Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1268/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdeh3 “MMZ 45023” yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) idarə edərkən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şossesindən Gürgan qəsəbəsinə gedən yolda yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd (qalvaniz, elektrostatik toz boyalı, iki buynuzlu dayaq) sıradan çıxaraq müəssisəyə maddi ziyan dəymişdir.
2. Bakı şəhər Xətai rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoluna əsasən Cavabdeh3 İXM-nin 332.1-ci və 327.4-cü maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) təqsirli bilinərək, xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla 400 manat məbləğində cərimə edilmişdir.
3. Dəymiş zərər iddiaçı tərəfindən 2909,65 manat məbləğində müəyyən edilmiş (xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Akta əsasən).
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı 2909.65 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh3, mülkiyyət hüququ Cavabdeh2 Novruz oğluna məxsus Avtomobili idarə etmək hüququ olmadan Bakı şəhəri, Xəzər rayonu, Mərdakan şossesindən Gürgan qəsəbəsinə gedən yolda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 2909.65 manat məbləğində maddi ziyan yetirmişdir. Yol nəqliyyat hadisəsi zamanı Avtomobilin mülkiyyətçisi Cavabdeh2 Novruz oğlu tərəfindən Cavabdeh1 idarə etmək üçün verilmiş ƏN-V№346524 saylıetibarnamə olmuşdur. Hadisə ilə bağlı Bakı şəhər, Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Avtomobilin sürücüsü Cavabdeh3 tanınmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh3 tərəfindən idarə edilən Avtomobilin mülki məsuliyyətinin icbarisığortası olmamışdır. Cavabdehlər maddiz iyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh1 məhkəmə baxışı zamanı bildirmişdir ki, Avtomobil əslində Cavabdeh2 mülkiyyətində olsa da, o, Avtomobili etibarnamə əsasında bir neçə nəfərə satmışdır. O, avtomobili Telmandan yox, Anar adlı şəxsdən etibarnamə əsasında almışdır. O, ümumiyyətlə Telman adlı şəxsi tanımamışdır. Avtomobili artıq etibarnamə əsasında başqa şəxsə satıb. Cavabdeh3la eyni qəsəbədə yaşayırlar, hadisə baş verən gün Cavabdeh3 ondan xahiş etmişdir ki, bir günlük avtomobili ona versin, o, daş karxanasına getməlidir. O isə könüllü şəkildə Avtomobili Cavabdeh3 vermişdir. Bir neçə saat sonra Elçin ona zəng edərək yyol nəqliyyat hadisəsi törətdiyini bildirdi.
9. Cavabdeh3 məhkəmə baxışı zamanı bildirmişdir ki, hadisə baş verən gün o, daş karxanasına gedirdi. Cavabdeh1 ona bildirdi ki, onun Avtomobilini aparsın daş karxanasına, Avtomobili orada növbəyə qoysun. Avtomobildən sərnişin düşürdən zaman “Mercedes” markalı başqa avtomobil onun qarşısına anidən çıxmış, hava isə yağmurlu olduğundan və avtomobildəki sərnişinlərə xəsarət yetirməmək üçün Avtomobili işıq dirəyinə çırpmışdır.
10. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
21. Məhkəmə ilk öncə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yüksək təhlükə mənbəyi olan avtomobilin sahibi olan Cavabdeh2 sahibliyindən Avtomobil hüquqa zidd götürülmüşdür. Belə ki, iddiaçı tərəfindən Avtomobilin idarə edilməsi üçün etibarnamə yalnız Cavabdeh1 verilmiş, o isə öz növbəsində iddiaçının məlumatı olmadan Avtomobili idarə etmək üçün digər Cavabdeh3 vermişdir. Aşkar olaraq müəyyən olunur ki, Cavabdeh1 Avtomobili etibarnaməsiz olaraq istifadəyə vermişdir. Belə olan halda, tələbə cavab verməli olan şəxs Cavabdeh3 və Cavabdeh1dur.
22. İşin mübahisəsiz halıdır ki, yol nəqliyyat hadisəsi törədilərkən Avtomobil Cavabdeh1 istifadəsində olmuşdur, onun Avtomobildən istifadəsi qanuni, yəni mülkiyyətçi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş etibarnamə əsasında həyata keçirilmişdir. Həmçinin, cavabdeh Bakı şəhəri BDYPİ-nin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilərək barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bu hal da, Cavabdeh1 baş verimiş ziyanın vurulmasında təqsirli olmasını bir daha təsdiq edir. Həmçinin, Cavabdeh1 da məhkəmə iclası zamanı Avtomobili könüllü surətdə Cavabdeh3 verdiyini bildirmişdir.
23. Dəymiş maddi ziyanın həcminə gəldikdə isə, məhkəmə hesab edir iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/4882 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, işıq dirəyinə dəymiş ziyanın məbləği 2909,65 manat müəyyən edilir.
24. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, dəymiş zərərin miqdarı, yəni 2909,65 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2909,65 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində ekspertiza xərci Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı