Məhkəmə qərarları › İş №e-2(011)-1549/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1549/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1549/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı Bank “Unibank“KB ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 1654.19 manat əsas, 290.51 manat faiz, 261.33 manat cərimə borcu olmaqla, cəmi 2206.03 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 42.07 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 dekabr 2023 tarixinə "xxxx" KB ASC-yə 1654,19 manat əsas, 290,51 manat faiz, 261,33 manat cərimə borcu olmaqla, cəmi 2206,03 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iclasında iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasın cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli Əsas və Əlavə Kredit müqavilələrinə əsasən borclu Cavabdeh4 istehlak məqsədləri üçün 18 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqaviləsinə əsasən zamin olaraq, kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti bütünlüklə öz üzərlərinə götürüblər. İddiaçı tərəfindən təqdim edilmiş 11 dekabr 2023-cü il tarixli arayışa əsasən Cavabdeh4 11 dekabr 2023-cü il tarixinə əsas borca görə 1654.19 manat, faiz borcuna görə 290.51 manat,cərimə borcuna görə 261.33 manat, komisyon haqqı 0.00 manat, cəmi 2206.03 manat borcu yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh4 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığına görə azaldılmalı və 115 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu kredit müqaviləsi üzrə öhdəliyin icrasına zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Odur ki, iddia onlara münasibətdə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin 42.07 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı Cavabdeh4 oğlundan alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit nüqaviləsi üzrə əsas borca görə 1654.19 (bir min altı yüz əlli dörd manat on doqquz qəpik) manat əsas, faiz borcuna görə 290.51 (iki yüz doxsan manat əlli bir qəpik) manat faiz, cərimə borcuna görə 115 (yüz on beş manat) manat olmaqla, cəmi 2059.7 (iki min əlli doqquz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.07 (qırx iki manat, yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar