Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1398/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 056A********** ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 762.06 manat ödəniş etmiş və оnun iddiaçıya 13237.94 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 250 gün üçün hesablanmış faiz borcu 1918.82 manat təşkil edir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 250 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 661.89 manat təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 467-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13237.94 manat məbləğində kredit bоrcu, 1918.82 manat məbləğində faiz bоrcu və 661.89 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 15818 manat 65 qəpik məbləğində bоrcun və ödənilmiş 137.46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı QSC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 056A********** nömrəli 13 iyul 2022ci il tarixli ərizəsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə, aylıq 20% dərəcəsi ilə 14000 manat kredit verilmişdir. İş materialında olan İddiaçı QSC-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 056A********** nömrəli 13 iyul 2022-ci il tarixli kredir razılaşması üzrə 13237,94 manat məbləğində kredit borcu, 1918,82 manat məbləğində faiz borcu və 661,89 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15818,65 manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC-nin cavabdehə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 056A********** nömrəli 13 iyul 2022-ci il tarixli kredit razılaşması üzrə 13237,94 manat əsas borc, 1918,82 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehdən 66 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə mülki işin materiallarında olan sübutları nəzərə alaraq və yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh kredit razılaşması üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu iş materialları ilə təsdiqini tapdığından, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 056A********** nömrəli 13 iyul 2022-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh 13237,94 manat əsas borc, 1918,82 manat faiz borcu və 66 manat cərimə borcu olmaqla, cəmi 15222,76 manat tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 056A********** nömrəli 13 iyul 2022-ci il tarixli kredit razılaşması üzrə 13237,94 manat əsas borc, 1918,82 manat faiz borcu və 66 manat cərimə borcu olmaqla, cəmi 15222,76 manat manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 137,46 manat dövlət rüsumunun 96 %, yəni 131,96 manat Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin, qalan 4 %, yəni 5,50 manat İddiaçı QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1398/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1398/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver