Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1279/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1016 (bir min on altı) manat məbləğində əsas borc, hesablanmış dəbbə pulunun bir qismi olan 150 (bir yüz əlli) manat məbləğində pulu, ümumilikdə 1166 (bir min bir yüz altmış altı) manat məbləğində borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 31,66 (otuz bir manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* №-li “Alqı-satqı” müqaviləsinə əsasən 1596 (bir min beş yüz doxsan altı) manat dəyərində “Samsung 4K Smart 50 UHD UE50AU7100UXCE” markalı 1 ədəd televizor satılmış və bundan sonra 12 aylıq qrafik təşkil edilərək aylıq ödənişiniz 93 (doxsan üç) manat müəyyənləşdirilmişdir. Cavabdeh həmin tarixdən etibarən ilkin ödəniş olaraq 480 manat və 1 ay da 100 manat, ümumilikdə 580 manat məbləğində ödəniş etmiş, həmin ödənişdən sonra heç bir ödəniş etməmişdir. Bununla cavabdehin ümumi ödəmədiyi əsas məbləğ 1016 (bir min on altı) manat təşkil etmişdir. Müqavilənin 5.2.5-ci bəndində “Alıcı malın dəyərini ona təqdim edilmiş Ödəniş Cədvəlində göstərilən qaydada ödənilməsini 45 gündən artıq müddətə həyata keçirmədikdə Satıcı ödənişi tələb etmək, eyni zamanda malın geri götürülməsi hüququna malikdir” göstərilmişdir. Həmçinin eyni Müqavilənin 7.1-ci bəndində “Alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş hər gün üçün 1.5% cərimə ödəyir” qeyd edilmişdir. Bundan başqa həmin Müqavilənin 7.2-ci bəndində “Alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş müddət 45 gündən artıq olduqda Satıcı öz mülahizəsinə əsasən malın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını Alıcıdan tələb edə bilər” bildirilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 1,5%-i məbləğində olmaqla 6560 (altı min beş yüz altmış) manat məbləğində dəbbə pulu hesablanmışdır. Hesablanmış dəbbə pulunun 150 (bir yüz əlli) manat olan hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin ödəməli olduğu əsas borc (1016 manat) və dəbbə pulu (150 manat) ümumilikdə 1166 (bir min bir yüz altmış altı) manat təşkil edir. Şirkət tərəfindən öz növbəsində pulməbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 (on) gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır, müqaviləyə əsasən İddiaçı MMC 12 ay müddətinə 1596 manat dəyərində əmtəəni – “Samsung 4K Smart 50 UHD UE50AU7100UXCE” markalı 1 ədəd televizoru alqı-satqı şərtləri əsasında alıcıya verməyi, alıcı aldığı əmtəənin qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.1 və 7,2 bəndinə əsasən ödəniş 45 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 1,5 % faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əlavədən görünür ki, “Samsung 4K Smart 50 UHD UE50AU7100UXCE” markalı 1 ədəd televizor alıcıya satılmışdır, müqavilə üzrə borc 1596 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 93 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1,5% dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh malı təhvil almışdır İş materiallarında olan ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh aldığı əmtəənin ilkin ödəniş 480 manat, cəmi məbləği 1166 manatdır, aylıq məbləğ 93 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə 1016 manat əsas borc, 200 manat cərimə borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcunu 10 gün müddətində ödəməsinə dair xx.xx.2024-cü il tarixdə bildiriş göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Samsung 4K Smart 50 UHD UE50AU7100UXCE” markalı 1 ədəd televizora dair xx.xx.2023-cü il tarixdə ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə iddiaçıya əsas borc 1016 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləyə əsasən, “Samsung 4K Smart 50 UHD UE50AU7100UXCE” markalı 1 ədəd televizor üçün 1016 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1066 manat borc məbləği Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş məbləğdən 30,66 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləyə əsasən 1016 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1066 (min altmış altı) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş məbləğdən 30 (otuz) manat 66 (altmış altı) qəpik tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1279/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1279/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver