Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1432/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2019-cu İİ tarixli, 134NFPK kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 4188.45 manat, bundan 4080 manat əsas, 108,38 manat faiz və 0,07 manat cərimə borcu və iş üzrə ödənilmiş 62 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə 134NFPK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçıdan 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik 1% dərəcəsi ilə 4080 manat məbləğində kredit almışdır. Eyni zamanda, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh1 Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncunun öhdəliyinin tam yerinə yetirməsinə görə iddiaçı (Bank) qarşısında öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən kredit tam ödənilməmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli,134NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 3747NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 4080 manat, məbləğində kredit verilmişdir. Cavabdehə kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 14 oktyabr 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********3317 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4188.45 manat təşkil edir. Bundan 4080 manat əsas, 108,38 manat faiz və 0,07 manat cərimə borcu təşkil edir. Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehlər əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin mübahisəsiz halları ilə də müəyyən edilir ki, Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, Bank müqavilə ilə razılaşdırılmış pulu cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə vermişdir. Bank ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Lakin Cavabdeh2 kredit müqaviləsi üzrə öhədəliyini pozaraq müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun ödəniş etməməklə öhdəliyini pozmuşdur. Məhkəmə müqavilənin ləğvi ilə bağlı iddia tələbi ilə bağlı qeyd edir ki, müqavilənin ləğv edilməsi şərtləri Mülki Məcəllənin 421 və 422-ci maddələrində göstərilmişdir. Həmin müddəalara əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1ci maddə). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2-ci maddə). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (422.1-ci maddə). Sadalanan müddəalara görə, müqavilənin ləğvi üçün üç şərt tələb edilir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşmasıdır. Hazırki mübahisə üzrə bu hal, yəni tərəflərin razılaşması yoxdur. İkinci şərt, müqavilənin bir tərəfin tələbi ilə pozulması ilə bağlıdır. Bu zaman müqavilənin ləğvini tələb edən tərəf sübut etməlidir ki, müqaviləni digər tərəf əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. İkinci şərtin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişin ödənilməsi müəyyən edilməsinə baxmayaraq, hesabdan çıxarış məlumatlarından məlum olur ki, Cavabdeh2 ödənişləri qrafikə uyğun icra etməmişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfin kredit ödənişlərinin qrafikə uyğun və vaxtında, sonradan isə ümumiyyətlə edilməməsi nəticəsində iddiaçı maddi zərər çəkmişdir. Müqavilənin ləğv edilməsinin üçüncü şərti isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin bağlanması zamanı tərəflər arasında mövcud olmuş şəraitin, (hansı ki, müqavilənin icrası şərtləri həmin şəraitə uyğunlaşdırılmışdır) sonradan müqavilənin icrası zamanı dəyişməsini nəzərdə tutur ki, bu dəyişmə nəticəsində müqavilənin icrası ya mümkün olmur, ya da xeyli dərəcədə çətinləşmiş olsun. Şəraitin əməmiyyətli dərəcədə dəyişməsini şərtləndirən hallar birbaşa müqavilənin bağlanmasına təsir göstərən amillərdir. Ona görə də, qanun müəyyən edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal mövcud deyildir. Məhkəmə həm də hesab edir ki, müqavilənin ləğvi qaydasına da iddiaçı tərəfindən əməl edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı cavabdehlərə xəbərdarlıq (pretenziya) göndərmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsi müəyyən edir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, şərh edilənlərdən də görünür ki, Cavabdeh2 kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan və müqavilənin ləğvi qaydasına qanunla müəyyən edilmiş qaydada əməl edildiyindən iddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğvini iddia etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış pul məbləğini Cavabdeh2 vermiş, lakin cavabdeh aldığı pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya qaytarmamaqla öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, həmin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh1 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh2 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, Cavabdeh1 digər Cavabdeh2la bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia tələbi 0,07 manat məbləğində cərimənin tələb edilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin, iddianın 62 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış və bununla da dövlət rüsumu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 134NFPK saylı kredit müqaviləsi ləğv edilməklə, 4080 manat əsas borc, 108,38 manat faiz borcu, 0,07 manat cərimə borcu olmaqla, cəmi 4188,45 manat pul və 62 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-1432/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1432/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver