Məhkəmə qərarları › İş №e-2(011)-1473/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1473/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1473/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə 757.59 manat məbləğində kredit bоrcu, 26.79 manat məbləğində faiz bоrcu və 711.73 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1496 (min dörd yüz doxsan altı) manat 11 (on bir) qəpik məbləğində bоrcun və ödənilmiş 34.96 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 757.59 (yeddi yüz əlli yeddi) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 757.59 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1402 gün üçün hesablanmış faiz borcu 26.79 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1402 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 711.73 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini, 757,59 manat əsas, 26,97 manat məbləğində faiz məbləğində İddiaçı QSC -yə borcun olduğunu etiraf etmiş, iddia tələbini cərimə hissəsində qəbul etmədiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdeh, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 061A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya bank tərəfindən restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1% olmaqla, 60 ay müddətinə 757,59 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə “Ödəniş planı”ndan görünür ki, Cavabdeh verilən kreditin məbləği 757,59 manat, aylıq faiz dərəcəsi 0,0833%-dir. İş materiallarında olan Cavabdeh hesabdan çıxarışından görünür ki, onun hesabına xx.xx.2019-cu il tarixdə 757,59 manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayış”ından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə borcu 757,59 manat əsas məbləğ üzrə borc, 26,79 manat faiz üzrə borc, 711,23 manat cərimə borcu, gecikdirilən günlərin sayı 1402 gün, cəmi 1496,11 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə eyni tarixli xəbərdarlıq məktubu göndərilməklə, kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,96 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə X3 arasında xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh bank tərəfindən restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1% olmaqla, 60 ay müddətinə 757,59 manat kredit verilmişdir, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddia tələbini qismən (əsas borc və faiz hissədə) qəbul edir. Bununla belə, borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, əsas və faiz borc məbləğinə münasibətdə cavabdehin iddia tələbini həmin hissədə qəbul etdiyini nəzərə alaraq borc üzrə 757,59 manat əsas məbləğ üzrə borc, 26,79 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin isə 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 757,59 manat əsas məbləğ üzrə borc, 26,79 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1003,62 manat alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin həcmi (834,38 manat) nəzərə alınmaqla, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X1 xx.xx.2019-cu il tarixli 061A********** saylı müqavilə üzrə əsas borc məbləği kimi 757,59 manat əsas məbləğ üzrə borc, 26,79 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 834 (səkkiz yüz otuz dörd) manat 38 otuz səkkiz) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar