Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1372/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 oktyabr 2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 154 manat sabit məbləğdə alimentin tutularaq mənə ödənilməsi” barədə Binəqədi rayon məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)-846/2019 № li qətnaməsi dəyişdirilməli və mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehə göndərildiyi 29.10.2021-ci il tarixindən hesablanaraq 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq mənə verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 09.03.2013-cü il tarixində Cavabdeh ilə nikaha daxil olmuşdur, həmin nikahdan 19 aprel 2014-cü il tarixində Tahir adlı bir oğulları olmuşdur, aralarında olan problemlərlə əlaqədar olaraq Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)-846/2019 № li qətnaməsi ilə nikah pozulmuş və 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 oktyabr 2018ci il tarixindən başlayaraq hər ay Cavabdeh 154 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, nikah pozulan vaxt cavabdehin qazancı və digər gəlirləri ilə bağlı sübut təqdim edə bilmədiyindən iddiaçı sabit məbləğdə aliment tələb etmək məcburiyyətində qalmışdır, hazırda cavabdehin qazancı və digər gəlirləri ilə bağlı sübut əldə etmişdir, belə ki, cavabdehin kifayət qədər yüksək məbləğdə qazancı olsa da, qəsdən bilə-bilə birgə nikahdan olan Tahirin saxlanılması üçün aliment ödəməkdən yayınır, könüllü olaraq uşağın saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş miqdarda aliment vermək niyyətində deyil, buna görə də iddiaçı, aliment məbləğinin artırılmasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini, 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulmasına razıdır, lakin alimentin hansı vaxtdan tutulması hissəsini qəbul etmir. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 12.11.2011-ci il tarixdə verilmiş AZ-İİ 780508 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 23.10.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X6r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 13.03.2007-ci il tarixdə verilmiş AZ-İ 910202 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 16.01.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X6r. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14.04.2015-ci il tarixdə verilmiş AZ-İİİ 520105 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 19.04.2014-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X1r. İş materiallarında olan AZ-İ seriyalı 333954 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X9 arasındakı nikaha 20.12.2012-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 354090 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 arasındakı nikaha 15.07.2019-cu il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 02.08.2019-cu il tarixdə 349 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)-846/2019 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və X3 arasında olan 304 № ilə qeydə alınmış nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 oktyabr 2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 154 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya ödənilməsi, aliment məbləğinin 02.10.2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, Cavabdeh 01.07.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" QSC-də işləyir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Vəkil ünvanlanmış 17.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 5012 manatdır, onun əmək haqqından məcburi dövlət sosial sığorta ödənişləri və qanunvericiliklə nəzərdə tutulmuş digər məcburi ödənişlər tutulduqdan sonra 4499,74 manat əmək haqqı alır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 19 aprel 2014-cü il təvəllüdlü X2 anası, cavabdeh isə atasıdır, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)-846/2019 saylı Qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın yanında saxlanmışdır, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən ödənilən hər ay 154 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)- 846/2019 saylı Qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, iddia tələbinin alimentin miqdarı hissəsində cavabdeh tərəfindən qəbul edilməsini, həmçinin cavabdehin himayəsində başqa 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ondan iddiaçı ilə birgə nikahından olan 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)-849/2019 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment alınması üzrə iddialarda iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, 50 manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə, mediasiya ilə bağlı ödənilmiş 50 manat isə ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli 2(001)-846/2019 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh uşağa görə hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1372/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1372/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver