Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-134/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş 2.500 avro məbləğində maddi ziyanın və qüsurlu xidmətin göstərilməsinə görə ödənilmiş 27 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" MMC-nin “Park Bulvar” Ticarət Mərkəzində yerləşən obyektinə özünə məxsus iki ədəd geyim əşyasını (teniska və don) kimyəvi təmizlənmə üçün təhvil vermişdir. Əşyalar təhvil verilərkən iddiaçı donun bahalı geyim əşyası olduğunu bildirmişdir, bu səbəbdən üzərində olan ləkələrin əşya üçün təhlükəsiz, yəni əşyaya zərər yetirilmədən təmizlənə biləcəyi və yalnız işin öhdəsindən keyfiyyətlə gələ biləcəkləri təqdirdə xidmət göstərmələrini dəqiqləşdirmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC tərəfindən işin öhdəsindən gələcəyini və keyfiyyətlə icra edəcəyi barədə İddiaçı arxayin etmişdir. İddiaçı öz növbəsində adıçəkilən əşyaları cavabdehə təhvil vermiş və sonuncuya 27 (iyirmi yeddi) manat xidmət haqqı ödənişini həyata keçirmişdir. Lakin qeyd olunan obyektdə əşyaların kimyəvi təmizləmədən sonra onları təhvil alarkən müəyyən olundu ki, nəinki iddiaçı tərəfindən təhvil verilmiş donun üzərindəki ləkələr təmizlənməmiş, hətta paltar tamamilə yararsız hala düşmüşdür. Belə ki, donun rəngi bozarmış, əvvəlkinə nisbətən tanınmaz hala düşmüşür və sonraki istifadəsi üçün yararsız olmuşdur. Sözügedən don iddiaçı tərəfindən əvvəllər hədiyyə olaraq qəbul edilmişdir və “Loro Piana” brendinə məxsus olmaqla, dəyəri 2.500 avro (iki min beş yüz) təşkil edir. Qeyd olunan hal barədə dərhal cavabdehin olduğu obyektdə iddiaçı tərəfindən etiraz bildirilmişdir və əşyasına vurulmuş zərərin aradan qaldırılması və ya əvəzinin ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh vurduğu ziyanı etiraf etməkdən imtina etmişdir və icra etdiyi işin həmin sahədə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu bildirmişdir. Halbuki, cavabdeh işi icra etdikdən sonra iddiaçıya məxsus geyim əşyasının yararsız hala düşdüyü və bərpaolunmaz dərəcədə korladığı göz qabağındadır. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" MMC-nin digər Cavabdeh ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirakı olmadan iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən "xxxx" MMC-nə ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin “Park Bulvar” Ticarət Mərkəzində yerləşən obyektinə özünə məxsus iki ədəd geyim əşyasını (teniska və don) kimyəvi təmizlənməsi üçün təhvil vermiş, əşyaları təhvil verərkən 27 xidmət haqqının ödənişini əvvəlcədən həyata keçirmişdir. Qeyd olunan obyektdə əşyaları kimyəvi təmizləmədən sonra təhvil alarkən müəyyən etmişdir ki, təhvil verdiyi don yararsız hala düşmüşdür. Belə ki, donun rəngi bozarmış, əvvəlkinə nisbətən tanınmaz hala düşmüş və sonraki istifadəsi üçün yararsız olmuşdur. Qeyd olunan don “Loro Piana” brendinə məxsus olmaqla, dəyəri 2500 Avro təşkil etmiş və ona hədiyyə olunmuşdur. Lakin hazırda "xxxx" MMC tərəfindən ona məxsus geyim əşyasının korlanması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 27 manat xidmət haqqı ödənilmişdir. İş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 01 ədəd etiketində “X5 in İtaly” əmtəə göstəriciləri olan qızılı çalarlı yaşıl rəngli don üzərində rəyin tədqiqi hissəsində qeyd edilən kənar təsirlər nəticəsində yaranan (yuma, qurudulma, ütüləmə və s.) parçanı təşkil edən lif mikrostrukturunda qırışıqların, sürtünmələrin olması, donun arxa hissələrində materialın içəriyə doğru batması müşahidə edildi. 01 ədəd etiketində “X5 in İtaly” əmtəə göstəriciləri olan qızılı çalarlı yaşıl rəngli don tərkibini təşkil edən təbii mənşəli pambıq lifləri turşulara qələvilərə və üzvi həll edicilərə qarşı və həmçinin yüksək temperatura, istiliyə qarşı davamsızdır. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində parçanı təşkil edən lifin strukturu deformasiyaya uğrayaraq, paltarın keyfiyyətini aşağı salır və ümumi görünüşünü korlayır. 01 ədəd “X5 in İtaly” əmtəə göstəriciləri olan qızılı çalarlı yaşıl rəngli donun xarici görünüşü sadalanan əlamətləri daşıyır. Donun səthində zədə yoxdur, don təyinatı üzrə istifadə üçün yararlıdır. Aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət məntəqələrində, mağazalarında, yerli internet saytlarında ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd açıq yaşıl rəngli, etiketində “X5 in İtaly”, içərisində ölçünü bildirən 48 və OP COM 82100 FAD5269 yazıları olan qadın donunun satışına və qiymətinə dair hər hansı məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspert qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Həmin rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş donun üzərində zədə aşkar edilməmişdir və o, istifadə üçün yararlıdır. Digər tərəfdən, ekspert rəyində qeyd edilmişdir ki, kənar təsirlər nəticəsində donun tərkib lif mikrostrukturunda qırışların (yuma, ütüləmə, qurudulma və s), sürtünmələrin olması, donun arxa hissəsində olan nöqtəvari ləkələr olan sahədə sürtünmələrin, bəzi hissələrində materialın içəriyə doğru batması müşahidə edilmişdir. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində donun parçasını təşkil edən lifin strukturu deformasiyaya uğrayaraq, paltarın keyfiyyətini aşağı salır və ümumi görünüşünü korlayır. İş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli təkrar keçirilmiş ekspertiza rəyindən görünür ki, 01 ədəd etiketində “X5 in İtaly” əmtəə göstəriciləri olan qızılı çalarlı yaşıl rəngli don üzərində aşkar edilmiş kiçik ölçülü nöqtəvari ləklər, həmin ləkələr olan sahədə sürtünmə və bəzi hissələrdə materialın içəriyə doğru batması, bəzi hissələrdə lif mikrostrukturunda qırışıqların, sürtünmələrin olması kimi struktur deformasiyası əlamətlərin nə zaman və hansı şəraitdə (yuma, qurudulma, ütüləmə və s.), kimyəvi təmizləmə və ya digər faktorların (ətraf mühit faktorları-günəş şüaları, rütubət və s.) təsiri ilə yaranmasını təyin edən müvafiq elmi metodika olmadığından sadalanan əlamətlərin yaranma səbəbini müəyyən etmək mümkün deyildir. İş üzrə İddiaçı məxsus qadın geyim əşyasının hazırki bazar dəyərini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə işinə dair hesabatından görünür ki, bütün göstəriciləri nəzərə alınmaqla aparılmış təhlil ve hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən qadın geyim paltarı “Loro Piana” brendinə məxsusdur və qismən istifadəyə yararlıdır. Paltarın yenisinin hazırki bazar dəyəri 3.900-4.100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus 01 ədəd donu kimyəvi təmizləmə məqsədi ilə Cavabdeh istifadəsində olan kimyəvi təmizləmə obyektinə təhvil vermişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil öz izahatında sözügedən donun Cavabdeh tərəfindən kimyəvi təmizləmə üçün qəbul edildiyini, xidmət haqqının 27 manat olduğunu, təmizləmədən sonra tərəflər arasında mübahisənin yarandığı və iddiaçının donu təhvil almaqdan imtina etdiyini təsdiq etmişdir. O bildirmişdir ki, qeyd olunan səbəblərdən don cavabdehin sahibliyində qalmışdır. O, həmin donun “Loro Piana” brendinə məxsus olmaqla 2.500 avro dəyərində olmasına dair sübutların olmadığını vurğulayaraq, iddia tələblərinə etiraz etmişdir. Daha sonra həmin don cavabdeh tərəfindən ekspertizanın keçirilməsi üçün tədqiqata təqdim edilmişdir. Belə ki, Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Məhkəmə, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunanları əsas götürərək hesab edir ki, kimyəvi təmizləmə nəticəsində donun lif mikrostrukturunda qırışların (yuma, ütüləmə, qurudulma və s), sürtünmələrin, donun arxa hissəsində olan nöqtəvari ləkələr olan sahədə sürtünmələrin olması, bəzi hissələrində materialın içəriyə doğru batmasının olması, kimyəvi və mexaniki təsirlər nəticəsində donun parçasını təşkil edən lifin strukturunun deformasiyaya uğraması iş materialları ilə müəyyən edildiyindən və həmin donun kimyəvi təmizləmə üçün cavabdehə təhvil verilməsi işin mübahisəsiz halı olduğundan, iddia tələbləri qismən təmin edilərək iddiaçıya dəymiş maddi zərər cavabdehdən tutulmalıdır. Zərərin həcminin müəyən edilməsi üçün qiymətləndiricinin hesabatı əsas götürülməklə yanaşı həmin donun işlənmiş əşya olduğu da nəzərə alınmalıdır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərə görə 1.250 (bir min iki yüz əlli) avro pul məbləği (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xidmətin qüsuru nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbi təmin edildiyindən, 27 manat məbləğində xidmət haqqı məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, işə baxılması ilə bağlı dövlət rüsumu, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, dövlət büdcəsinə, iş üzrə aparılmış qiymətləndirmə hesabatının dəyəri isə cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, işə baxılması ilə bağlı dövlət rüsumu 43,6 manat, iki ekspertiza tədqiqatının ümumi dəyəri 243 manat (154 manat və 89 manat) və "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 350 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1.250 (bir min iki yüz əlli) avro pul məbləği (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 27 (iyirmi yeddi) manat ödənilmiş xidmət haqqı məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin eilməsin. İşə baxılması ilə əlaqədar 43,6 (qırx üç manat altmış qəpik) manat dövlət rüsumu və iki ekspertiza tədqiqatının dəyəri olan cəmi 243 (iki yüz qırx üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qiymətləndirici tərəfindən aparılmış tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva İş № 2(011)-8008/2021 Azərbaycan Respublikası adından Qətnamədən çıxarış Bakı şəhəri Xətai Rayon Məhkəməsi 14 dekabr 2021-ci il Bakı şəhəri X4 Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh «A.X.E.” MMC-nə qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. "xxxx" MMC-dən vurulmuş maddi zərərə görə 30000 (otuz min) manat tutularaq X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-134/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-134/2024
19.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver