Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-123/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 11E**********31 saylı müqaviləyə əsasən, Cavabdeh X6 Debit Cards növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2018-ci il tarixində 5374*******7453 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 202 ABŞ Dolları 53 sent təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. xx.xx.2018-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 11E**********31 saylı müqavilənin 1-ci maddəsinə əsasən, Texniki (icaza verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 4.4.4-cü bəndinə əsasən, Overdraft nəticəsində borc yarandıqda Bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. İddiaçı göstərilənlərə əsasən, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-cu il tarixli 11E**********31 saylı müqavilə üzrə overdraft nəticəsində yaranmış 202 ABŞ Dolları 53 sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd etmişdir ki, elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MMC (“X5”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və ödənişin vergiyə cəlb olunub-olunmaması müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (Azericard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər Cavabdeh 1437.84 ABŞ dolları məbləğində vergiyə cəlb olunmalı əməliyyatlar aparmışdır. Həmin əməliyyatlara görə tutulmalı olan verginin məbləği 258.81 ABŞ dolları məbləğində olmuşdur. xx.xx.2021-ci il tarixində cavabdehin kartında 17.17 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. xx.xx.2021-ci il tarixində cavabdeh kartına 39.11 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil etdiyindən, 258.81 ABŞ dolları məbləğində vergi borcunun 39.11 ABŞ dolları və 17.17 ABŞ dolları vəsaiti cavabdehin öz hesabına, 202.53 ABŞ dolları məbləği isə İddiaçı QSC-nin hesabına ödənilmişdir. Bu səbəbdən hazırda İddiaçı QSC-nin hesabına ödənilmiş 202.53 ABŞ dolları məbləğində borc məbləği Cavabdeh məhkəmə qaydasında tələb olunur. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin edilməməsi və daha öncə hesabından silinmiş vəsaitin iddiaçı bank tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2018-ci il tarixli “Kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” müqavilədən məlum olur ki, müqaviləyə əsasən Cavabdeh X6 Debt Cards növlü kart hesabı açılmışdır. İş materialında olan İddiaçı QSC tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 8900 nömrəli arayışdan görünür ki, Cavabdeh İddiaçı QSC qarşısında 202 ABŞ Dolları 53 sent məbləğində plastik kart üzrə ümumi overdraft borcu vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə borcunun ödənilməsini təklif etmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, birincisi bu məsələ overdraft məsələsi ola bilməz. Çünki Mərkəzləşdirilmiş kredit reyestri haqqında qaydalarda, overdraft yalnız Kreditlər mövzusunda keçərlidir. Belə ki, bank tərəfindən iddia olunan borc məbləği onun debet kartına (balansda yalnız şəxsi vəsaiti ola biləcək kart) yazılmışdır. Bu azmış kimi, iddiada tələb olunan məbləğ yanılmırsa 2 dəfə çox idi və bank birtərəfli qaydada ilkin məbləği ondan xəbərsiz bankda olan hesabından silmişdir (sms xəbərdarlıq aldığı ilk gün). Borcun isə 1 il 6 ay ərzində yarandığını bildirmişlər. Bu müddət ərzində onun etdiyi ödənişlərə görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi əslində ƏDV məbləği tutulmamış və bu məbləğ yığılıb ondan tələb edilir. Bank tərəfdən sms aldığı gün Nərimanov filialına getmiş və əməkdaşlarına hər bir əməliyyat üzrə aldığı sms bildirişləri sübut kimi göstərmişdir. Demək olar ki, bir sms bildirişində ƏDV vergisi məbləği ilə birlikdə silinmə qeyd olunur və qalıq balans görsənir. Bank əməkdaşları həm filialda, həm daha sonra telefon danışıqlarında da qeyd etmişlər ki, bəli, səhv bank servisi tərəfində olub, lakin yenə də bu ödənişi nədənsə o, ödəməlidir. Bank əməkdaşlarından sənəd tələb etmişdir ki, ona bir məktub təqdim etsinlər ki, bank tərəfindən müştərilərinə göndərilən sms xəbərdarlıqların heç biri reallığı əks etdirmir və müştəriləri maliyyə hesabatların da yanılda bilər. Bank bu cür sənəd verməkdən imtina etdi. Sual vermişdir ki, “sizin sistemin və ya hansısa əməkdaşınızın səhvinə görə hansı səbəbdən zərər çəkən və cavabdeh olan şəxs mən olmalıyam?” Cavabında isə “sənədlərə əsasən cavabdeh sizsiz istənilən halda” bildirilmişdir. Bu səbəbdən o, onlarla son telefon danışığında, məhkəməyə müraciət etmələrini tələb etmiş və məhkəmənin ədalətinə güvənərək onların səhv qərar verdiklərini sübut etməyə çalışacağını bildirmişdir. Çünki aldığı sms bildirişlərində (bank tərəfindən göndərilən) bankın təqdim etdiyi çıxarış əsasında (Nərimanov filialında olduğu zaman) sms bildirişləri ilə tutuşdurmuş və bir neçə halları yoxlamaqla hər birində çıxarışın sms bildiriş ilə ziddiyət təşkil etdiyini göstərmişdir. Overdraft mövzusuna əlavə: iddia ərizəsində qeyd edilən 4.4.4 bəndində “Texniki overdraft nəticəsində yaranmış borcun 3 (üç) iş günü ərzində banka ödənilməsi” qeyd olunub. Öncədən də qeyd etdiyi kimi, bu məsələ overdraf mövzusuna aid deyil. Lakin aid olsaydı belə, overdraft 3 iş günü ərzində banka ödənilməli idi. Ödənilməsini təmin etmək üçün isə bank müştəriyə borc haqqında bildiriş təqdim etməli idi, sms və s. üsullar ilə. Lakin demək olar iki il ərzində bank hər hansı bir borcun olduğu barədə ona hər hansı bir bildiriş təqdim etməmişdir. Əksinə, çıxarışlara əsasən iddia olunan ödənşlərin “ədv borcu” təqribən 1 il yarım yığılıb və beləliklə onlarla əməliyyat icra edilib. Sual olunur ki, hər bir ödəniş əsasında bu müddət ərzində bank hansı səbəbdən ədv ödənişini qanunvericiliyə əsasən maksimum 1 ay ərzində çıxmamış və müştəriyə bu haqqda hər hansı bildirişi hansı səbəbdən təqdim etməyib? O, bir sahibkar olaraq rəqəmsal aləmdə xidmət göstərən biznesdə çalışır və əminliklə söyləyə bilər ki, bu yalnız bank tərəfindən qaynaqlanan hər hansı texniki səhv və yaxud xaker hücumu nəticəsində yaranmış maliyyə itkisi nəticəsində ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 9/8680 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış (i.v 63-68) məlumatlarından göründüyü kimi borcalanın xx.xx.2021-ci il tarixə kart hesabında 17,17 ABŞ dolları məbləğində vəsait olmuşdur. xx.xx.2021-ci il tarixdə aparılmış “Vergi ödənişləri” üzrə əməliyyat nəticəsində 202,53 ABŞ dolları məbləğində borc yaranmışdır. Rəydə əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarında olan borcalanın vergi borcunun olub-olmaması barədə məlumat, “Vergi ödənişi” üzrə pulun Bank tərəfindən vergi borcuna ödənilməsinə dair bankın ödəniş tapşırığı, sərəncamı öz əksini tapmamışdır. Bu səbəbdən həmin əməliyyatın "xxxx" QSC tərəfindən və ya borcalan tərəfindən aparılmasını müəyyən etmək mümkün olmamışdır. O cümlədən, tərəflər arasında rəsmişləşdirilmiş müqavilənin 3.1 bəndində “kart vasitəsilə bir qayda olaraq kart hesabında olan, pul vəsaitinin məbləği həddində ödəniş edilə bilər” qeyd edilmişdir, kart hesabında yaranmış borcun hansı səbəbdən yaranmasını ekspertiza tədqiqatı zamanı müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim olunan hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixində 20.42 manat məbləğində aparılmış “VC LİQPAY*Hosting Ukrayın” (MCC 4814) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 3.67 manat, xx.xx.2020-ci il tarixində 156.49 manat məbləğində aparılmış “VC LİQPAY*Hosting Ukrayın” (MCC 4814) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 28.16 manat, xx.xx.2020-ci il tarixində 238 manat məbləğində “VC Ads” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 42.84 manat, xx.xx.2020-ci il tarixində 406.96 manat məbləğində “VC Ads” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 73.25 manat, xx.xx.2020-ci il tarixində 42.5 manat məbləğində “VC Google* Play” (MCC 5816) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 7.65 manat, xx.xx.2020-ci il tarixində 359.07 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 64.63 manat, xx.xx.2020-ci il tarixində 52.7 manat məbləğində “VC Envato” (MCC 5815) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 9.48 manat, xx.xx.2020-ci il tarixində 224.43 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 40.39 manat, xx.xx.2020-ci il tarixində 22.08 manat məbləğində “VC Name.com” (MCC 4816) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 3.97 manat, xx.xx.2020-ci il tarixində 225.84 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 40.65 manat, xx.xx.2020-ci il tarixində 276.61 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 49.78 manat, xx.xx.2020-ci il tarixində 189.21 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 34.05 manat, xx.xx.2020-ci il tarixində 98.6 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 17.74 manat, xx.xx.2020-ci il tarixində 17 manat məbləğində “VC Adc” (MCC 7311) təyinatlı əməliyyata görə tutulmalı olan 18% verginin məbləği 3.06 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) İqtisati lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyəti. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 11E**********31 saylı müqaviləyə əsasən, Cavabdeh X6 Debit Cards növlü kart hesabı açılmışdır. Həmin kart hesabında xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər Cavabdeh 1437.84 ABŞ dolları məbləğində vergiyə cəlb olunmalı əməliyyatlar aparmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 9/8680 nömrəli rəyindən də göründüyü kimi, xx.xx.2021-ci il tarixdə kart hesabında 17,17 ABŞ dolları məbləğində vəsait olmuşdur. xx.xx.2021-ci il tarixində cavabdeh kartına 39.11 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil etmiş, 258.81 ABŞ dolları məbləğində vergi borcunun 39.11 ABŞ dolları və 17.17 ABŞ dolları vəsaiti cavabdehin öz hesabına, 202.53 ABŞ dolları məbləği isə İddiaçı QSC-nin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh 202.53 ABŞ dolları məbləğində borcunun İddiaçı QSC tərəfindən ödənildiyi iş materialları ilə təsdiqini tapdığından, iddia əsaslı olduğundan təmin edilməli və 202.53 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 202.53 ABŞ dolları ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla məbləğində borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-123/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-123/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver