Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1314/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2021-ci il noyabrında iddiaçı tərəfindən "xxxx" MMC-dən “Arçelik” firmasına məxsus soyuducu alınaraq rəsmiləşdirmə aparılmışdır. 2021-ci ilin dekabrında isə evə gətirilmişdir. Həmin soyuducuya müəssisə tərəfindən 3 il müddətinə qarantiya verilmişdir. 2022-ci ilin avqust ayında soyuducuda müəyyən texniki problemlər yaranması ilə əlaqədar "xxxx" MMC ilə *3344 nömrəsi ilə əlaqə saxlanmış və müvafiq təmir işləri görülməsi üçün 2022-ci ilin sentyabr ayının 2-də soyuducunu aparmışlar. Aparılan soyuducunu isə noyabrın sonuna gətirmişlər. 4 ay işlədikdən sonra isə yenidən iddiaçı tərəfindən müəssisəyə müraciət olunmuş, onlar 2023-cü il mart ayının 26-da ünvan 1 ünvanında yerləşən 55 saylı mənzilə gələrək soyuducuya baxış keçirmiş və onu başqa soyuducu ilə əvəz edəcəklərini ona bildirmişdirlər. Lakin soyuducunu təmir edəcəklərini bildirərək götürüb aparsalar da, artıq uzun müddətdir ki, heç bir xəbər yoxdur. Bununla da müəssisədən aldığı qüsurlu mala görə iddiaçıya zərər dəymiş, istehlakçı hüquqların müəssisə tərəfindən kobud surətdə pozulmuşdur. Həmçinin bu məsələ ilə bağlı olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna, Bakı şəhər prokurorluğuna, Yasamal rayon prokurorluğuna, Yasamal rayon polis idarəsinə də şikayət edilmişdir. xx.xx.2023-cü il tarixində isə Azəbaycan Respublikasının Baş prokuroluğuna daxil edilmiş müraiətə baxılması üçün müraciət edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, texniki problemlər yaranmış olan və cavabdeh tərəfindən götürülərək geri qaytarılmayan soyuducunun dəyərini yəni, 1800,00 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini, cavabdeh "xxxx" MMC-nin nümayəndələri tərəfindən götürülərək geri qaytarılmayan soyuducunun dəyərini, yəni 1699 manat məbləğində pul vəsaitinin və 38 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(011)-3301/2023 saylı 16 noyabr 2023cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş Zəmanət talonundan görünür ki, müştəri İddiaçı Arçelik 283721 EB markalı soyuducu üçün 3 ilədək zəmanət verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 28 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən ******* nömrəli müqavilə üzrə soyuducu üçün 1699 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan TexnoMart Servis Mərkəzi tərəfindən verilmiş 107997 nömrəli xidmət talonundan görünür ki, malın alınma tarix kimi 28 oktyabr 2021-ci il, təmir tarixi kimi 01 noyabr 2021-ci il göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi Ənvər Ənvərli tərəfindən məhkəməyə təqdim edilmiş izahatdan görünür ki, müştəri İddiaçı "xxxx" MMC-dən “Arçelik” markalı soyuducu almış, 1 il keçdikdən sonra qüsurla bağlı şirkətə müraciət etmişdir. Müraciət edərkən, müştərinin əlində zəmanət talonu və ya digər hər hansı sənəd olmamışdır. Şirkət əməkdaşları zəmanət talonunun olmamasına baxmayaraq, müştəridən soyuducunu talon əsasında qəbul edilməsinə də köməklik göstərmişlər. İddia ərizəsində 2022-ci ilin avqustunda şirkətə qüsur barədə məlumat verildiyi, sentyabrın 2-də soyuducunun şirkət əməkdaşları tərəfindən aparıldığı və aparılmış soyuducunun noyabr ayının sonunda qaytarıldığı göstərilmiş, lakin bunları təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Soyuducuda zavod qüsuru təsdiqləndiyi və təmiri mümkünsüz olduğu üçün götürülmüş soyuducunu yox, onun əvəzinə oktyabr ayında tam yeni soyuducu müştəriyə təqdim edilmişdir. İddiaçı özü tərəfindən iş materiallarına əlavə edilmiş zəmanət talunundan da, yeni soyuducunun satış tarixinin xx.xx.2022 olduğu aydın görünür. İddiaçı isə iddia ərizəsində soyuducunun yenisi ilə əvəzləndiyini göstərməmiş, “apardıqları” soyuducu kimi qeyd etmiş və xx.xx.2022-ci il tarixdə yeni soyuducu verildiyi halda “noyabr ayının sonlarında gətirmişlər” deyə qeyd etmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilən məlumatlar təhrif olunmuşdur. Bundan başqa iddia ərizəsində 2023-cü ilin mart ayında soyuducunun şirkət əməkdaşları tərəfindən götürüldüyü qeyd edilmişdir. Lakin daxili araşdırma zamanı bu barədə hər hansı məlumat müəyyən edilməmişdir. Avadanlıqlar əməkdaşlar tərəfindən götürülərkən, müştəri ilə təhvil-təslim aktı imzalanmaqla təhvil alınır və servisə aparılır. Lakin şirkət daxilində belə bir sənəd aşkar edilməmiş, qarşı tərəf də hər hansı təhvil-təslim sənədini məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia ərizəsində soyuducunun aparılıb, lakin qaytarılmaması barədə iddia ilə qətiyyən razı deyillər. Nümayəndə izahatında qeyd etdiyi halların nəzərə alınmasını və iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1.); lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (maddə 587.2.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Beləliklə, mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən “Arçelik” markalı soyuducu almış, texniki nasazlıq olduğundan soyuducu işləməmiş, cavabdehin əməkdaşları tərəfindən soyuducu aparılmış, təmir olunaraq iddiaçıya qaytarılmış, lakin həmin soyuducuda yenə də texniki nasazlıq yarandığından iddiaçının şikayəti ilə soyuducu yenə də təmir olunması üçün aparılmış, lakin geri qaytarılmamışdır. İddiaçı yaranmış texniki nasazlığın aradan qaldırılmasını, yaxud soyuducunu yenisi ilə əvəz edilməsini tələb etsə də, cavabdeh soyuducuda yaranmış texniki nasazlığı aradan qaldırmamış, eyni zamanda yeni soyuducu ilə əvəz etməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etsə də, qeyd etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən aldığı soyuducuda əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan, həmin soyuducuda yaranmış texniki nasazlıq cavabdeh tərəfindən aradan qaldırılmadığından cavabdeh "xxxx" MMC-dən həmin soyuducuya görə iddiaçı tərəfindən ödənilmiş 1699 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1699 manat məbləğində pul vəsaiti və 38 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1314/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1314/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver