Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1497/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 18.440,55 manat pul məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, onunla LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədənkənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin tərəflər məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: BARİŞİQ SAZİŞİ Bakı şəhəri xx.xx.2024-cü il Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X4 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh2 (ş/v: AA*******, etibarlıdır: xx.xx.2029) (bundan sonra “Cavabdeh” adlanacaq), İddiaçı və Cavabdeh (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş əsasında yaranmış borc məbləğinin Cavabdehdən tutulması tələbinə dair mübahisə. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 10.274,63 (on min iki yüz yetmiş dörd dollar, 63 sent) ABŞ dolları əsas, 3.488,45 (üç min dörd yüz səksən səkkiz dollar, 45 sent) ABŞ dolları faiz, 3.418,08 (üç min dörd yüz on səkkiz dollar, 08 sent) ABŞ dolları köçürülmüş faiz borcu, 508,64 (beş yüz səkkiz dollar, 64 sent) ABŞ dolları cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 2000 (iki min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra 14.000 (on dörd min) manat məbləğində borcun 18 (on səkkiz) ay müddətinə, yəni 2024-cü ilin mart ayından başlayaraq, hər ay 777,77 (yeddi yüz yetmiş yeddi manat, 77 qəpik) manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 18 (on səkkiz) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X3 hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Yekun müddəalar 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Məhkəməyə müraciət edilməsi üçün iddiaçı LPO İddiaçı ASC tərəfindən “Hökumət ödəniş portalı” vasitəsilə (qəbz: **********) ödənilmiş 184,05 (bir yüz səksən dörd manat beş qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva