Məhkəmə qərarları › İş №e-2(011)-1336/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1336/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1336/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 6769 nömrəli kreditmüqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə, illik 13% olmaq şərtilə 140 000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən aylıq ödəniş 2090 manat müəyyən edilmişdir. Cavabdeh aldığı krediti qismən qaytarmışdır.

2. Həmçinin, iddiaçı ilə cavabdeh və X2 arasında xx.xx.2014-cü il tarixli, 095/14 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzil (Bundan sonra – Mənzil) müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq, qiyməti 140 000 manat olmaqla, ipoteka ilə yüklü edilmişdir. Mənzil "xxxx" ASC-nin adına ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2014cü il tarixdə çıxarış verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 20 iyun 2014-cü il tarixli 6769 nömrəli kredit müqaviləsi üzrə 127083,42 manat əsas borcun, 34785,67 manat faiz borcunun, cəmi 161.869,09 manat borcun iddiaçının xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş cavabdehə məxsus Mənzilə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, cavabdehə məxsus Mənzilin ilkin satış dəyərinin 140.000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş əmlakın açıq hərracda satılması hesabına 161.869,09 manat borcun və ödənilmiş 451,87 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında iddiaçıya keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı borcli və ipotekaqoyan cavabdehin "xxxx" ASC-yə 20 iyun 2014- cü il tarixli 6769 nömrəli kredit müqaviləsi üzrə olan 128.083,0 manat əsas borc, 15113,37 manat faiz borcu olmaqla, cəmi 143196,79 manat məbləğində problemli borcu üzrə tələb hüququ 14 mart 2018- ci il tarixli S-DİP K-439 saylı təhvil-təslim Aktı əsasında iddiaçıya keçmişdir. Təhvil-təslim sənədlərinə əsasən "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 20 iyun 2014-cü il tarixli 6769 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən cavabdehə 120 ay müddətinə illik 13 faizlə 140.000 manat kredit verilmişdir. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış 20 iyun 2014-cü il tarixli 6769 nömrəli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC, cavabdeh və satıcı X3 arasında 20 iyun 2014- cü il tarixli 095/14 saylı alqı- satqı və ipoteka müqaviləsi bağlanmış və Mənzil "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən əmlakın ipoteka yüklülüyünə dair Çıxarış verilmişdir. 20 iyun 2014- cü il tarixli 095/14 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.7-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri 13 iyun 2014-cü il tarixində tərtib edilmiş 179 nömrəli ekspert rəyinə əsasən, 09 may 2014-cü il tarixə ipoteka predmeti 140.000 manat dəyərində qiymətləndirilir. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış 20 iyun 2014-cü il tarixli 6769 nömrəli kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən Borc alan bu Müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinnə yetirməyi öz öhdəsinə götürür.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək iddia tələbini qəbul etdiyini bildirdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

10. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi

18. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlaraını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

24. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə cavabdeh kredit müqaviləsi bağlanmış, cavabdehə 120 ay müddətinə illik 13% dərəcəsi ilə 140 000 manat məbləğində kredit verilmişdir.

25. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

26. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 14).

27. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh Əli Əliyev arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

28. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən Mənzilə yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mənzilin likvid dəyərinin 140 000 manat məbləğində müəyyən olunmasına dair iddia tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Mənzizlin likvid dəyəri 150 000 manat, bazar qiyməti isə 165 000 manat təşkil edir.

30. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə qiymət verərkən ipoteka predmetinin likvid dəyərinin məhkəmə ekspertizasının rəyində göstərilən 150 000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi bağlanan zaman müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə alınmaqla ağlabatandır.

31. Məhkəmə hesab edir ki, 451,87 manat məbləğində dövlət rüsumu və 300 manat Mənzilin qiymətləndirmə xərci cavabdehdən tutulmalıdır.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 127 083,42 manat məbləğində əsas, 34 785,67 manat faiz olmaqla, cəmi 161 869,09 manat pul məbləği, həmçinin ödənilmiş 451,87 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Tələb ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 150 000 manat olmaqla açıq hərracdan satılsın və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən, cəmi 161 869,09 manat pul və 451,87 manat dövlət rüsumu İddiaçı BOKT QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 300 manat məbləğində Mənzilin qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar