Məhkəmə qərarları › İş №e-2(011)-1459/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1459/2022

06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1459/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC (K@TV1)-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC (K@TV1)-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1)-si Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 066 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015ci il, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 küçəsi 4, inzibati bina ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC “K@TV1” Kabel Televiziyası xidmətlərinin göstərilməsinə analoq yayımı ilə xx.xx.2011-ci il tarixindən başlamışdır. xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütaxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmiş, bu barədə 0256 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0256 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Həmin ünvana 20 avqust 2015-ci il və 24 noyabr 2015-ci il tarixdə keçirilən qrafikdən kənar nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 4147 N və 4593 N saylı akt tərtib edilmişdir. (mənzil sahibi aktı imzalamaqdan imtina etmişdir) Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi xx.xx.2013-cü il tarixdən ilk dəfə təkrar qanunsuz qoşulma barədə 0256 N saylı akt tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 156 gün , 4147 N saylı akt tərtib olunanadək son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən sonuncu təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixədək olan müddət 153 gün olmaqla cəmi 309 gün təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 373.1, 560.3.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 92 manat 70 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 273 manat 10 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (K@TV1) tərəfindən xidmətlərinin göstərilməsindən görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Xətai rayonu Telnov (ünvan 2 ünvanında “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə xx.xx.2011-ci il tarixindən başlamışdır. İş materiallarında olan İddiaçı MMC (K@TV1) tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında sonuncu dəfə xx.xx.2015-ci il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli 4147 N və 4593 N saylı Aktlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2, fərdi yaşayış evinin sakini tərəfindən “K@TV1” kabel şəbəkəsinə müvafiq bağlamadan qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, mənzil sakini aktları imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının «Telekommunikasiya» haqqında Qanunun 35-ci maddəsinin tələbinə görə, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsin əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh mülkiyyətində olduğu Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 saylı fərdi yaşayış evindən İddiaçı MMC-yə məxsus kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmiş və İddiaçı MMC-nin əməkdaşları tərəfindən qanunsuz qoşulmanın aşkar olunmasına dair akt tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 92 manat 70 qəpik abunə haqqı qismində vurulmuş zərərin ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkilən xərclərə görə iddiaçı tərəfindən tələb olunan 150 manat məbləğ ağlabatan məbləğ olmadığından, cavabdehdən həmin xərclərə görə 30 manat məbləğinin tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Digər məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 92 manat 70 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 122 manat 70 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC (K@TV1)-yə ödənilsin. İddia qismən təmin edildiyindən, İddiaçı MMC (K@TV1) tərəfindən ödənilmiş 30.40 manatın 50%-i, yəni 15.20 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50%-i, yəni 15.20 manat iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar