Məhkəmə qərarları › İş №e-2(011)-154/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-154/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-154/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ASC (Bundan sonra Bank) ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 70007768 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 28% olmaq şərtilə, 9000 ABŞ dolları məbləğində kredit verilmişdir və xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 372,36 manat (sonuncu ay 372,18 manat) müəyyən edilmişdir.

2. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə 1 saylı Əlavə saziş imzalanmış, sazişə əsasən Cavabdeh1nin qalıq borcu 7316,42 ABŞ dolları, kreditin müddəti isə 52 ay (xx.xx.2019-cu il tarixədək), aylıq ödəniş 244,37 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə 2 saylı Əlavə saziş imzalanmış, bu Sazişə əsasən cavabdehin qalıq kredit borcu konvertasiya (1 USD = 1,4 AZN) edilərək 11702,39 manat, (sazişə görə kredit qalığı - 8321,29 manat əsas, 3058,64 manat faiz borcu, 322,46 manat cərimə olmaqla), ödəniş müddəti 48 ay (xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək), faiz dərəcəsi 20%, aylıq ödəniş isə 253,22 manat müəyyən edilmişdir. İkinci Əlavə sazişə görə kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.

3. Eləcə də, Bank ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 70007768/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. Daha sonra, Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsinə dair iki Əlavə saziş bağlanmış, 14.05.2-15-ci il tarixli birinci Sazişə əsasən zaminliklə təminat verilən öhdəlik 7316,42 ABŞ dolları, müqavilənin müddəti isə xx.xx.2019-cu ilədək, xx.xx.2017-ci il tarixli ikinci Sazişə görə zaminliklə təminat verilən öhdəlik 11702,39 manat,müqavilənin müddəti isə xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 3861,31 manat əsas, 4547,53 manat faiz, 4939,60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 563,22 manat faiz borcu və iş üzrə ödənilmiş 131,74 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmir Bank” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, LPO İddiaçı ASC Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 70007766 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 28% olmaqla 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 70007766/ZM nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditora olan qalıq borcu 7316.42 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə sazişlərə əsasən kredit Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği konvertasiya edilmiş (1 USD=1.40AZN) 11702.39 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 20 % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********740 saylı xx.xx.2024cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlərin vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizədə qeyd etmişdir ki, Bank ilə cavabdehlə arasında 36 ay müddətinə 9000 ABŞ dolları məbləğində xx.xx.2014-cü il tarixli, 70007766 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən, 7316 ABŞ dolları qalıq borc hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən, kredit restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği konvertasiya edilmiş 11702.39 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 20% ödənilir. Əlavə Sazişə əsasən, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 70007768 nömrəli Zaminlik müqaviləsinin 5.1.4-cü maddəsinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Odur ki, xx.xx.2022-ci il tarixindən etibarən zaminliyə xitam verilmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehlərin vəkili və nümayədəsi məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək bildirdi ki, zaminə qarşı iddia irəli sürmək üçün iddia müddəti artıq keçmişdir. Digər bir tərəfdən isə Bank tərəfindən hesablanmış faiz və cərimə borcunun məbləği həddindən artıq şişirdilmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

15. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

16. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 70007768 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan tərəfər arasında bağlanmış 754 saylı Əlavə Sazişlə cavabdehin əsas qalıq krediti 2588,28 ABŞ dolları, faiz borcu 428,59 ABŞ dolları, 6,59 ABŞ dolları müəyyən edilməklə, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən, kredit restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği konvertasiya edilmiş 11702.39 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır

24. Lakin Cavabdeh1 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir.

25. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

26. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

27. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

28. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış pulun və faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2024-cü il tarixli, 9/6561 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-cü il tarixə cavabdehin iddiaçıya 3731,11 manat məbləğində əsas borcu, 3938,04 manat məbləğində faiz borcu və 532,20 manat məbləğində beş faiz borcu vardır.

29. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında izahatında ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

30. Məhkəmənin qənaətinə görə, iddia tələbi 4939,60 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

31. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 4939,60 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 300 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

32. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi zaminə münasibətdə də təmin edilə bilməz.

33. Mülki məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddəyə əsasən zaminliyə digər əsaslarla bərabər zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

34. Bankla zamin Cavabdeh2 ilə arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.

35. Bankla Cavabdeh2la arasında bağlanmış kredit müqaviləsinə sonuncu dəfə imzalanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdək uzadılmışdır. Başqa sözlə, borclu Cavabdeh2 Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icra müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, qeyd edilən qanunverilik normasına əsasən əsas öhdəliyin icra müddəti müəyyənləşdirilmiş müqavilələr üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. İddiaçı isə hazırki mübahisə üzrə zamin Cavabdeh2 qarşı iddianı xx.xx.2022-ci ilə qədər irəli sürə biləcəyi halda, xx.xx.2024-cü il tarixdə həm əsas borcluya, həm də zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zaminə qarşı iddia irəli sürmək hüququndan qanunda göstərilən müddət ərzində istifadə etməmişdir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi zamin Cavabdeh2 aid hissədə təmin edilə bilməz.

36. Məhkəmə hesab edir ki, 131,74 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 59%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 3731,11 manat məbləğində əsas borc, 3938,04 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 532,20 manat faiz borcu və ödənilmiş 77,73 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 54,01 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə, habelə Cavabdeh2 aid hissədə təmin edilməsin. Ekspertiza xərcinin 59 manat hissəsi ləğv prosesində olan Cavabdeh1 41 manat hissəsi isə İddiaçı ASC-dən, tutularaq tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar