Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-140/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində saat 12:00 radələrində ona məxsus “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu qəsəbəsi şəhər şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağda olan ikinci dərəcəli yoldan baş yola çıxan “Hyundai HD78 Yük” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili qəflətən onun yoluna çıxdığından avtomobillər toqquşmuşdur. Hadisə ilə bağlı Sabunçu RPİ-nin X8 Şöbəsi tərəfindən araşdırılma aparılmış, hadisənin xüsusatları təhlil edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh MMC-yə məxsus olan yük avtomobilinin sürücüsü X6 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkardır və onun barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin nəticəsi olaraq X6 İXM-nin 327.1-ci maddəsi il təqsirli bilinərək cərimələnmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan Patrol” markalı avtomobil ciddi zədələnmişdir. Ümumilikdə avtomobilə dəyən ziyan və ziyanın aradan qaldırılması üçün çəkilən xərclər 31900 manat olmuşdur. X3 qəsdən törətdiyi xəta nəticəsində dəymiş zərərin onun tərəfindən könüllü ödənilməsi tələb olunsa da, cavabdeh zərərin əvəzini ödəyə bilməyəcəyini və şirkətdə sürücü kimi aşağı maaş aldığını bildirmişdir. İddiaçı məxsus olan avtomobil tam sığortalandığından ona "xxxx" ASC tərəfindən 7900 manat hesablanaraq sığorta ödənişi ödənilmişdir. Avtomobilin təmir edilməsinə xərclənən vəsait ümumilikdə 31900 manat olduğundan qalan 23900 manat vəsaitin ödənilməsi üçün X4 müraciət edilmiş, lakin o, hər hansı vəsaitin ödənilməsini təmin edə bilməyəcəyini bildirmişdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılaraq onların işçisi olan Ağayar Qarayevin idarə etdiyi yük maşını ilə qəsdən xəta törəldiyi və nəticədə İddiaçı məxsus olan avtomobilə ciddi zərər dəyildiyi üçün zərərin əvəzinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi məsələdən xəbərdar olduqlarını müdiriyyətin iddiaçı ilə əlaqə saxlayacağını bildirsə də, hal-hazıradək bu məsələ ilə bağlı şirkətin müdiriyyəti əlaqə saxlamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən işçinin vurduğu zərərin əvəzinin ödənilməsi məhz işəgötürənin öhdəliyi olduğunu bilsələr də, Cavabdeh MMC zərərin əvəzinin ödənilməsindən boyun qaçırmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-dən vurulmuş zərərin əvəzi olaraq 23900 manat pul vəsaitinin, həmçinin 162 manat ödənilmiş məhkəmə rüsumunun, ümumilikdə 24062 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının sığortası tam sığortadır, lakin təqdim olunmuş sənədlərdən sığortanın natamam oluğu görünür. "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, 2272.82 manat sığorta ödənişi alınıb. İddiaçı tərəfin bu məbləği alıb-almaması maraq kəsb edir. Ziyanın qiymətləndirilməsi ilə bağlı isə fərqli rəqəmlər mövcuddur. İlkin qiymətləndirmə 15323 manat qiymət müəyyən edilib və iddiaçı tərəf bununla razılaşıb. Deməli həmin məbləği alıblar. Razılaşmasa idilər mübahisələndirə bilərdilər, lakin mülki işin materiallarında mübahisələndirmə ilə bağlı heç bir sənəd yoxdur. Bu səbəbdən ilkin qiymətləndirilmə mötəbər sübut hesab edilməli, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunan rəy sübutlar siyahısından çıxarılmalıdır. Digər tərəfdən Cavabdeh MMC kənd məhsulları istehsalı ilə məşğuldur və aşağı məbləğ təklif etmişdir. Ümumilikdə isə Cavabdeh MMC cavabdeh qismində iştirak etməməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, 23 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi Hundai markalı yük avtomobili Sabunçu qəsəbəsi şəhər şossesində ikinci dərəcəli yoldan baş yola çıxarkən soldan baş yoldan yaxınlaşmaqda olan Nissan markalı avtomobili görməmiş və bu səbəblə hadisə baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamış və spirtli içki qəbul etməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 27013 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2022-ci il tarixli, MB 15/0760 №-li qiymətləndirmə hesabatından görünür ki, “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcinin bazar dəyəri 31800 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 7900 manat məbləğində sığorta ödənişi İddiaçı edilmişdir. İş materiallarında olan 021896 nömrəli Yük avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən X4 “Hyundai HD78 Yük” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş AZ/MİA/21/0028 saylı şəhadətnamənin surətindən görünür ki, dəyəri 60000 manat olan “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8000 manat sığorta məbləği müəyyən edilməklə natamam kasko növündə sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək natamam kasko növündə sığortalanmışdır, müəyyən edilmiş zərərin məbləği 15323 manat, hesablanmış sığorta ödənişi 7900 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 9/7666 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı və FNC (Nurgün) motors MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Nissan Patrol” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 27013 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh MMC-də sürücü vəzifəsinə çalışan X6 yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai HD78 Yük” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 23 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində Sabunçu qəsəbəsi şəhər şossesi yolunda ikinci dərəcəli yoldan baş yola çıxarkən “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 27013 manat məbləğində, Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2022-ci il tarixli, MB 15/0760 №-li qiymətləndirmə hesabatı ilə “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcinin bazar dəyəri 31800 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 9/7666 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı və FNC (Nurgün) motors MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Nissan Patrol” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 27013 manat müəyyən edilmişdir. Bununla yanaşı təsdiq edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş AZ/MİA/21/0028 saylı şəhadətnaməyə əsasən dəyəri 60000 manat olan “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8000 manat sığorta məbləği müəyyən edilməklə natamam kasko növündə sığortalanmışdır. Bu məbləğ nəzərə alınaraq iddiaçıya sığortaçı tərəfindən 7900 manat sığorta ödənişi ödənilmişdir. Yəni iddiaçıya dəyən real zərər 27013 manat olduğu halda, həmin zərərlə bağlı ona cəmi 7900 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, “Nissan Patrol” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə 27013 manat məbləğində ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, eləcə də zərər vuran şəxs X3 vurduğu zərərə görə nəqliyyat vasitəsinin qanuni sahibi olan Cavabdeh MMC məsuliyyət daşıdığından, iddiaçının xeyrinə cavabdehdən 19113 manat (27013 manat-7900 manat=19113 manat) pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 19113 (on doqquz min yüz on üç) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %, yəni 81 (səksən bir) manat Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 81 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh MMC-dən, qalan 50%, yəni 50 manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-140/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-140/2023
27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver