180/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehdən 2.770 manat borc məbləği, 230 manat faiz borcu, 20 manat cərimə və 50 manat məbləğində dövlət rüsumunun, cəmi 3070 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçının direktoru X1 ilə Cavabdeh arasında 18 fevral 2022-ci il tarixli R0032009 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı İddiaçı mağazasından ümumi nisyə dəyəri 3370 manat olan Asus TUF506HC 15.6 i7-11800H 16/512 ssd (M00320) markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh 18 mart 2022-ci il tarixdən başlayaraq hər ayın 18-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 154 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 2.770 manatı mağazaya ödəməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi ilə bağlı edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 18 fevral 2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh Asus TUF506HC 15.6 i7-11800H 16/512 ssd (M00320) markalı əşya almışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 3.370 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 154 manat müəyyən edilmişdir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə 20 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdehin əsas borcu 2.770 manat, faiz borcu 230 manat, cərimə borcu 20 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 576. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli Plenum Qərarı: Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş əşya cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı ödənilməmiş əsas borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın 230 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə faiz borcunun hüquqi əsası müəyyən edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə faiz məbləğinin alınması nəzərdə tutulursa faiz dərəcəsi, müddəti, tutulma qaydası dəqiq şərtləndirilməlidir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdehin arasında bağlanmış 18 fevral 2022-ci il tarixli girov müqaviləsində ödənişin gecikdirilməsinə görə faizin tutulması qeyd edilsə də, faiz dərəcəsi və digər hallar göstərilməmiş, iddiaçının hazırkı iddiasında tələb etdiyi 230 manat faiz borcunun nəyə əsasən hesablandığı əsaslandırılmamışdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Beləki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə 20 manat cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını nəzərə alaraq cərimənin 2 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun 46 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 4 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 18 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 2770 (iki min yeddi yüz yetmiş) manat əsas borc, 2 (iki) manat cərimə olmaqla, cəmi 2772 (iki min yeddi yüz yetmiş iki) manat pul vəsaiti və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 4 (dörd) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar