Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1353/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi olaraq 6.500 manat və ödənilmiş dövlət rüsumuna görə 85 manat olmaqla, ümumilikdə 6.585 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı onun övladı X3 Dövlət Təhlükəsizlik Xidmətinin “Qartal” xüsusi təyinatlı bölüyünə 7.000 manat qarşılığında gizir rütbəsi ilə işə düzəldəcəklərinə dair yalandan vəd verib aldatmaqla 15 may 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 40 saylı Notariat Kontorunda Cavabdeh1 3.000 manat, daha sonra İddiaçı pulu tez bir zamanda verə biləcəyi təqdirdə oğlunun işini 6.000 manat pulun qarşılığında həll edəcəyini yalandan söyləməklə ondan 14 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 38 ünvanın qarşısında Cavabdeh2 1.000 manat nağd pulu, 10 iyul 2019-cu il tarixdə eyni ünvanda Cavabdeh1 1.000 manat nağd pulu, 05 avqust 2019-cu il tarixdə həmin ünvanda Cavabdeh1 1.000 manat nağd pulu, 02 dekabr 2019-cu il tarixdə Cavabdeh1 guya işlədiyi şöbənin rəisinin ad günü olduğunu, ona hədiyyə almaq adı ilə həmin ünvanda 400 manat, daha sonra ailəsinin şəxsi ehtiyacını qarışlamaq adı ilə 2020-ci ilin aprel ayının 7-də 100 manat nağd pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdən 6.500 manat pulu alıb ələ keçirərək, İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, Nərimanov rayon Polis İdarəsində açılmış cinayət işi nəticəsində Nərimanov rayon Məhkəməsinin 1(005)-33/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-590/2022 nömrəli 21 aprel 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmış və hökm öz qanuni qüvvəsini almışdır. Həm Nərimanov Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsinin icraatlarında olan cinayət işləri üzrə icraat zamanı Cavabdeh2 Cavabdeh1 ilə birlikdə X1 6.500 manat pulu aldığını və bunu öz şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Həmçinin, Cavabdeh2 və onun yaxın qohumları iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilərsə vurulmuş maddi zərəri ödəyəcəkləri barədə də dəfələrlə vədlər vermişdirlər. Lakin iddiaçıya dəymiş maddi zərər bugünədək ödənilməmişdir. İddiaçı hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 6.500 manat və ödənilmiş 85 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsində tam haqlıdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022ci il tarixli 1(005)-33/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən görünür ki, Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı onun övladını işə düzəltmək adı ilə aldadaraq, sonuncudan 6.500 manat pul almışdır. Hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(005)- 33/2022 saylı hökmündən İddiaçı və Cavabdeh2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-590/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-590/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarından İddiaçı vəkili tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-363/2023 saylı 01 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Digər cavabeh Cavabdeh1 münasibətdə cinayət işinin icraatı dayandırılmış və sonuncunun barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 15 may 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 3.000 manat borc pul vermişdir. Cavabdehlərin etirazı məhkəməyə daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 münasibətdə qəbul edilmiş hökmlə onun təqsiri sübuta yetirildiyindən, məhkəmə iddianın ona münasibətdə əsaslı olduğu qənaətinə gəlir. Digər Cavabdeh1 münasibətdə iş materiallarında olan həm borc (kredit) müqaviləsindən, həm Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(005)-33/2022 saylı hökmündə izahatlarına istinad olunmuş tərəflərin ifadələrindən görünür ki, Cavabdeh1 iddiaçıdan pul vəsaiti almışdır. Hazırkı halı təkzib edəcək hər hansı dəlillər məhkəməyə təqdim olunmadığından məhkəmə iddianın Cavabdeh1a münasibətdə də əsaslı hesab edir. Beləliklə, cavabdehlərin pulu alması və aldıqları pulu qaytarmaması işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.500 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 85 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 85 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.500 (altı min beş yüz) manat və dövlət rüsumunun əvəzi olan 85 (səksən beş) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1353/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1353/2024
06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver