Məhkəmə qərarları › İş №e-2(011)-1360/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1360/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1360/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Qaragözov Nizami Qaragöz oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********68 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən Qaragözov Nizami Qaragöz oğluna 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2100 manat məbləğində kredit, 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla, 300 manat məbləğində isə kart krediti verilmişdir. X3 Qaragöz oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Qaragözov Nizami Qaragöz oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli, BPM**********68 №-li kredit müqaviləsinə əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 1962.30 manat əsas borcu mövcuddur. xx.xx.2024-cü il tarixinə Tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 299.62 manat əsas borc, vəfat etdiyi tarixə 2.39 manat faiz borcu olmaqla, cəmi 302.01 manat borcu mövcuddur. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 42,65 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə hər birinin miras payı həcmində nağd kredit ilə əlaqədar 1962,30 manat borcun tutulması, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 299,62 manat əsas borc, vəfat etdiyi tarixə 2,39 manat faiz borcu olmaqla, cəmi 302,01 manat borcun tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 42,65 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda iddia tələbinə etiraz etməmişlər. Cavabdehlər həmçinin bildirmişlər ki, bu krediti mərhum özü üçün götürməmiş, ümumiyyətlə cavabdehlərin kreditdən məlumatları olmamışdır. Eyni zamanda bank məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə bununla bağlı zəng edib məlumat verməmişdirlər. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Qaragözov Nizami Qaragöz oğlu arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, BPM**********68 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2100 manat məbləğində nağd kredit, 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla, 300 manat məbləğində isə kart krediti verilmişdir. İş materialında olan "xxxx" ASC tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qaragözov Nizami Qaragöz oğlunun 08 iyun 2022-ci il tarixli, BPM**********68 nömrəli nağd kredit müqaviləsi üzrə 1962,30 manat borcu, Tam kart krediti ilə əlaqədar 299,62 manat əsas, vəfat etdiyi tarixə 2,39 manat faiz borcu olmaqla, cəmi 302,01 manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 313581 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qaragözov Nizami Qaragöz oğlu 13 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13 noyabr 2022-ci il tarixdə vəfat etmiş Qaragözov Nizami Qaragöz oğlunun vərəsəsi arvadı Cavabdeh2, oğlu Cavabdeh1dur, onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,4 kv/m, yaşayış sahəsi 83,4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evinin mərhum Qaragözov Nizami Qaragöz oğluna məxsus olan “A” tikilisi 3 otaq 83.4 kv.m ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (1133.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Qaragözov Nizami Qaragöz oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, nəzərə alaraq ki, Qaragözov Nizami Qaragöz oğlu vəfat etmişdir və onun qanun üzrə vərəsələri olan arvadı Cavabdeh2, oğlu Cavabdeh1 ondan qalan miras əmlakı qəbul etmişdirlər, həmin vərəsələr kreditor qarşısında vəfat edən borclunun öhdəliyini icra etməli olduğu üçün, "xxxx" ASC ilə Qaragözov Nizami Qaragöz oğlu arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, BPM**********68 nömrəli nağd kredit müqaviləsi üzrə 1962,30 manat borcu, Tam kart krediti ilə əlaqədar 299,62 manat əsas, vəfat etdiyi tarixə 2,39 manat faiz borcu olmaqla ümumilikdə 2264,31 manat borc cavabdehlər Cavabdeh2, Cavabdeh1 tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 iyun 2022-ci il tarixli, BPM**********68 nömrəli nağd kredit müqaviləsi üzrə 1962,30 manat borcu, Tam kart krediti ilə əlaqədar 299,62 manat əsas, 2,39 manat faiz borcu olmaqla ümumilikdə 2264,31 manat borc və 42,65 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar