Məhkəmə qərarları › İş №e-2(011)-1358/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1358/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1358/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/398/19-Göy saylı, 08 noyabr 2019-cu il tarixli nisyə alğısatqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 424.15 manat, dəbbə pulu 40 manat, cəmi 464.15 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixdə 01/398/19-Göy saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 3.463,15 manat olan bir ədəd 2018-ci il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 424.15 manat, dəbbə pulu 3.777,99 manat olmaqla, cəmi 4.202,14 manat təşkil edir. Dəbbə pulu məbləği kompüter proqramı ilə avtomatik hesablandığından hazırkı iddia ərizəsində tələb olunan dəbbə pulunun məbləği azaldılmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 720 gün müddətində gecikdirilmişdir və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırkı iş üzrə cavabdeh sayılan Cavabdeh2 08 noyabr 2019-cu il tarixli 01/398/19-Göy-Z3 saylı zaminlik müqaviləsinə əsasən nisyə alğı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixdə 01/398/19-Göy saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 3.463,15 manat olan bir ədəd 2018-ci il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 08 noyabr 2019-cu il tarixli 01/398/19-Göy-Z3 saylı zaminlik müqaviləsinə əsasən nisyə alğı-satqı müqaviləsi üzrə zaminliyi qəbul etmişdir. Cavabdeh1 tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 720 gün müddətində gecikdirilmişdir və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixli 01/398/19-Göy saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı – bir ədəd 2018-ci il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanını alıcıya təhvil vermiş, alıcı Cavabdeh1 isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən müqavilənin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsində həmin müqavilə üzrə öhdəliyin icra müddəti 15 ay müəyyən edilmiş, öhdəliyin icra müddəti 08 fevral 2021-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 30 dekabr 2022-ci il tarixdə müraciət etmiş, 1 illik müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin-Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, müqavilə üzrə hesablanmış 40 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 424.15 manat əsas, 4 manat dəbbə pulu olmaqla, cəmi 428.15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 424.15 (dörd yüz iyirmi dörd manat on beş qəpik) manat əsas, 4 (dörd) manat dəbbə pulu olmaqla, cəmi 428.15 (dörd yüz iyirmi səkkiz manat on beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilə İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar