Məhkəmə qərarları › İş №e-2(011)-1342/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1342/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1342/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və eyni zamanda vəklili Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Belə ki, Cavabdeh1 onun qızı X4 ilə 18 ildən artıqdır ki, evlidirlər. Bir neçə il bundan öncə Cavabdeh1 işində problemlər yaranmışdır. Cavabdeh1 qaynanası, İddiaçı, yəni onda 50000 manatdan yuxarı pul məbləğinin olduğu məlum idi. O, həmin pula uzun illər hüquq mühafizə orqanlarında işləmiş mərhum oğlu X2 övladları üçün ev almaq niyyətində idi. Lakin 16 fevral 2020-ci ildə kürəkəni Cavabdeh1 onun anası Cavabdeh2 və atası Cavabdeh3 onun yaşadığı ünvan 1 ünvanına gələrək, Cavabdeh1 təcilli pul lazım olduğunu, 2 həftə müddətində 50000 manat pulu Cavabdeh1 borc almışdır. O, bu pula nəvələri üçün ev almaq niyyətində olduğunu bildirmişdir. Pulun geri qaytarılması öhdəliyini Cavabdeh1, anası Cavabdeh2 və atası Cavabdeh3 aralarında olan şifahi razılaşmaya görə öz üzərilərinə götürmüşlər. Cavabdeh1 onun kürəkəni olduğundan və ona etibar etdiyindən ona pulu verərkən hər hansı qəbzə imzalatdırmamışdır. O, 50000 manat məbləğində pulu sayaraq Cavabdeh2 və Cavabdeh3 yanında Cavabdeh1 2 həftə müddətinə deyil, 2 ay müddətinə vermişdir. Aradan 2 ay müddət keçdikdən sonra o, pulun qaytarılması üçün kürəkəni Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 ondan bir neçə həftəlik möhlət istəmişdir. O, onunla razılaşaraq, yenidən ona vaxt vermişdir. Lakin Cavabdeh1 bu münasibətlərdən istifadə edərək, pulu geri qaytarmır və hətta bu günədək, pulun qaytarlıması üçün hər hansı cəhd göstərmir. Bundan sonra o, dəfələrlə Qazax rayonuna cavabdehlər Cavabdeh3 və Cavabdeh2 evinə getmiş və onlardan da pulun qaytarılmasını tələb etmişdir. Lakin onların pulun qaytarılmasını təmin etmək əvəzinə, əksinə olaraq, bıçağı onun qarnına diriyərək, pulun olmadığını bildirmişdir. Bundan sonra da o, dəfələrlə gedib, Cavabdeh1 tələb etsə də, lakin pulu ödəməkdən boyun qaçırdılar. Bu münasibətlər tərəflərin aralarındakı münasibətlərin pozulmasına gətirib çıxarmışdır. O, Cavabdeh1 onun kürəkəni olduğundan bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş və bu günə qədər gözləmişdir. Halbuki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin məbləğin 2 həftə müddətinə qaytarılması öhdəliyini öz üzərinə götürmüşdülər. Aradan artıq uzun müddət keçməsinə baxmayaraq, təqaüd yaşında olan qudaları və kürəkəni tərəfindən aldadılır. O, artıq aldadıldığını dərk etdiyindən müvafiq qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 50000 manat məbləğində pulun və hazırki iddianı qaldırmaq üçün ödədiyi 270 manat məbləğində dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı X1 nümayəndəsi və eyni zamanda vəklili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı şikayət ərizəsi əsasında həmin bölmədə aparılmış araşdırmaya aid sənədlərdən məlum olur ki, İddiaçı şikayət ərizəsinə 35-ci PB-də baxılmış, lakin göstərilən xüsusatların polisin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmçinin Cavabdeh1 polis bölməsində vermiş olduğu izahatı da məktuba əlavə edilmişdir. Həmin izahatda Cavabdeh1 göstərmişdir ki, 2018-ci ildə işi ilə bağlı yaranmış maddi sıxıntılarla bağlı qaynanasından 60 min manat borc almış, onun razılığı ilə 2 ay müddətinə qaytaracağını bildirmişdir. O, həmin pulu 2 aya yox, 2 il müddətinə qaynanasına tam şəkildə ödəmişdir. Pulun qaytarılma müddəti gec olduğundan qaynanası pulun üstündə ondan əlavə 50 min manat tələb etmiş, vermədiyi təqdirdə lazımi orqanlara müraciət edərək, ailəlikcə onları süründürəcəyini bildirməklə hədə-qorxu gəlmişdir. Ərizə ilə bağlı onu bildirmişdir ki, qaynanası İddiaçı heç bir borcu yoxdur, onun pulu tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının nümayəndəsinin izahatı və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində Cavabdeh1 tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh1 ümumilikdə 60000 (altmış min) manatı İddiaçı 2 ay müddətində qaytarmaq şərti ilə borca almışdır. Cavabdeh1 həmin borcun 2 il müddətinə qaytarılmasını izahatında qeyd etsə də, bununla bağlı mötəbər sübutlar mülki iş materiallarında mövcud deyil. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən iddiaçıdan borcun alınması və qaytarılmaması, bununla da iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh1 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 270 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 270 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar