Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1189/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı 27 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********10562 olan İphone 11 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu; 14 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********32483 olan İphone 12 markalı telefon üçün 2.316,80 manat ödənilməmiş hissə, 231.20 manat cərimə borcu; 16 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, Braun markalı toster, Delonghi markalı izqara, Bosch markalı tozsoran üçün 360 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 3.403 manat borcun və 54.03 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış 27 sentyabr 2020ci il, 14 iyun 2021-ci il və 16 oktyabr 2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Braun markalı toster, Delonghi markalı izqara, Bosch markalı tozsoran, İphone 12 markalı telefon və İphone 11 markalı telefon almış və nəticədə 3.403 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2975 manat olan İphone 11 markalı telefon üçün ümumilikdə 495 manat olmaqla, 450 manat ödənilməmiş hissə və 45 manat cərimə borcu; 14 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3.106,50 manat olan İphone 12 markalı telefon üçün ümumilikdə 2548 manat olmaqla, 2.316,80 manat ödənilməmiş hissə və 231.20 manat cərimə borcu; 16 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.301,40 manat olan Braun markalı toster, Delonghi markalı izqara, Bosch markalı tozsoran üçün ümumilikdə 360 manat olmaqla, 360 manat ödənilməmiş hissə və 0 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4.256,10 manat təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 27 sentyabr 2020-ci il, 14 iyun 2021-ci il və 16 oktyabr 2021ci il tarixli müqavilələrə əsasən, cavabdeh Braun markalı toster, Delonghi markalı izqara, Bosch markalı tozsoran, İphone 12 markalı telefon və İphone 11 markalı telefon almış və nəticədə 3.403 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2975 manat olan İphone 11 markalı telefon üçün ümumilikdə 495 manat olmaqla, 450 manat ödənilməmiş hissə və 45 manat cərimə borcu; 14 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3.106,50 manat olan İphone 12 markalı telefon üçün ümumilikdə 2548 manat olmaqla, 2.316,80 manat ödənilməmiş hissə və 231.20 manat cərimə borcu; 16 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.301,40 manat olan Braun markalı toster, Delonghi markalı izqara, Bosch markalı tozsoran üçün ümumilikdə 360 manat olmaqla, 360 manat ödənilməmiş hissə və 0 manat cərimə borcu yaranmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 576. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimələr iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə cərimələrin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını nəzərə alaraq 231.20 manat cərimənin 50 manat məbləğində, 45 manat cərimənin isə 4 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 54.03 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 27 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 450 (dörd yüz əlli) manat əsas borc, 4 (dörd) manat cərimə; 14 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 2.316,80 (iki min üç yüz on altı manat səksən qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə; 16 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat ödənilməmiş hissə olmaqla, cəmi 3.180,80 (üç min yüz səksən manat səksən qəpik) manat pul vəsaiti və 54.03 (əlli dörd manat üç qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1189/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1189/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver