Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1458/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2021-ci il tarixli müqavilə üzrə, Enya EY362-DRW, telefon SF2 HP (GN ReSound) markalı cihaz üçün 941 manat əsas borc, 94 maant cərimə olmaqla, ümumilikdə 1.035 manat borcun və 30.35 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 26 iyul 2021ci il tarixli müqaviləyə əsasən, cavabdeh Enya EY362-DRW, telefon SF2 HP (GN ReSound) markalı cihaz almış və nəticədə 1.035 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1.330 manat olan İ Enya EY362-DRW, telefon SF2 HP (GN ReSound) markalı cihaz üçün ümumilikdə 1.035 manat olmaqla, ondan 941 manat əsas borc, 94 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 389 manat təşkil edir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək ümumilikdə 1.035 manat borc, 30.35 manat ödənilmiş dövlət rüsumu və 190 manat vəkil xərclərinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, verdiyi izahatda bildirmişdir ki, cavabdehin aldığı cihaz ona verilərkən tam saz vəziyyətdə olmuşdur. Cavabdeh 5-6 ay mütəmadi ödənişlər etmişdir. Əgər cihaz qüsurlu olsaydı, cavabdehin ödənişlər etməsi ağlabatan deyil. Cihaz mexaniki zədə almışdır, cihazdakı nasazlıq istehsal qüsuru olmamışdır. İstehsal qüsuru tez bir vaxtda özünü biruzə verir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan aldığı eşitmə cihazı qüsurlu olmuşdur, belə ki, ilk vaxtlar cihaz işlək vəziyyətdə olmuş, sonradan cihazda səs problemi yaranmışdır. O, bununla bağlı iddiaçıya müraciət etdikdə bildirilmişdir ki, 300 manat ödəməklə təmir edə bilərlər. Cavabdeh həmin məbləği hissə-hissə ödəyə biləcəyini dedikdə bununla razılaşmadıqlarına görə cavabdeh aldığı eşitmə cihazını qaytarmışdır. Həmin vaxta qədər ödənişləri vaxtında etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 26 iyul 2021-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş eşitmə cihazını cavabdehə vermiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və tam və vaxtında ödəniş etməmişdir. Cavabdeh cihazın qüsurlu olduğunu əsas gətirərək onu iddiaıya qaytarmış, qalan ödənişləri etməmişdir. Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə ödənilməmiş pulu tələb edir. Cavabdeh cihazın qüsurlu olduğunu əsas gətirərək iddianı qəbul etməmiş, məhkəmə də bu halı araşdırmaq üçün iş üzrə ekspertiza təyin etmiş, Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli məktubuna əsasən iş materialları rəy verilməsi mümkün olmadığından geri qaytarılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 576-cı maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş eşitmə cihazı cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh lazımi keyfiyyətdə məhsulun ona təhvil verilməməsinə istinad etsə də, bu halı təsdiq edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Tərəfin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, o, həmin cihazı qardaşı üçün almışdır və müəyyən müddət cihazdan istifadə edilmişdir. Bu müddət ərzində cihaz bir dəfə xarab olmuş, həmin nasazlıq qarantiya vasitəsilə aradan qaldırılmışdır. Daha sonra iş mateiallarından görünür ki, cihazla düzgün davranılmaması nəticəsində cihaz zədə görmüşdür. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə cihazın qüsurlu olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində bu sahədə mütəxəssisin olmadığı göstərilmişdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, alğı-satqı premetinin qüsurlu olması ilə bağlı halları sübuta yetirmək olmur, iddiaçının verdiyi iddia ərizəsi əsaslı sayılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 190 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığından görünür ki, 12 aprel 2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 190 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi də təmin edildiyindən xidmət haqqı olaraq ödənilmiş 190 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30.35 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 26 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, 1.035 (bir min otuz beş) manat əsas borc, 190 (bir yüz doxsan) manat cərimə olmaqla, cəmi 1.225 (bir min iki yüz iyirmi beş) manat pul vəsaiti və 30.35 (otuz manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1458/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1458/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver