Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1180/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********04993 PHONE 14 PRO markalı telefon almış və nəticədə 5195 (beş min yüz doxsan beş) manat borc yaranmışdır.
2. Cavabdeh müqavilənin şərtlərini pozmuş alqı-satqı qiyməti 4849.92 (dörd min səkkiz yüz qırx doqquz manat doxsan iki qəpik) manat (18 ay x 269.44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********04993 PHONE 14 PRO markalı telefon üçün ümumilikdə, 5195 (beş min yüz doxsan beş) manat olmaqla ondan, 4549.92 (dörd min beş yüz qırx doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 645.08 (altı yüz qırx beş manat səkkiz qəpik) manat dəbbə borcu yaranmışdır.
3. Cavabdehin cəmi ödədiyi məbləğ 300 manat təşkil edir.
İddiaçının tələbi:
4. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********04993 PHONE 14 PRO markalı telefon üçün 4549.92 (dörd min beş yüz qırx doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 645.08 (altı yüz qırx beş manat səkkiz qəpik) manat dəbbə borcu, ümumilikdə, 5195 manat borc, 71.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək 4549,92 manat ödənilməmiş hissə, 645,08 manat dəbbə borcu, ümumilikdə 5195 manat borc, 71,95 manat ödənilmiş dövlət rüsumunun özündən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilmsəinə etiraz etmədiyini bildirmişdir.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X2 öz izahatında bildirmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İPHONE 14 PRO markalı telefon almış və nəticədə 5195 manat borcu yaranmışdır. Cavabdeh telefonu nisyə alqı-satqı müqaviləsi əsasında almış, cəmi ödədiyi məbləğ 300 manat məbləğindədir. Hal-hazırda cavabdehin ödəmədiyi əsas borcu 4549.92 manat təşkil edir və əsas borca 645.08 manat dəbbə pulu hesablanmışdır. Ümumi borc 5195 manat məbləğindədir. Məhkəmədən iddianın təmin tələbinin edilməsini xahiş etmişdir.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, telefonu aldıqdan sonra qəza keçirdiyi üçün telefonu satmalı olmuşdur. Daha sonra telefonu satdığı adam telefonda qüsur olduğu üçün pulu geri tələb etmişdir. Bu səbəblərdən borcunu ödəyə bilməmişdir. Həmçinin, o, borcu qəbul etdiyini bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2023-cü il tarixli 02103744 saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh iddiaçıdan İPHONE 14 PRO 128 GB markalı telefon almışdır. Satılan malın qiyməti 4849,92 manat təşkil etmişdir.
9. xx.xx.2023-cü il tarixli 02103744 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş Satılmış əşyaların təhvil verilməsi haqqında Akta əsasən cavabdeh İPHONE 14 PRO 128 GB markalı telefon qüsursuz halda təhvil alınmışdır.
10. Cavabdeh xx.xx.2023-cü il tarixli 02103744 saylı alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 269,44 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
11. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 02103744 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
12. xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 4549,92 manat, dəbbə borcu 645,08 manat olmaqla, ümumilikdə 5195 manat borcu vardır.
13. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzinə) əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin məhkəmə iclaslarında verdikləri izahlarla da öz təsdiqini tapır.
18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
19. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 645,08 manat məbləğində deyil, 454,90 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467)
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş məbləğ 4549,92 manat, dəbbə borcu 454,90 manat olmaqla, ümumilikdə 5004,82 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,04 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 4549,92 manat ödənilməmiş hissə, 454,90 manat dəbbə pulu olmaqla, ümumilikdə 5004,82 (beş min dörd manat səksən iki qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,04 (yetmiş manat dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova