Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1284/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə borcun ödənilməsi iddiasında dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən əsas borca görə 8000 manat, hüquqi yardım xərcinə görə 320 manat, ödənilmiş dövlət rüsumuna görə 103,2 manat, cəmi 8423,20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü ildə iddiaçıdan 8000 manat borc almışdır. Borc məbləğinin alınması cavabdehin imzaladığı Müqavilə ilə təsdiq edilir. Müqavilənin 1.2-ci bəndinə əsasən Borc alan borc məbləğinə görə hər ay Borc verənə 20% (iyirmi faiz) məbləğində qazanc faizi ödəməlidir. Beləliklə hər ay üçün faiz məbləği 1600 manat olmaqla, borcalanın Müqavilə üzrə ödəməli olduğu faiz məbləği xx.xx.2024-cü il tarixinə kimi 24000 manat təşkil edir. Ötən müddət ərzində cavabdehə dəfələrlə borcun qaytarılması ilə bağlı müraciət edilsə də, o müxtəlif bəhanələrlə məbləği qaytarmaqdan imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o iddiaçıdan ilk dəfə 6000 manat müqaviləsiz borc pul almışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən Borc alan borc məbləğinə görə hər ay Borc verənə 20% (iyirmi faiz) məbləğində qazanc faizi ödəməlidir, cavabdeh bunu təsdiq edir ki, ilk bir ay 1200 manat məbləğində faiz ödəmişdir və iddiaçı növbəti iki ayın faizini toplayaraq 2400 manat puldan 400 manatı qazanc kimi göturub 2000 manatı əvvəlki 6000 manatın üzərinə gələrək pulu çoxaltmağı ona təklif etmişdir. O da həmin vaxt pula ehtiyacı olduğu üçün razılaşmış və xx.xx.2023-cü il tarixində 8000 manata görə müqavilə bağlamışlar, nəticədə düzənli olaraq hər ay 1600 manat ödəniş etmişdir. Ümumi olaraq iddiaçıya 10000 manatdan çox pul ödəmişdir, və özünədə artıq işinin dayandığını və faiz ödəyə bilməyəcəyini bildirmişdir. Son vaxtlar ödədiyi pulları əsas məbləğdən qaytardığını da bildirmişdir. Sonuncu dəfə 2600 manat tərəfindən iddiaçıya ödənilmişdir. Borc tamamilə tərəfindən bağlanmışdır, bunu sübut edən şahidləridə var, onların məhkəmə iclasına dəvət edilmələri üçün sistemə vəsatət əlavə etmişdir. Ödənişlər nəğd formada həyata keçirilmişdir, bununla bağlı whatsapp mesajını subüt kimi təqdim etmişdir. Mesajda da göründüyü kimi iddiaçı ödənişləri iş yerinə gələrək əlbəəl götürürdü. Bir dəfədə olsun iddiaçı ona zəng etməmişdir. İddiaçının 2 il sonra belə bir addım atması ağlabatan deyildir. Bu onun göstəricisidir ki, iddiaçının tələbi əsassızdır, əsaslı olsaydı 2 il öncə bu barədə məhkəməyə müraciət etmiş olardı. Yuxarıda sadaladıqlarını və şahidlərin cəlb edilməsindən sonra ifadələrin nəzərə alınaraq iddiaçının əsassız iddia və əsassız varlanma yolu ilə ondan artıq faiz tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin ediləsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2023-cü il tarixində bağlanmış borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8000 manat nəğd formada borc pul vermişdir. Müqavilənin 3.1 bəndinə əsasən, müqavilə borc verənin borc məbləğini borc alana verdiyi və ya borc alanın hesabına köçürdüyü gündən qüvvəyə mindiyi və borc alan tərəfindən borcun tam həcmdə qaytarıldığı günədək güvvədə qaldığı qeyd edilmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 103,2 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 bildirmişdir ki, o da, iddiaçıda cavabdehə pul vermişdir. Bununla bağlı sənəd də verilmişdir. Cavabdeh lombard işlədir. Həm pul, həm də qızıl götürür. Bu yolla xeyli adam cəlb olunub. İddiaçı əvvəl 1000 manat, sonra 7000 manat pul verib. 1000 manatı Zoya Tanrıverdiyeva özü aparıb verib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Pırverdıeva Elvıra bildirmişdir ki, Gürcüstan Respublikası vətəndaşıdır. İddiaçını yaydan tanıyır. İddiaçı ilə “28 may” metro stansiyasında görüşmüş, pulu götürərək cavabdehə vermişdir. Cavabdehi qonşusu vasitəsilə tanımışdır. Cavabdehə 7000 manat pulu aparmışdır. İddiaçı işlədiyi üçün, vaxtı olmadığından onunla görüşərək pulu vermiş və o cavabdehə çatdırmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442.1. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan borc pul almışdır və borc məbləğini iddiaçıya qaytarılmasına dair vəzifənin daşıyıcısı olmuşdurlar. Lakin, cavabdeh borc pul vəsaitini geri ödənilməsinə dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdirlər. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də 8000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasi hissəsində iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında iddiaçıya müqavilə üzrə 10000 manatdan çox pul ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə, cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı dəlili sübuta yetirmədiyinə görə, istinad etdiyi bu halı mövcud olmayan kimi rədd edir. Məhkəmə iddiaya cavabdehdən iddiaçının xeyrinə 320 manat məbləğində hüquqi yardım xərcinin ödənilməsinə dair iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar vəkilə hüquqi yardıma görə ödənilmiş xidmət haqqının ödənilməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçı həmin məsrəflərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın 103,2 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borc müqaviləsi üzrə borca görə 8000 (səkkiz min) manat, göstərilmiş hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,2 (yüz üç manat iyirmi qəpik) manat, ümumilikdə 8423,20 (səkkiz min dörd yüz iyirmi üç manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1284/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1284/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver